Xalq artisti, aktyor, kinorejissor, professor Ramiz Əzizbəyli uzun zamandır xəstədir, xaricdə müalicəyə ehtiyacı var. Dostları onun adından hələ ötən il rəsmi qurumlara müraciət ediblər. Ancaq hələ də səs-soraq yoxdur. Bu münasibət səhhətində ciddi problemlər yaranan, hətta danışmağa da əziyyət çəkən sənətkarı incidib. Odur ki, suallarımıza qısa, bir az ironik cavablar verdi. Onunla söhbəti olduğu kimi sizə təqdim edirik.
– Ramiz müəllim, salam.
– Əleykümə salam.
– “Azadlıq” radiosu üçün müsahibə istəyirdik sizdən.
– Danışa bilmirəm. Güclə danışıram. Allah prezidentimizə can sağlığı versin. Pensiya alıram, artıqlamasıyla, dolanıram da.
– Bəs səhhətiniz necədir?
– Yaxşıdır, şikayətim yoxdur.
– Mətbuatda yazdılar ki, müalicə üçün Almaniyaya getməlisiniz, nə yerdə qaldı?
– Getmirəm də. Aparan yoxdur.
– Kömək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə və ya Prezident Administrasiyasına müraciət etmisinizmi?
– Yox. Mənim yerimə müraciət edin də. Sənətimi qiymətləndirənlər müraciət etsin.
– Siz niyə müraciət etmirsiniz? Kimdənsə incimisiniz?
– Yox, inciməmişəm. Səhiyyə şöbəsində hamı vəziyyəti bilir. Indi gözləyirik.
– Sizə “gözləyin” deyiblər?
– Səhiyyədən zəng ediblər. Nə danışıblar, nə danışmayıblar, arvad-uşaq bilir yaxşısını. Mən də gözləyirəm.
– Ramiz müəllim, tamaşaçılarınızdan və ya hökumətdən incimirsiz ki, bu qədər müddətdə sizə kömək etməyiblər? Bir ildir müalicə üçün kömək gözləyirsiniz.
– Inciyirəm ey… Hökumətin başı qarışıqdır.
– Hökumətin başı nəyə qarışıqdır?
– (Gülür) Oyunlara… Oyun keçirməkləri bu günə qalıb.
– Bir insanın taleyi Avropa Oyunlarından daha önəmli deyilmi?
– Mən deməzdim. Bilmirəm… Yaşayıram da.
– Necə yaşayırsınız?
– …
– Harasa gedirsinizmi?
– Hərdən Şamaxıya gedirəm, gəlirəm dərhal da. Qalmalı yer yoxdur. Elə ayaqüstü baş çəkirəm. Təmir gedir.
– Təqaüdlə dolanırsınız deyəsən. Nə qədər təqaüd alırsınız?
– Mən min manat alıram.
– Bu pul müalicənizə bəs edirmi?
– (Uzun-uzadı gülür) Oyunun olsun…
– Darıxdığınızı hiss etdim. Nə üçün darıxırsınız daha çox? Tamaşaçılar, ünsiyyət ya çəkilişlər üçün?
– Hər şey üçün… Arxası üstdə yatanlar nə, nə… (əsəbiləşdiyi üçün bir qədər susur) Danışa bilmirəm…
Zümrüd Əzizbəyli: “Demişdilər ki, pul yoxdur, gələn ilə qalır”
Telefonu xanımıÿ Zümrüd Əzizbəyliyə ötürür. Suallarımızı bu dəfə ona ünvanlayırıq. O da cavab verir:
“Özümüz müalicə etdiririk. Kimə deyək? Özümüz həkimə aparırıq, müalicəsi evdə yavaş-yavaş gedir. Dostları Səhiyyə Nazirliyinə demişdilər, guya bu il plana salacaqdılar. Demişdilər ki, ”pul yoxdur, gələn ilə qalır". Hələ bir xəbər yoxdur. Özü min manat prezident təqaüd alır, dava-dərman etdiririk. Müalicəsinə çatırmı? Belə də, belə…"
Zümrüd xanım həyat yoldaşının səhhətində azacıq irəliləyiş olduğunu desə də, əlavə edir ki, sərbəst gəzə bilmir, gərək yanında kimsə olsun. Bunu da söyləyir: “Həkimlər dedilər ki, hələ müalicə uzun çəkəcək, hövsələsi olmalıdır. Nə qədər çəkəcək, demək olmaz. Xəstənin özündən, prosesdən asılıdır. Necə gedəcək, görək də…”
“Azadlıq” radiosu