Əmanətlərin faiz dərəcəsi yüksəldiləcək

Bu addım manatı qoruya biləcəkmi?
 
Xəbər verildiyi kimi, Azərbaycan manatının kəskin ucuzlaşdırılmasından sonra ölkədəki bankların əksəriyyəti milli valyutada qoyulan əmanətlərə görə faiz dərəcələrini artırıb. Fins.az-ın məlumatına görə, əmanətlər üzrə gəlirliyin artması həm də devalvasiyadan üç gün sonra Mərkəzi Bank yanında Əmanətlərin Sığortalanması Fondunun qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddini 9%-dən 12%-ə qədər qaldırmasıdır.
Nəticədə hazırda bankların əksəriyyətində fiziki şəxslərin manatla yerləşdirilən əmanətlərinə görə maksimal faiz dərəcəsi 12%-dən aşağı deyil. Əmanətlərdən maksumum gəlir götürmək üçün minimal müddət tələbi isə 2 aydan 10 ilə qədər dəyişir.
Iqtisadçı-ekspert Nemət Əliyev bir müddət əvvəl sığortalanan əmanətlərin baza hissəsiylə bağlı  faiz dərəcələrinin yüksəldilməsini yada salır. Ekspertin qənaətincə,  bu, manatın sabitliyindən çox, əhalinin manata inamının bərpa edilməsi məqsədiylə atılan addımdır. 21 fevral qərarıyla milli valyutanın baltalandığını deyən ekspert, insanların manatla saxladığı əmanətləri kütləvi şəkildə dollara çevirdiyinin ciddi problemlər yaratdığını söyləyir:
“Insanların əmanətlərə olan münasibətini ifadə edən məqam budur. Eləcə də, 21 fevral qərarı bankları vəlvələyə salıb. Insanlar hər an manatın növbəti devalvasiyasının baş verəcəyi qorxusuyla yaşayır. Odur ki, banklar manatla kredit vermək fəaliyyətlərini dayandırıblar. Hətta ilin əvvəlindən ötən üç ay müddətində Mərkəzi Bank qısa müddətli notlar yerləşdirmək istədi. Bununla da banklara manat kütləsi cəlb etmək istəyirdilər. Qısamüddətli notların satışa çıxarıldığı müddətdə heç bir bank və maliyyə qurumu o notlara pul yatırmadı. Çünki bugündən sabaha etibar etmirlər. Üçaylıq müddətə nəzər salsaq görərik ki, əhalinin  əmanətləri də 150 milyon manat azalıb. Devalvasiyadan əvvəl manatda saxlanan əmanətlər ümumi əmanətlərin  65-70 faizə qədərini təşkil edirdisə, bu gün manatla saxlanan əmanətlər 34 faizə qədər düşüb. Xarici valyutalarda saxlanan əmanətlərin çəkisi isə 66 faizə qədər yüksəlib. Keçən ayla müqayisədə bu ay kreditlərin verilmə həcmi də aşağı düşüb”.
N.Əliyev qeyd edir ki, bankların əsas gəlirləri  olan kreditləşmə istiqamətindəki fəaliyyəti dayanıb. Böyük ehtimalla Mərkəzi Bank əmanətlərlə bağlı faiz dərəcələrini yüksəltməklə əhalidə maraq oyatmaq istəiyr. Dolayısıyla  banklara da təsir düşünülür. Ekspert əhalidən yığılan pulu banklara ötürməklə banklarda arxayınlıq yaratmaq məqsədini də söyləyir. Həmsöhbətimiz milli valyutaya olan inamın bərpa edilməsini ehtiva edən bu addımla nəyəsə nail olmağın sual altında olduğunu da vurğulayır.
Nigar