Patruşevin Bakı səfərinin gizlinləri

Rus generalın Azərbaycana gəlişi hansı məqsəd daşıyır?

 
Xəbər verdiyimiz kimi Rusiya Təhlükəsizlik Şurasının katibi, general Nikolay Patruşev mayın 11-12-də Bakıya səfər edəcək. Səfər çərçivəsində Nikolay Patruşevin Azərbaycan rəhbərliyi ilə danışıqları gözlənilir. Azərbaycan hakimiyyətilə Qərb arasında gərginliyin pik həddə çatdığı bir zamanda Patruşevin Bakıya səfəri təsadüfi sayılmır. Çünki öncə onu vurğulamaq lazımdır ki, bu səfər Avropa Birliyinin Riqa sammiti ərəfəsinə təsadüf edir. Azərbaycan hakimiyyətilə Qərb arasında münasibətlərin gərginləşməsindən məmnun olan Rusiya AB ilə əlaqələrin dərinləşməsinə qarşıdır. Ona görə belə düşünülür ki, hər fürsətdə Rusiya bu münasibətlərin daha da gərginləşməsinə çalışır. Elə Rusiyanın yüksək çinli məmurunun Bakıya səfəri bu məqsəd daşıyır.
 
“Patruşev Malinovskidən əvvəl gəlir”
 
Onu nəzərə almaq lazımdır ki, Rusiya mətbuatında vaxtaşırı olaraq Qərbin Azərbaycanda rəngli inqilab etməsi ilə bağlı məlumatlar dərc olunur. Bununla Rusiya Azərbaycan hakimiyyətini təzyiq altında saxlayır.
Daha bir diqqət çəkən məqam səfərin ABŞ dövlət katibinin müavini Malinovskinin Azərbaycana gəlişi ərəfəsinə təsadüf etməsidir. 
 
“Geosiyasi vəziyyət Azərbaycan və Rusiya üçün pisləşir”
 
Rusiyanın Strateji Inkişafın Modelləşdirilməsiÿ Mərkəzinin vitse-prezidenti Qriqori Trofimçuk deyib ki, Azərbaycan özünün əsl suveren mövqeyi üzündən Qərbdən getdikcə daha intensiv təzyiqlərə məruz qalır. Bakının ünvanına vaxtaşırı olaraq müxtəlif xəbərdarlıqlar çatdırılır.
Ekspert kavpolit.com-a açıqlamasında bildirib ki, bu baxımdan Patruşevin səfəri zamanı əsas müzakirə predmetlərindən biri Avropa Oyunlarının keçirilməsidir. Çünki bu oyunların təhlükəsizliyi çox mühüm prioritetdir. 
“Ümumi geosiyasi vəziyyət Azərbaycan üçün də, Rusiya üçün də pisləşir. Və bu, düşünülmüş birgə reaksiyalar, istənilən vaxt baş verə biləcək mümkün insidentlərə qarşı preventiv hazırlıqlar lazımdır” – deyə rusiyalı ekspert vurğulayıb.
 
“Rusiya Azərbaycanı öz tərəfinə çəkmək istəyir”
 
Digər rusiyalı ekspert, Siyasi Ekspertlər Qrupunun rəhbəri Konstantin Kalaçev isə deyir ki, Rusiya Azərbaycanda başladılmış geniş antiqərb kampaniyasını qeydə alıb.
“Rusiya Azərbaycanı birdəfəlik öz tərəfinə çəkmək istəyir. Indi Rusiyanı nə narahat edir? Qərbin Cənubi Qafqazda yenidən fəallaşmaq cəhdləri, Avropa Ittifaqının tədricən Rusiya qazından imtina edib digər təchizatçılar axtarması, Xəzər teması, Islam ekstremizmi təhlükəsi…” – deyə politoloq vurğulayıb. (Virtualaz.org)
 
Fuad Qəhrəmanlı: “Rusiya Riqa sammiti ərəfəsində Azərbaycana növbəti xəbərdarlığını çatdırır”
 

 
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, bu səfər hazırkı durumda Rusiyanın Azərbaycana xəbərdarlığını çatdırmaq məqsədi güdür. Patruşevin daha çox güc və kəşfiyyat strukturlarını təsmsil etdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, Azərbaycana bu tip generalın göndərilməsi o deməkdir ki, Rusiya Riqa sammiti ərəfəsində Azərbaycana növbəti xəbərdarlığını çatdırır: “Bu səfərlə Rusiya Azərbaycanın Riqa sammitində iştirakı ilə bağlı öz mövqeyini, təkliflərini çatdırmaq istəyir. Hesab edirəm ki, hazırkı məqam üçün Riqa sammiti gündəmin əsas mövzusudur. Azərbaycanın Riqa sammitində iştirak etməsi, Avropa Birliyi ilə əməkdaşlığa dair hər hansı addımlar ata biləcəyi Rusiyada ciddi izlənilir. Amma Rusiya tərəfi gözəl bilir ki, hazırkı mərhələdə Azərbaycan hakimiyyəti Avropaya inteqrasiya maraqlı deyil. Azərbaycanın Avropa Birliyi ilə bağlı hansı mövqe seçəcəyi Rusiyada ciddi narahatlıq yaratmasa da, Kreml Avropaya inteqrasiya ilə bağlı ölkəizə müxtəlif təzyiqlərin edildiyini müşahidə edir. Yəni açıq görünür ki, demokratiya, insan haqları ilə bağlı Qərbin Azərbaycana təzyiqləri kifayət qədər genişlənib və bu proses dərinləşmək üzrədir”.
 
F.Qəhrəmanlının sözlərinə görə, belə olan halda Rusiya narahatdır ki, Azərbaycan tərəfi Qərbdən gələn təzyiqlərə davam gətirməyərək hər hansı güzəştlərə gedə bilər. Ona görə Patruşevin səfəri ilə Azərbaycana o mesaj verilir ki, Rusiya Qərbdən gələn təzyiqlərə qarşı Azərbaycanı dəstəkləməyə hazırdır. Çünki Azərbaycan hakimiyyətinin demokratiyanın pozulması, insan haqlarının tapdanması ilə bağlı arxayın olduğu güc məhz Rusiyadır: “Qərbin sanksiyaları nəticəsində Rusiyanın mövqeyinin zəifləməsi Kremldə o fikri yarada bilər ki, bu tendensiya Azərbaycan hakimiyyətində Qərbdən gələn təzyiqlərlə bağlı hər hansı tərəddüdlərə səbəb ola bilər. Ona görə səfərlə o mesaj verilir ki, Rusiya əvvəlki siyasətini davam etdirəcək. Və o nəzərə çatdırılır ki, Azərbaycan hakimiyyəti Qərbdən gələn istəklərə etinasız yanaşdığı müddətdə Rusiya Bakıya öz dəstəyini göstərəcəkdir. Səfər hazırkı məqamda daha çox məhz bu məqamları ehtiva edir”.
Xəyal