Rusiya Azərbaycanı çətin vəziyyətə saldı

 
«Türk axını»nın istismara verilməsi Azərbaycanın TAP və TANAP layihələrinin effektivliyini aşağı salır 

 
Məhəmməd Talıblı: «Bu vəziyyətdə Azərbaycanın TANAP və TAP layihələrinin əhəmiyyəti azalır»
 
Rusiya ilə Türkiyə “türk axını” ilə bağlı prinsipial razılıq əldə ediblər. Ankarada “Qazprom” şirkətinin rəhbəri Aleksey Millerlə Türkiyənin enerji naziri Taner Yıldız arasında baş tutan görüş bu istiqamətdə irəliləyişin əldə olunması ilə nəticələnib. Danışıqlardan sonra Aleksey Miller bildirib ki, “Türk axını” kəmərinin istismara verilməsi 2016-cı ilin dekabrına planlaşdırılır (virtualaz.org). 
“Türkiyə ilə Rusiya arasında ”Türk axını" kəmərinin 2016-cı ilin dekabrında ÿistismara verilməsinə və kəmərlə qaz nəqlinin başlamasına dair razılaşma əldə olunub"- deyə A.Miller Taner Yıldızla danışıqlardan sonra bildirib.
Bu isə o deməkdir ki, “Qazprom” Azərbaycan qazının Türkiyə üzərindən Avropaya nəqlini azı 3 il qabaqlamağa hazırlaşır. “Türk axını” layihəsinə əsasən “Qazprom” Qara dənizin dibindən Türkiyəyə kəmər çəkəcək. Bu kəmər Türkiyənin Yunanıstanla sərhədinə qədər uzanacaq, oradan isə təxmin olunan marşruta görə Albaniya, Monteneqro, Bosniya-Herseqovina və Sloveniyadan keçməklə mərkəzi Avropaya istiqamət alacaq.
Azərbaycan qazı isə tikilməkdə olan TANAP kəməri ilə Türkiyə-Yunanıstan sərhədinə nəql ediləcək. Oradan tikintisi hələ başlamayan TAP kəməri ilə Yunanıstana, Italiyayaya və Albaniyaya istiqamət alacaq.
Bu günlərdə “Şahdəniz-2" konsorsiumunun operatoru olan BP Cənub Qaz Dəhlizi ilə (TANAP+TAP) qaz nəqlinin 2020-ci ildən başlayacağı, yəni qaz nəqlinin daha bir il gecikəcəyi barədə tərəfdaşlarını məlumatlandırıb.
Bu isə o deməkdir ki, ləngimə Rusiya üçün əla fürsət olub. “Qazprom” Türkiyə tərəfi ilə danışıqlar apararaq “Türk axını” kəmərinin 2016-cı ilin sonundan gec olmayaraq işə düşməsinə dair razılıq əldə edib.
Bundan əvvəl “Qazprom”un idarə heyətinin sədr müavini Aleksandr Medvedyev bildirib ki, “Türk axını”nın tikintisi 2020-ci ildə başa çatacaq. Yəni həmin tarixdə kəmərlə nəzərdə tutulan qaz nəqli ildə 63 milyard kubmetr olacaq. Bu həcmin 13-14 milyard kubmetrini Türkiyə alacaq, qalanı isə Yunanıstana, o cümlədən qalan Avropa ölkələrinə satılacaq.
“Türk axını” kəmərinin Cənub Qaz Dəhlizinə alternativ olmadığı deyilsə də bütün bu baş verənlər onu təsdiq edir ki, Avropanın qaz bazarı uğrunda amansız mübarizə gedir. “Qazprom” bu bazarda mövqelərinin azacıq da olsa zəifləməsinə imkan vermək istəmir.
Bəs o zaman “türk axını”nın işə düşməsi Azərbaycanın iştirakçısı olduğu TAP və TANAP layihələri üçün nə vəd edir?
Iqtisadçı ekspert Məhəmməd Talıblı bildirdi ki, Türkiyə ilə Azərbaycan arasında əldə olunan razılaşmaya görə, ölkəmiz nəql etdiyi qazın yalnız 6 milyard kub metrini Türkiyəyə təklif edir. Qalan qazı isə Azərbaycan Avropaya nəql etməyi düşünür. Amma məsələyə Türkiyənin mövqeyindən yanaşan zaman mənzərənin tam aydın olduğunu deyən M.Talıblı bildirdi ki, Türkiyə qaz təchizatında bir mənbədən asılı olmaq istəmir: “Türkiyə həm özünün enerjiyə olan tələbatını təmin etməyə, həm də Avropaya özünü enerji tranzitçisi kimi təqdim etməyə çalışır. Rusiya ilə imzalanan müqavilənin də məqsədi məhz budur. Bu vəziyyətdə əlbətdə ki, Azərbaycanın TANAP və TAP layihələrinin əhəmiyyəti azalır. Amma burada qeyri-adi və qəbulolunmaz bir şey yoxdur. Çünki dünyada enerji mənbələri və enerji kəmərləri uğrunda bir mübarizə gedir. Ona görə hər bir ölkə enerji təminatında bir və bir neçə mənbədən istifadə etmək istəyir”.
M.Talıblı bildirdi ki, eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Rusiya qərblə qarşıdurma vəziyyətindədir. Belə bir qarşıdurma vəziyyətində Rusiyanın enerjisini ötürmək üçün əlverişli müştəri tapması və bu fürsətdən istifadə etməsi də anlaşılandır. “Türkiyə vasitəsilə Rusiyanın yeni bir bazar əldə etməsi Kremlin böhrandan çıxış yolları axtarmasının nəticəsidir. Burada qarşılıqla maraqlar təmin olunur”.
Xəyal