Magistraturada təhsil haqları kəskin artıb

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) magistraturada ötən il 1200 manat olan kompüter elmləri üzrə illik təhsil haqqı bu il 2 min manata qalxıb. Artım təkcə ADNA-da yox, digər universitetlərdə də müşahidə olunur.
 
Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin istehlak mallarının ekspertizası və marketinqi faküləsində ötən il 1500 manat olan illik təhsil haqqı yeni tədris ili üçün 1700 manat müəyyənləşdirilib.
 
Diqqətçəkən məqamlardan biri budur ki, dövlət və özəl ali təhsil müəssisələrində illik təshil haqqı müxtəlif ixtisaslarda az qala eynidir.
 
Magistr imtahanlarına qatılıb, hətta yüksək bal toplayanlardan bəziləri oxumaqdan imtina etməli olub.
 
Onlardan biri “Azadlıq” radiosuna bunları bildirib: “Mən magistr imtahanlarının I və II mərhələlərindən keçdim. Amma illik təhsil haqqı 2500-3000 manat idi. Ona görə də ixtisas seçə bilmədim”.
 
Xəzər Universitetinin iqtisadiyyat və menecment fakültəsinin məzunu Nərmin İbrahimbəyli magistraturaya qəbul imtahanlarından 81 bal toplayıb. Maliyyə ixtisası üzrə təhsilini magistratura pilləsində davam etdirməyi planlaşdırır: “Düzü, təhsil haqlarının bu qədər yüksək olacağını bilmirdim. Amma təhsil almaq önəmlidir. Mən özüm işləyirəm. Ona görə bankdan kredit götürüb ildə 3 min manat təhsil haqqını ödəmək hesabına olsa da oxuyacağam. Düzdür, çətin olacaq. Amma başqa əlacımız yoxdur”.
 
2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtanlarının I mərhələsi fevralda, II mərhələ apreldə keçirilib.
 
İlk mərhələdə abituriyentlərə iki əsas fənn və məntiqdən ümumilikdə 100 sual təqdim olunub. Minimum 40 bal toplayanlar II mərhələyə keçib. II mərhələdən ixtisas üzrə 50 sualdan 20 baldan çox toplayanlar müsabiqəyə buraxılıb. İndi imtahanlardan keçənlərin ixtisas seçimi aparılır.
 
Nərmin İbrahimbəyli deyir ki, hələ də ixtisas seçimini edə bilməyib: “Əvvəla, ona görə ki, illik təshil haqları bahadır, ikincisi də ona görə ki, bütün ixtisaslar ödənişlidir. Bir dənə də olsun ödənişsiz əsaslarla ixtisas seçmək imkanı yoxdur. Fərqi yoxdur, istər dövlət, istər özəl – bütün ali məktəblərdə ixtisaslar ödənişlidir. Mən də ailəmin imkanlarını nəzərə alıb ixtisas seçmək istəyirəm. Bir yandan da fikirləşirəm ildə bu qədər təshil haqqı verəcəyimə görə yaxşı təhsil verə bilən ali məktəbi seçim”.
 
Özəl ali məktəblər bir biznes sahəsi kimi təhsil haqlarının məbləğini də özləri müəyyən edirlər. Amma maraqlıdır ki, dövlətin nəzarətində olan ali məktəblərdə təhsilin magistratura pilləsi üçün məbləğlər daha çox artır. 
 
Nərmin İbrahimbəyli builki magistr imtahanlarına qatılan 10 min 170 bakalavrdan biridir. TQDK bildirir ki, onlar yalnız ayrılmış plan yerləri üzrə qəbul imtahanlarını həyata keçirilər. Plan yerləri kimi təhsil haqlarını da ali məktəblərin özləri müəyyənləşdirir.
 
TQDK-ın sabiq sədri Vurğun Əyyubun fikrincə, dövlət universitetlərində magistr təhsilinin ödənişli olması, üstəlik bir ildə 200-800 manatlıq artımın heç bir izahı ola bilməz: “Bunun bir izahı var ki, bu da dolayısı ilə vətəndaşın cibinə girilməsidir. Hökumətin təhsil siyasətinin meyarları, kriteriyaları ictimaiyyətə açıqlanmalıdır. Bildirilməlidir ki, nəyə görə dövlət ali təhsil müəssisələrində əksər ixtisaslar ödənilişlidir?”
 
2014-2015-ci tədris ilində 12 magistr təhsil haqqını ödəyə bilmədiyindən akademik məzuniyyət götürməli olub. Bu, TQDK-nın 2014-2015-ci tədris ili ilə bağlı elmi məlumatlarında göstərilib. Bildirilir ki, həmin tədris ilində ümumilikdə təhsil haqqını 297 nəfər ödəyə bilməyib. Onlardan 238 nəfəri bakalvr, 47 nəfəri tam və orta ixtisas məktəblərinin tələbələri olub.
 
Vurğun Əyyub qeyd edir ki, TQDK yalnız biliyin qiymətləndirilməsi ilə məşğul olsa da bu komissiyanın sədri Məleykə Abbaszadə həm də Prezident Administrasiyası yanında Təhsil Komissiyasının üzvüdür. O, həmin komissiyanın üzvü kimi təhsil haqlarının ali məktəblərdə niyə ildə-ilə qaldırılması sualını qaldırmalıdır.
 
Bu mövzuda ali məktəblərin təmsilçilərinin fikirlərini əldə etmək mümkün olmadı.
 
Amma Bakı Dövlət Universitetinin rektorunun maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanov az öncə “Azadlıq”a bildirmişdi ki, 2010-cu ildə adambaşına təhsilin maliyyələşdirilməsinə keçiddən sonra digər dövlət universitetləri kimi BDU da hər tələbənin təhsil haqqını müəyyənləşdirib. Hesablamalara görə, humanitar ixtisaslarda bir tələbənin illik təhsili 2 min 700 manata, texniki ixtisaslarda 3 min 100 manata başa gəlir: “Amma fizika, biologiya, kimya və digər texniki ixtisaslar üzrə təhsil haqqı 1400 manatdır. Əslində bir tələbə üçün universitetin çəkdiyi xərc illik təhsil haqqından azı 2 dəfə çoxdur”.
 
21 ildir riyaziyyat fənnindən abituriyent və magistr hazırlayan Hökumə İbrahimli deyir ki, hər il nə qədər tələbəsi universitətə qəbul olur, amma illik təhsil haqqını ödəyə bilmir deyə oxuya bilmir: “Hər il müəyyən qədər artım olur. Ən maraqlısı odur ki, artım tendensiyası daha çox dövlət ali təhsil müəssisələrində müşahidə olunur. Keçən il mənim hazırlaşdırdıqlarımdan qəbul olunanlar oldu, amma oxumadılar. Ya da təhsil haqlarını ödəyə bilmək üçün valideynlər banklardan kredit götürüb birtəhər, borc-xərclə də olsa uşaqlarını oxutdular”.
 
Hökumə İbrahimli sonda diqqəti ona çəkir ki, hər il təhsil haqları artır, amma təəssüf ki, bu, özünü təhsilin keyfiyyətində göstərmir.