Deputat təyinatı marafonuna aylar qalır. Qabaqlar “seçki platforması” Qarabağın azadlığı üzərində qurulurdusa, ildən-ilə “ümummilli uğurlu iç və dış siyasət, sosial iqtisadi inkişaf” qabardılmağa başlanıldı. Elə bu “ümummilli” siyasətin nəticəsidir ki, Ginnesin “Rekordlar” kitabına düşməyə, Nobel mükafatına layiq Azərbaycanda məsafədən “ümummilli bic” doğuşu da gerçəkləşdi. Belə ölkənin deputatı olmaq istəyi başadüşülən olmalıdır, fikrimcə. Amma bir neçə “əmma” istəyimə qarşıdır.
Başlıcası, “təyinat haqqı” 1 milyon dolların məsələsidir. Özü də dolların “ceyran belinə qalxdığı” bir çağda bu problemin çözülməsi müşkülə dönüb. Düzdür, 1 milyonun 100 dollarını özüm sent-sent toplamışam, qalan 999 min 900 dollarını “vor-zakon” qohumlarım dəstəkləyə bilər. Mənim xaricdə Azərbaycanı dünyaya tanıdan belə qohumlarımın olmasını gizlətməyə ehtiyac da yoxdur. Sözsüz ki, mən onlarla qürur duyuram, amma hamını “ümummilli vor-zakonumuzdan” ilham almağa səsləyirəm. Olmayan əqidəni dəyişib, dünən BƏYin, bu gün CƏNABLARInın yanında qulluq, çuğulluq etməyə nə var ki? Amma yox, durub bu yaşımda BƏYLIKdən dönüm, yediyim qaba tüpürüm, nə var, nə var deputat olacam?!
Deputat olmaq maddi-mənəvi yöndən çətindir. Asan deyil, vallah, AZADLIĞı YAP(ALAQ)a, BƏYLIYI, ƏRƏNLIYI bəy tərifçiliyinə dəyişmək! Asan deyil, 1 milyon qaçqının (statistikaya görə, doğulanlar ölənləri üstələdiyindən, 33 faiz artımla birgə) haqqını 1 milyon dollar qarşılığında yeyəsən! Orxan Vəli demiş, asan deyil vallah, belə quyruq bulamaq Allahın verən günü!
Mən bəyliyi, azadlığı buyruq qulluğuna, köləliyə dəyişmərəm. Dəyişən dəyişsin…
Məğrur Bədəlsoy, Qarabağ savaşı əlili