AB məcburi miqrant kvotası təklif edəcək

Britaniya mediasının məlumatına görə, Avropa Birliyinin icraedici qurumu birliyin 28 üzvünə təklif edəcək ki, Aralıq dənizindən keçərək Avropaya gələn minlərlə qaçqının yerləşdirilməsi üçün məsuliyyəti paylaşsın.
 
Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker mayın 13-də “məcburi miqrant kvotası sistemi” təklif edəcək, The Times yazıb.
 
BMT-nin məlumatına görə, bu il 60 min nəfər Aralıq dənizindən keçməyə cəhd edib, min 800 nəfər dənizdə həlak olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 dəfə çoxdur.
 
Hər bir ölkəyə göndərilən qaçqınların sayı ÜDM, əhali sayı, işsizlik səviyyəsi və sığınacaq axtaranların sayına uyğun müəyyənləşdiriləcək.
 
Hazırda sığınacaq axtaranlar üçün ayaq basdıqları ölkə məsuliyyət daşıyır.
 
Mayın 11-də AB-nin xarici siyasət rəhbəri Federika Mogerini BMT-nin Təhlükəsizlik Şurasından xahiş edəcək ki, Liviyadan gələn insan alverçilərinə qarşı gücdən istifadəyə icazə versin.