“Azadlıq”ın ötən sayında xəbər vermişdik ki, Azərbaycan və Asiya Inkişaf Bankı ölkənin enerji sisteminin yenidən qurulması və modernləşdirilməsini nəzərdə tutan 1 milyard dollarlıq investisiya proqramı üzrə anlaşma memorandumu imzalayıb.
Asiya Inkişaf Bankı proqramı 750 milyon dollar məbləğində çoxtranşlı maliyyələşdirmə mexanizmi vasitəsilə dəstəkləyir. 250 milyon dollar isə birinci mərhələ üçün nəzərdə tutulmuş kreditdir. Bu vəsaitlər enerji paylama xətləri, yarımstansiyaların yenilənməsi və müştəri xidmətinin təkmilləşdirilməsi, habelə mövcud elektrik enerjisi sayğaclarının rəqəmsal sayğaclarla əvəzlənməsi məqsədilə istifadə olunacaq. “Azərişıq” ASC-nin əməliyyat və maliyyə performansının yaxşılaşdırılması məqsədilə kadr potensialının gücləndirilməsi sahəsində fəaliyyətlər də həyata keçiriləcək.
Iqtisadiyyat sahəsi üzrə ekspert Oqtay Haqverdiyev deyir ki, imzalanan niyyət protokolu kredit xəttinin açılması deməkdir. Azərbaycana lazım olan vaxtda isə bu məbləğdən istifadə edilə bilər: “Azərbaycan həmin mənbədən hələlik real kredit götürməyib. Təcrübədə belə hadisələr olur. Niyyət protokolu ilə kredit xətti açılır və nəticədə qurum ölkəmizə 1 milyard borc verə bilər. Həmin vəsaitin istifadə edilib-edilməyəcəyi hələ ki, sual altındadır. Azərbaycanın xarici borcu ümumdaxili məhsulun 7-8 faizi həcmindədir. Bunun isə elə böyük qorxusu yoxdur”.
Nigar