aliyev-munich

Hakimiyyət çıxılmaz vəziyyətdə

Əliyevin Qərblə Rusiya arasında manevr imkanları tükənir  

Azərbaycan hakimiyyəti üçün çətin günlər başlayır. Mayın 21-22-də Riqada Avropa Ittifaqının “Şərq Tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrin sammiti keçiriləcək. Bu sammitdə Azərbaycanın assosiativ sazişi imzalaması prioritetdir.
Latviyanın eks-prezidenti Vayra Vike-Frayberqa da bəyan etmişdi ki, Riqa sammitindən sonra Azərbaycan və Avropa Birliyi arasında strateji tərəfdaşlıq sazişinin imzalanmansını istəyir. “Azərbaycan Avropa üçün önəmli ölkədir, alternativ enerji mənbəyidir, çox önəmli rol oynayır.  Mənə elə gəlir ki, Riqa sammiti üçün bu, əsas tapşırıqdır”, – deyə eks-prezident bildirmişdi.
Lakin rəsmi Bakı hətta sammitdə iştiraka həvəsli görünmür. Əgər bunun bir səbəbi avtoritar üsul idarəni davam etdirmək, Avropa Ittifaqının demokratiya tələblərini yerinə yetirməmək istəyidirsə, digər səbəb Rusiyanın Riqa sammitinə aqressiv münasibətidir. Kreml bu sammiti “anti-Rusiya tədbiri” kimi qiymətləndirir. Rusiyanın qəzəbi Azərbaycan hakimiyyətini də ehtiyatlı davranış sərgiləməyə məcbur edir. 
Artıq rəsmi şəkildə Bakının assosiasiya sazişinin imzalamayacağına işarə vurulub. Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda hazırladığı məqalədə Avropa Ittifaqı-Azərbaycan münasibətlərinə toxunarkən bildirib: “Biz Avropa strukturu ilə assosiasiya sazişini həm də ona görə imzalamadıq ki, Avropa Ittifaqı ölkəmizin ərazi bütövlüyünün tanınması ilə bağlı mövqeyini bu sənəddə nümayiş etdirmədi”.
Güman ki, Bakı növbəti dəfə “ərazi bütövlüyü” məsələsini əsas gətirərək sazişi imzalamayacaq. Iqtidaryönlü deputat Zahid Oruc da “Yeni Müsavat”a açıqlamasında “Azərbaycan anti-Rusiya sammitində yer almayacaq” deməklə Bakının Riqa sammitinə münasibətini ortaya qoyub.
Lakin məsələ burasındadır ki, Avropa Ittifaqı da mövqeyindən geri çəkilmək niyyətində deyil. Ukrayna ilə bağlı baş verənlər bunun bariz nümunəsi sayıla bilər. Deməli, Bakı üçün assosiasiya sazişini imzalamamaq da ciddi başağrısına çevrilə bilər.