Milli Şura Xədicə İsmayılla bağlı bəyanat verdi

"Hakimiyyət əməllərinin hesabını Xədicə İsmayıla ödətdirmək niyyətindədir"
 
Milli Şura Xədicə İsmayıla qarşı mütəşəkkil cinayətlə bağlı bəyanat verib. Bəyanatda deyilir:   
 
Artıq altıncı aydır ki, Azərbaycan jurnalistikasının ən parlaq nümayəndələrindən biri, araşdırmaçı jurnalist, "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayıl saxta və əsassız ittihamlarla həbsdədir. Xədicə İsmayıl Azərbaycanın hakim ailəsinin biznes imperiyası ilə bağlı çoxsaylı araşdırmaların müəllifi kimi nəinki ölkəmizdə, bütün dünyada şöhrət qazanıb. Xədicə xanım hakimiyyətin yüksək dairələrindən qaynaqlanan ən çirkli təzyiq və təhdidlərin qarşısında geri çəkilməyərək öz peşə fəaliyyətini ləyaqətlə davam etdirib. Bu qətiyyətli xanım  jurnalist ən iyrənc şantajların və şəxsi həyatına ən şərəfsiz müdaxilələrin cavabını özünün daha dərin, daha məzmunlu və daha sərrast araşdırma yazıları ilə verəcək qədər iradə və cəsarət sahibi olduğunu sübut edib. Onun bütün peşəkar fəaliyyəti xalqına və qələmin yazmağa borclu olduğu həqiqətə fədakar xidmət salnaməsidir.  Yüksək peşəkarlığı və cəsarəti ona ümumxalq sevgisi ilə bərabər dünya çapında tanınma və bir çox ali mükafatlar da qazandırmışdır. Xədicə İsmayıl "Sərhədsiz Reportyorlar" tərəfindən "Dünyanın yüz qəhrəman jurnalisti" siyahısına salınmış, nüfuzlu "Şərqi Avropada Söz Azadlığı" mükafatına, Anna Politkovskaya adına İsveç Söz Azadlığı mükafatına, ABŞ-ın Pen/Barbara Goldsmith Yazmaq Azadlığı mükafatına layiq görülmüşdür. 
Hakimiyyətin korrupsiya əməllərini ifşa edən Xədicə İsmayıl bu gün özü saxta korrupsiya ittihamları ilə həbsdədir. Ona qarşı özünü öldürmə həddinə çatdırma, külli miqdarda törətməklə mənimsəmə və israf etmə, vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi gülünc və əsassız ittihamlar irəli sürülüb.   Görünür, korrupsioner hakimiyyət bununla öz əməllərinin hesabını Xədicə İsmayıla ödətdirmək niyyətindədir.  Bu ittihamların hamısı Xədicə İsmayıldan qisas almaq cəhdindən başqa bir şey deyil və Xədicə xanımın "özünü öldürmə həddinə çatdırdığı" Tural Mustafayevin etirafları əslində Xədicə xanımın əməllərinin yox, ona qarşı ittihamların cinayətkar mahiyyətinə bir daha işıq saldı. 
Xədicə ismayılın həbsinin formal səbəbkarı olan Tural Mustafayev öz videomüraciətində və KİV-lərə verdiyi müsahibələrində Xədicə xanıma qarşı ondan necə "şikayət ərizəsi" alındığına aydınlıq gətirib. T.Mustafayev özünün və Xədicə İsmayıla qarşı istifadə edilməyə hazırlanan digər şəxslərin şəxsi həyatlarına aid videolarla təhdid olunduğunu, imtina edəcəyi halda intihar etmiş keçmiş otaq yoldaşının ölümündə suçlu bilinəcəyi ilə şantaj olunduğunu, fiziki və mənəvi işgəncələrə məruz qaldığını deyib.  Hadisənin ən facəvi tərəfi isə budur ki, onu şantaj edərək  Xədicə ismayıla qarşı "şikayətçi" olmağa məcbur edənlər dövlət hakimiyyəti nümayəndələri, hüquq mühafizə orqanların yüksək vəzifəli rəsmiləridir.  Tural Mustafayev konkret olaraq Milli Təhlükəsizlik Nazirliyinin Anti-terror mərkəzinin rəis müavini İlqar Əliyev tərəfindən təhdid olunduğunu, X.İsmayıla qarşı şikayət ərizəsinin isə ona sözbəsöz Bakı Şəhər prokurorunun müavini Azər Əsgərov tərəfindən diktə edildiyini bildirir. Göründüyü kimi, bu, dövlət hakimiyyət orqanları tərəfindən qabaqcadan əlbir olaraq mütəşəkkil cinayətkar dəstə yaratmaqla həyata keçirilən cinayət əməli, vətəndaşa, konkret bu halda isə Xədicə ismayıl və Tural Mustafayevə qarşı həyata keçirilən dövlət terrorudur. Bu, eyni zamanda söz və fikir azadlığına qarşı qəsddir.
Demokratik Qüvvələrin Milli Şurası olaraq biz Azərbaycan hakimiyyətini onsuz da məhrumiyyətlər içində boğduğu vətəndaşlarına qarşı bu cinayətkar davranışdan əl çəkməyə, onların hüquq və azadlıqlarını qorumaq əvəzinə vətəndaşlarına qarşı mütəşəkkil cinayətkar dəstə kimi davranmaq praktikasına son qoymağa və cinayətkar qəsd nəticəsində, yalnız və yalnız öz peşəkar jurnalist fəaliyyətini vicdanla yerinə yetirərək rejimin korrupsiya cinayətlərini ifşa etdiyinə görə  həbs edilmiş jurnalist Xədicə İsmayılı azad etməyə çağırırıq. Xədicə İsmayıla qarşı bu addımlar özünə hörmət edən heç bir dövlətin özünə yaraşdırmadığı davranışdır və dünya tarixi öz vətəndaşı ilə düşmən kimi davranan belə rejimlərin fəlakətli sonluqları ilə zəngindir. Azərbaycan hakimiyyəti reallıq hissini hələ tam şəkildə itirməyibsə, tarixin bu acı dərslərindən nəticə çıxarmalıdır.