Orxan Valehli
I yazı
HƏYATA GÖZ AÇDIM
Mən bir manatam. Yeni Azərbaycan manatı. Mən daşlardan tikilmiş böyük bir evdə doğulmuşam. Dünyaya ilk göz açdığımda, özümü bir bağlama arasında tapdım, hər tərəf qaranlıq idi. Güclə nəfəs alırdım. O qədər qorxmuşdum ki, öz əkiz qardaşlarımın fərqinə varmamışdım. Nə az nə çox, bu qardaşlardan 99 dənə idi. Sonradan məlum oldu ki, onlar da mənim günümdə imiş. Uzun sözün qısası, həyəcanımız keçəndən sonra tanış olduq. Hər kəs təlaş içində idi. Tanış olduğumuz zaman anladıq ki, hamımız adaşıq. Bizləri bir-birimizdən ayıran seriya nömrələrimizin sonundakı son iki rəqəm idi. Qısa tanışlıqdan sonra məsləhətləşdik ki, bir-birimizi son iki rəqəmlə çağıraq. Elə də çətin olmadı. Araya uzun bir sükut çökdü. Sükutu pozan, son seriya nömrəsi “29” olan adaşımız oldu: “Bəs indi biz neyləyəcəyik? Bu dar, qaranlıq otaqda daha nə qədər qalacağıq”-deyə üz-gözünü turşutdu. Birdən başımızın üstündən bir səs eşidildi: “Hörmətli müştəri, ödəməni yeni manatla edəcəyik”-deyə bank işçisi bildirdi və bir bağlama pul açıb saydı. Məlum oldu ki, sayılan pullar “yüz manat”lıq imiş. Belə olan halda pulun qalanı beş və bir manatlıqla ödənilməli idi. Qıraqdan gələn səsləri dinləyərkən gördüm ki, otağımızın üstü açıldı və üç yoldaşımla məni havaya qaldırdılar. Bizi yenidən sayıb bir qoca kişiyə təhvil verdilər. O qoca kişi bizi alarkən bir kağızı imzalamalı oldu və sonda bizi o tərəf-bu tərəfə çevirərək, tərəddüdlə cibinə qoydu. İlk dəfə idi kiminsə cibinə daxil olurdum. İçəri çox qaranlıq idi. Qoca kişi yeridikcə biz də silkələnirdik. O qədər silkələndim ki, ürəyim bulanmağa başladı. Şükür Allaha ki, qoca kişinin evi çox uzaqda deyilmiş. Beş-on dəqiqə keçməmişdi ki, qapını döydü və həyəcanla arvadını səslədi. Özü kasıb, oxumamış bir fəhlə olsa da, arvadı təhsilli biri imiş. Qoca kişi cibindən bizi və sənədləri çıxararaq, masanın üzərinə qoydu. Ərlə arvad bizə elə baxırdılar, sanki yad bir planetdən gəlmişik. Demək olar ki, hər tərəfimizi nəzərdən keçirdilər. Bizi bir xeyli əlləşdirəndən sonra qoca kişi arvadından bizim dəyərimiz barədə soruşdu: “Bir məni başa sal görüm, bu pulun dəyəri nədir?” -Qonşunun da maaşını yeni manatla veriblər. Onlardan çox şeyi öyrənmişəm… Öz ərini başa salmağa çalışan arvadın sözlərindən məlum oldu ki, bizdən əvvəl də kağız pul olub. Məsələn, ”min manat”lıq olub, hansı ki, onun beşi, yəni beş min manat, bir ədəd mən edirəm. Bundan sonra aydın oldu ki, bunlar məni niyə tez-tez kiminləsə müqayisə edirlər. Deyəsən qoca kişi heç nə başa düşmədi, arvadına çox acdığını dedi və pulu ona verdi. Arvad pulun üstündən məni götürüb, ərinə uzadaraq dedi : “Get 2 çörək, bir də salatlıq tərəvəz al.” Qoca kişi paltarını dəyişib, iş paltarını geyindi. Bizi köhnə şalvarın cibinə qoyanda, tez-tez mənimlə müqayisə olunan “on min manat”lıqla tanış olduq. Çox köhnə və kasıb görünürdü. Bir az da kefsiz idi. Mənsə təzəliyimlə öyünürdüm. Yoldaşlığımız çox qısa sürdü. Yeni tanış olmuşduq ki, qoca kişi məni cibindən çıxarıb, satıcıya uzatdı. Satıcı heç mənə fikir də vermədi. Eləcə tulladı kassaya. Görünür, onun əlinə mənim kimilərdən çox keçmişdi. Kassada da öz yoldaşlarımı tapdım. Məndən əlavə, burada bütün pul vahidlərindən var idi…


