
Yazıda AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayıla irəli sürülmüş saxta ittihamlardan da bəhs olunur. Ümumilikdə azı 35 insan haqları fəalı, jurnalist və bloqqerin narkotik maddə, vergidənyayınma, xuliqanlıq, dövlətə xəyanət ittihamlari ilə həbs olunduğu vurğulanır.
«Ancaq bu insan haqları pozuntuları «Bakı 2015»in sponsorlarını çəkindirə bilmədi. Bu sırada «Coca-Cola», «McDonald’s» və «Procter&Gamble», eləcə də BP, «Nestle» və «Motorola» kimi nəhənglərin adlarını görmək olur».
«Olimpiya hərəkatı Azərbaycan kimi geosiyasi xırda balığın qarşısında dura bilmirsə, 2022-ci il Qış Olimpiadasını keçirməyə iddialı Pekin kimi akulalarla neyləyək? Beynəlxalq Olimpiya Komitəsi susub, Bakı Oyunları bu komitəyə aid deyil. Avropa Oyunları rəsmən Avropa Olimpiya Komitələri ilə bağlıdır və Olimpiya Xartiyasına tabedir».
Müəllif yazır ki, BOK və AOK prinsipal mövqe tutmalı, Olimpiya Xartiyasını əsaslandırmalıdırlar. Bu xartiya Olimpiya təşkilatları üzərinə «Olimpiya hərəkatına təsir göstərən hər hansı ayrı-seçkiliyə qarşı çıxmaq» öhdəliyi qoyub.
«Olimpiya rəsmiləri Azərbaycana təzyiq göstərməli, qanunsuz saxlanmış bütün fəalları və jurnalistləri oyunlar başlamamışdan buraxmağa çağırmalıdır. Bu tədbiri boykot etməklə dünya liderləri güclü mesaj göndərə bilərlər. AOK gələcək Avropa Oyunları üçün aydın standartlar qəbul etməlidir ki, insan haqlarını ən çox pozanlara bu tədbiri keçirməyə icazə verilməsin», – müəllif yazır. (azadliq.org)