Mayın 10-da Təbrizin “Traxtur” futbol komandası Tehranın “İstiqlal” komandası üzərində qələbə ilə ciddi uğura imza atıb. İran super liqasının 29-cu turunda Tehranda keçirilən qarşılaşma 4:1 hesabı ilə Təbriz komandasının xeyirinə başa çatıb. Bununla da “Traxtur” çempionluğun bir addımlığına çatıb
“GünAz TV” məlumat verir ki, soydaşlarımız Azərbaycanın müxtəlif bölgələrindən “Traxtur”a azarkeşlik üçün Tehrana axışıb. Tehran-Kərəc və Qəzvin yolunda “Traxtur” tərəfdarlarının maşın karvanlarını görmək mümkün olub.
Qarşılaşmanı izləmək üçün İran ordusu və İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) əsgərləri də bir neçə saatlıq icazə alaraq stadiona gəliblər.
“İqtiqlal” tərəfdarları azərbaycanlılara qarşı təhqiramiz şüarlar səsləndirib, “Traxtur” tərəfdarı isə bu təhqirlərə cavab verməli olub. Stadionda “Yaşasın Azərbaycan!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Traxtur bozqurdumuz, Azərbaycan yurdumuz!”, “Türklərin iftixarı “Traxtur” kimi şüarlar səsləndirilib.
“İstiqlal” tərəfdarları oyundan sonra “Traxtur” azarkeşlərini təxribata çəkməyə çalışıblar, lakin buna nail olmayıblar. Xırda lokal qarşıdurmalar da yaşanıb. “İstiqlal” tərəfdarları “Traxtur” tərəfdarlarına daş atıb və vəziyyəti gərginləşdirmək istəyiblər, lakin polis qüvvələrinin müdaxiləsi nəticəsində ciddi hadisə baş verməyib.
Azərbaycan Milli Hərəkat fəalları stadion həndəvərində tutuqlu azərbaycanlı fəallarla bağlı şüarlar səsləndirib və tanınmış fəal Səid Mətinpurun qeyd-şərtsiz azadlığını tələb ediblər.