Azərbaycanda hüquq sisteminin bərbad vəziyyətdə olduğu, hakimlərin sifarişlə hökm çıxardığı, insanların şərlənərək həbs olunması faktdır. Xüsusilə siyasi xarakterli həbslərdə o qədər aydın şəkildə qanunsuzluq edilir ki, sözlə ifadə etməyə çətinlik çəkirsən. Bugün həbsdə olan 100-ə yaxın siyasi məhbusun heç birinin cinayəti sübuta yetirilməyib. Əksinə, bu adamların günahsızlığı, şərləndiyi, sifarişlə həbs olunduğu sübuta yetirilib.
Azərbaycan hakimiyyəti öz tənqidçilərinə qarşı ən iyrənc və primitiv üsullarla mübarizə aparır. Bütün siyasi xarakterli məhkəmələrin taleyi əvvəlcədən məlum olur. Sutkalıq həbs olunanlar “polisə müqavimət”, cinayət işi açılanlar isə “vergidən yayınma”, “xuliqanlıq”, “vətənə xəyanət” kimi ittihamlarla həbs olunur. Maraqlı burasıdır ki, hakimiyyət “Azərbyacanda siyasi məhbus yoxdur” desə də, sonrakı mərhələdə bunun əksini söyləyir və qanunsuzluğu etiraf edir. Məsələn, “narkotika” ittihamı ilə həbs olunmuş fəala siyasi əfv ərizəsi yazıdırlar. Yaxud, hökumətin yaratdığı “Işçi qrup” hansısa siyasi məhbusların azadlığa çıxacağının anonsunu verir. Yəni Azərbaycan hakimiyyəti faktiki olaraq şər-böhtanla məşğul olur və ölkənin ən vicdanlı insanlarına damğa vuraraq öz cinayətlərini ört-basdır etməyə çalışır.
Belə “şedevr” həbslərdən biri də hüquq müdafiəçisi Intiqam Əliyevin simasında təcəssüm etdi. Belə ki, Intiqam Əliyev dünya səviyyəsində tanınmış hüquqşünasdır və bugünə qədər Avropa Məhkəməsində 10-larla məhkəmə prosesinin qalibi olub. Intiqam Əliyev haqqı tapdananların, siyasi sifarişlə həbs olunanların, ümumiyyətlə, müxalif təbəqinin hüquqlarını müdafiə etdiyinə, hakimiyyətin qanunsuz əməllərini beynəlxalq müstəviyə çıxardığına və hər dəfə qalib gəldiyinə görə hakimiyyətin qəzəbinə gəldi və 7 il 6 ay azadlıqdan məhrum olundu.
Ən dəhəştlisi isə məhkəmənin Intiqam Əliyevlə bağlı çıxardığı hökmü əsaslandırması oldu. Hakimiyyət Intiqam müəllimin əleyhinə heç bir tutarlı dəlil tapmadığı üçün ən biabırçı, gülünc arqumentlərlə bu adamı günahlandırmağa çalışdı. Məhkəmə hökmündə o qədər gülünc ittihmalar yer alıb ki, nəinki hökmün siyasi olduğu, həm də hakimiyyətin nə qədər cılız təfəkkürə sahib olduğu aşkar görünür. Məhkəmə hökmündə deyilir ki, Intiqam Əliyev məcburi köçkünlərin hər hansı şikayətini Avropa Məhkəməsinə çıxarmayıb, başqa bölgələrdə layihələr həyata keçirsə də, cəbhə bölgəsində Resurs mərkəzlərinin yaradılması ilə bağlı layiəhlər həyata keçirməyib. Göründüyü kimi, hakimiyyət öz qanunsuzluğuna heç bir ağlabatan izahat tapmadığı üçün, absurd ittihamlara istinad etmək məcburiyyətində qalıb. Guya, hansısa məcburi köçkünün şikayətini Avropa Məhkəməsinə çıxarmamaq, yaxud cəbhə bölgəsində Resurs mərkəzi yaratmamaq cinayət imiş. Ölkənin vicdanlı bir vətəndaşını vergidən yayınma ittihamı ilə həbs edib, ardınca məhkəmə üçün ləkə sayıla biləcək tamaşalar düzəldirlər.
Əvvəla, Intiqam müəllim sadə vətəndaşların da, ona müraciət edən məcburi köçkünün də problemini həll etməyə çalışıb və əlindən əgləni əsirgəməyib. Yaxud, Azərbaycanın hansısa bölgəsində Resurs mərkəzinin yaradılmasında iştirak edibsə, bunu alqışlamaq lazımdır. Bəlkə də hakimiyyət onu şərləyərək həbs etməsəydi, digər bölgələrdə də eyni işi görəcəkdi.
Ikincisi, məcburi köçkünə qayğı göstərilməsi, hansısa rayonda vətəndaşların hüquqi baxımdan məlumatlandırılması kimi məqamlardan hakimiyyətin danışmağa haqqı yoxdur. Çünki, məcburi köçkünün ağır şəraitdə yaşaması, 15 manat “çörək pulu”na möhtac edilməsi məhz bu hakimiyyətin xidmətidir. Hüquqa gəlincə, bu hakimiyyət hüququ yarımcan edib. Intiqam Əliyev isə hakimiyyətin ölümcül vəziyyətə saldığı hüququ diriltməklə məşğul idi. Yəni bu gülünc ittihamlar belə hakimiyyətin zərərinə işləyir. Vətəndaşa verilən sosial yardımın 6 ayını mənimsəyən, müharibədə əlil olanların, şəhid olanların sığorta puluna göz dikən, Qarabağ qazisini intihara məcbur edən, məhkəmə-hüquq sistemini iyrənc formaya salan bu hakimiyyətdir. Indi öz adlarını Intiqam Əliyevə qoymaq istəyirlər.
Bütün bu ittihamların iyrənc və absurd olduğunu dərk edən hakimiyyət, bu “ittiham”ları məhkəmə hökmündən çıxardıb. Belə ki, Intiqam Əliyevin vəkilləri bugünlərdə hökmün yazılı formasını əldə ediblər və məlum olub ki, yuxarıda sadaladığımız “ittiham”lar hökmdən çıxarılıb. Yəni məhkəmə prosesi zamanı bu hallar hökmə daxil edilsə də, sonradan ixtisara salınıb.
Göründüyü kimi, hakimiyyət bu həbsin siyasi olduğunu və ittihamların quraşdırıldığını bir daha etiraf edir.
Akif