Dünən xəbər saaytlarında bizim fövqəladə pullar… pardon, hallar naziri Kəmaləddin müəllimin bir açıqlamasına rastladım, sitat: “Ölkəmizdə keçiriləcək Avropa oyunları təkcə idman tədbiri deyil, Avropa ölkələrinin, dünyanın Azərbaycana inamı, etibarıdır”.
Halbuki bir neçə gün əvvəl başqa bir yaptokrat – Qaçqın və Məcburi Köçkünlərin Pulları… pardon, Işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bunun 180 dərəcə əksini demiş, bütün dünyanın iş-gücünü buraxıb Azərbaycana təzyiq etməsindən, Avropa Oyunlarına görə ölkəmizə qarşı qarayaxma kampaniyası aparmasından danışmışdı.
Azərbaycanı əlindən yalan danışmaqdan başqa heç bir iş gəlməyən yarıtmaz hökumət idarə edir, yalançının isə məlumdur ki, yaddaşı olmur, odur ki, indi YAP hökumətinin bir üzvünün çıxıb digər hökumət üzvünün dediklərinin tam tərsini söyləməsinə təəccüblənməmək lazımdır. Biri bütün dünyanın onlara düşmən kəsilməsindən gileylənir, o biri isə dünyanın bunlara inamından, etibarından basıb-bağlayır. Anlayırıq, məşhur bir lətifədə deyildiyi kimi, başlarını itiriblər, özləri də bilmirlər nə edirlər.
Dünən Azərbaycan Dəmir Pulları… yenə pardon, Yolları QSC-nin sədri Cavid Qurbanovun da bir açıqlamasını oxudum, o da deyir ki, tezliklə Sumqayıt və Bakı arasında qatarlar istifadəyə buraxılacaq, həmin qatarlarda yeni vaqonlardan istifadə olunacaq. Sitat: “Bu vaqonlarda kondisioner, internet şəbəkəsi də olacaq. Insanların rahatlığını nəzərə almağa çalışırıq”. Humanizmi, qayğıkeşliyi, xalqa qarşı canıyananlığı görürsünüzmü! Bizim rahatlığımızı nəzərə almağa çalışırlarmış. Adamın gözləri dolur, qəlbi riqqətə gəlir. Bizi necə xalqcanlı adamlar idarə edirmiş, xəbərimiz yox imiş.
Elə Qurbanov özü həmin açıqlamasında deyir ki, Sumqayıtdan Bakıya və əks istiqamətdə avtomobil yolundan gün ərzində 200 min insan istifadə edir. Bəs onu niyə demir ki, gün ərzində bu qədər insan nə üçün Sumqayıt-Bakı arasında sərgərdan qalır? Bəlkə onlar Bakıya Hacıbala müəllimin musiqili fontanlarına qulaq asmağa, ya da Alov Qüllələrinə tamaşa etməyə gəlirlər? Əlbəttə, yox. Onların yarıdan çoxunu buna məcbur edən işdir, bir tikə çörək dərdidir. Yapçıların açdıqları 1 milyondan çox (bəlkə də 1 milyarddan çox – hardan bilmək olar?!) iş yerinin heç olmasa, 50-60 mini Sumqayıtın payına düşsəydi, gündə 200 min insanın ömrü Bakı yolundakı tıxaclarda, basabasda çürüməz, adamların əsəbləri korlanmaz, intihar həddinə çatmazdılar. Insanların rahatlığını belə istəyirsinizsə, zəhmət çəkin, az oğurlayın, əgər mümkündürsə, ümumiyyətlə, oğurlamayın, uydurma, saxta inkişaf nağılları ilə camaatın zəhləsini tökməyin, “pripiska”dan əl çəkin, həqiqətən iş görün, doğrudan da iş yerləri açın.
Yeri gəlmişkən, bu Cavid Qurbanov özü əvvəllər ölkədə asfalt işinə baxırdı, yolları asfaltlayıb sonra söküb kanalizasiya xəti çəkib təzədən asfaltlayıb sonra həmin asfaltı təzədən söküb bu dəfə də su xətti çəkib sonra təzədən asfaltlamaqla… məşğul və məşhur idi. Indi isə ona dəmir yolunu tapşırıblar. Asfalt çəkmək hara, dəmir yolu hara? Amma əlbətdə, yapçıların öz məntiqləri var, onlar işi iş bilənə yox, yaxşı pul sayana tapşırırlar. Bu gedişlə sabah bir də gördün Azərbaycan Hava Pulları… bir daha pardon, Yolları QSC-nin prezidenti Cahangir Əsgərovu götürüb mədəniyyət naziri qoydular. Niyə, hansı məntiqlə? Bax bu suallar artıqdır, gülməlidir. Zarafat deyil, biz filoloqun xarici işlər naziri işlədiyi ölkədə yaşamışıq, siz nədən danışırsınız? Hələ utanmadan Cəbhə-Müsavat hakimiyyəti vaxtındakı kadr təyinatlarını bəyənmirlər, ələ salırlar. Guya ingilis dili müəllimini turizm naziri qoyan bunlar deyillər. Nəticə də ortadadır.
Ümumiyyətlə isə, əgər yapçılar doğrudan da xalqın rahatlığını istəyirlərsə, yaxşısı budur, tamam-kamal boynumuzdan düşsünlər, bugünədək oğurladıqları pulları da halal eləyə bilərik, getsinlər indiyədək yığdıqlarını xımır-xımır yeməklə məşğul olsunlar, lap köçüb neft buruqlarında yaşasınlar, biz heç nöyütün qara qəpiyini də istəmirik, yetər ki, yaxamızdan əl çəksinlər. Biz onlarsız qanqal otlayıb, lap belə heç nə yeməyib, ac-susuz qalıb da xoşbəxt ola bilərik.