Asfaltyeyənlərin rekordları

elnurastanbeyli@gmail.com
 
Qubada 15 ildir arıçılıqla məşğul olan bir vətəndaşımız 7 ildən bəridir arı yeməyə başlayıbmış, indi isə məlum olub ki, bu fərasətinə görə Ginnesin “Rekordlar” kitabına düşmək istəyir.
Açığı, mən burada qeyri-adi heç nə görmürəm. Arı yeməkdə təəccüblü, heyrətamiz nə var? Bu ölkədə təzə çəkilən yolun asfaltını basıb yeyən, tramvay xəttini söküb yeyən, neft buruğunu, qaz yatağını həzm-rabedən keçirən, dənizi hasarlayıb udan, camaatın minbir əziyyətlə tikdiyi evləri buldozerlə qaşıqlayıb mədəyə ötürən adamlar var, onlar dura-dura arı yeməklə Ginnesin “Rekordlar” kitabına düşmək haqsızlıq olardı. Bunlar heç. Arını nənəm də yeyər, yeyə bilirsən, kürü al ye, deyim hə. 
Ümumiyyətlə, bizim azərbaycanlıların Ginnesin “Rekordlar” kitabına xüsusi həvəsi, marağı vardır. Kitabla arası olmayan, kitaba nifrət edən, kitabı ayaqyolu aksessuarına çevirən, uşaqlarına “çox oxuma, gözün kor olar” janrında öyüd-nəsihətlər verən uca millət, sevgili xalqımızın bircə Ginnesin Rekordlar" kitabına münasibəti fərqlidir, istənilən azərbaycanlı həmin kitaba düşmək ehtirası ilə alışıb-yanır. Halbuki bunun üçün hansısa qeyri-adi hoqqalar çıxarmağa ehtiyac yoxdur, elə gündəlik həyat tərzi ilə hər hansı vətəndaşımız asanlıqla öz adını həmin kitabın səhifələrinə qızıl hərflərlə yazdıra bilər. Ümumiyyətlə, partiya və hökumətimiz rekord vurmaq üçün ölkəmizdə hər cür şərait yaratmışdır, buna görə biz ona dərin minnətdarlığımızı bildirir, dəstəkləyir və ətrafında sıx birləşirik. 
Məsələn, seçki qutusuna bülleten doldurmaqda bizimlə kim yarışa bilər? Yaxud dünyanın harasında 1000 manat maaşla 300 minlik “CIP”də şütüyən, özlərinə 4-5 milyonluq imarətlər ucaldan rekordsmenlər vardır?  
Bu yaxınlarda siyasi məhbus Fərəc Kərimli məhkəməsində, qondarma ittihamla həbs olunarkən onun üzünə duran şəxslə bağlı maraqlı bir fakt açıqladı. Sitat: “Bu şəxs indiyə qədər 180-ə yaxın insanın üzünə durub. 1 saylı Bakı Istintaq Təcridxanasında adı əzbərdir”. Həqiqətən böyük uğurdur. 180-ə yaxın insanın üzünə durmaq hər oğulun işi deyil. Yaxşı, indi həmin adam niyə Ginnesin “Rekordlar” kitabına düşməməlidir? Dünya birliyi bu haqsızlığa hələ də necə dözür?
Təzəlikcə məlum oldu ki, təkcə bu ilin yanvarında Azərbaycanda 487 şirkət dövlət qeydiyyatına alınıb, əksəriyyətinin direktoru da eyni şəxslərdir. Həmiin şirkətlər büdcə vəsaitlərinin mənimsənilməsi, müəyyən layihələrin icrasında formal istifadə olunmaq üçün yaradılır. Bir sözlə, Azərbaycansayağı korrupsiyanın, oğurluğun, talançılığın daha bir pik nöqtəsi! Bu öz yerində. Deməli, Aydın Yarməmmədov adlı bir şəxs yanvar ayında, cəmi 19 gün ərzində 32 şirkətin direktorluq səlahiyyətini qazanıb. Bill Qeyt allahın qotur bir “Microsoft” şirkətini yaratmaq üçün bütün ömrünü xərcləyir, amma hansısa fövqəlazərbaycanlı 19 günə 32 şirkətin direktoruna çevrilir. Rekord ayrı necə olur, başında palıd ağacı olmur ki!   
Keçən günlərdə iqtisadçı Hafiz Babalı belə əldəqayırma şirkət direktorları haqqında maraqlı açıqlamalar vermişdi, demişdi ki, “həmin direktorların əksəriyyəti təsadüfi adamlardır. Vəzifəli şəxslər gəlib onlara deyirlər ki, al bu 100-150 manatı, mənə etibarnamə ver, hər ay da sənə bu qədər məbləği ödəyəcəyəm, onlar da razılaşırlar. Çoxu da rayon yerlərində yaşayanlardır. Mən bir nəfər tapmışdım, 88 belə şirkətin direktoru idi. Rayondan gəlib Bakıda kafelərin birində qabyuyan işləyirdi”.
Qabyuyan işləyərək 88 şirkətin direktoru olmaq sizə zarafat gəlməsin. Heç Henri Fordda, ya da Este Lauderdə belə, bu cür qabiliyyət olmamışdır. Elə isə niyə “Ginnes”i mənasız rekordlarla dolduranadək ora məhz belə fərasətli azərbaycanlıların adları düşməsin?
Hətta məncə, artıq bizim öz yolumuz, öz peykimiz, öz dünyamız, öz planetimiz olduğu kimi, öz rekordlar kitabımız da olmalıdır. Uca millət, sevgili xalqımızın vurduğu rekordlara baxanda “Ginnes” artıq lətifələr kitabına oxşayır, ona görə.