İşi araşdıran hakim və prokurorların fəaliyyətinə qadağa qoyuldu
«Yazıqlar olsun, “yuxarıdan” gələn sifarişlə qərar qəbul etdilər»
2013-cü ilin dekabrında Türkiyədə həyata keçirilən «böyük rüşvət əməliyyatı»nı araşdıran hakim və prokurorlarla bağlı şok qərar qəbul olunub. Hakimlər və Prokurorlar Ali Şurasının qərarı ilə Zəkəriyə Öz, Cəlal Kara, Müəmmər Akkaş və Mehmet Yüzgeçin prokuror, hakim Süleyman Karaçölün isə hakim kimi fəaliyyət göstərməsinə qadağa qoyulub.
Şuranın qərarına ilk reaksiya prokuror Zəkəriyyə Özdən gəlib. Qərarı siyasi sifariş adlandıran Z.Öz Şuranın səlahiyyətlərinə qarşı qəsb həyata keçirdiyini bildirib: «Şura Konstitusiyanı və qanunları çeynəyərək müdafiə olunmağımıza belə, imkan yaratmadan, “yuxarıdan” gələn göstəriş əsasında bu qərarı çıxarıb. Asılı vəziyyətdə olan Şuraya yazıqlar olsun!».
Qeyd edək ki, adıçəkilən şəxslər Türkiyədə böyük səs-küy yaradan rüşvət əməliyyatının araşdırmasında tərəfsizlikləri və prinsipiallıqları ilə fərqlənirdilər. Həmin vaxt onlar məhz bu səbəbdən işin araşdırılmasından kənarlaşdırılmışdılar. Məsələn, prokuror Akkaş «rüşvət əməliyyatı» çərçivəsində «ikinci həbs dalğasına» qərar vermiş və o vaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanı da istintaqa dəvət etmişdi.
Vaxtilə məşhur «Ergenekon işini» də araşdıran və obyektivliyi ilə tanınan Zəkəriyyə Öz isə həmin vaxt həbs edilən nazir övladlarının ilkin ifadələrini dəyişdirilməsinə qarşı çıxmış, gecə saatlarında onların
saxlanıldığı polis idarəsinə gedərək buna mane olmuşdu. İddialara görə, nazir övladlarını məsuliyyətdən azad etmək üçün onların ilkin ifadələrini dəyişmək istəyirdilər.
Müəmmər Akkaşa gəlincə, o, istintaq sirrini yaymaq ittihamı ilə «rüşvət əməliyyatı»nın araşdırılmasından uzaqlaşdırılandan sonra İstanbul valisi Hüseyn Avni Mutluya, şəhərin polis rəisi Selami Altınoka, polis idarəsinin şöbə müdirinə və bir neçə ədliyyə əməkdaşına qarşı iddia qaldırmışdı. Prokuror bildirmişdi ki, rüşvət əməliyyatını araşdırarkən bu şəxslər məhkəmənin çıxardığı axtarış aparma, müsadirə etmə və saxlanılma qərarlarını icra etməkdən boyun qaçırıblar.
Bütün bunlardan sonra Z.Öz, M.Akkaş və C.Kara İstanbul Cümhüriyyət Prokurorluğundan çıxarılaraq əyalət prokurorluğuna göndərilmiş, sonradan oradan da uzaqlaşdırılmışdılar. Hakim Karaçöl də İstanbul Məhkəməsindən Kütahya Prokurorluğuna göndərilmiş, sonra oradan da çıxarılmışdı.
Qeyd edək ki, «rüşvət dosyesi»ndə Türkiyənin 4 nazirinin, onların övladlarının və AKP hökumətinə yaxın xeyli sayda iş adamının adı keçirdi.
Bir müddət əvvəl prokurorlar Cəlal Kara və Mümmər Akkaş vəzifədən sui-istifadə etməkdə, hakim Süleyman Karaçöl isə vəzifəsini yerinə yetirməməkdə ittiham olunuraq barələrində məhkəmə iddiası da qaldırılıb. Bakırköy Prokurorluğunun təqdim etdiyi iddianı Bakırköy Cümhüriyyət Məhkəməsi araşdırajaq. Artıq məhkəmə iddianı ijraata qəbul edib. Prokurorluq hakimə 2, prokurorların isə hər birinə 3 il həbs cəzası istəyir.
Gültəkin