Gülən PKK ilə işbirliyi ittihamına sərt cavab verdi

Türkiyənin hökumətyönlü mediası Fətullah Gülənə qarşı yeni iddia ilə çıxış edib. İddiaya görə, Gülənin başçılıq etdiyi “paralel dövlət” PKK-ya 15 milyon dollar pul verib, terror təşkilatı isə həmin pula silah alıb.

Yazılanlara görə, “Gülən camaatı” 1993-cü ildə İraqın şimalında açdığı Fəza məktəblərini qorumaq üçün PKK ilə anlaşmaya gedib. PKK-nın məktəblərə hücum etməməsi üçün terror təşkilata 15 milyon dollar rüşvət verilib. Bundan başqa “Gülən camaatı” PKK-yə zəmanət verib ki, Türkiyənin təhlükəsizlik qüvvələrinin məktəblərə daxil olmasına icazə verilməyəcək.

Yazıda o da bildirilir ki, İraqın şimalındakı məktəblərinin sayını 2002-ci ildə 32-yə çatıdran “Gülən camaatı” vergidən, elektrik enerjisi və suya görə xərclərdən də azad edilib. Sonradan adları dəyişdirilərək İşıq Kollecləri qoyulan bu məktəblərin fəaliyyətindən “Gülən camaatı”nın milyardlarla dollar gəlir götürdüyü də iddia olunur.

Fətullah Gülən isə Türkiyə telekanallarından birinə açıqlamasında bu iddiaları rədd edib. “Bu günə qədər haqqımda olmazın ittihamlar səsləndirilib. Mən demişəm və bir kəs daha deyirəm ki, haqqımda yalanlar, iftiralar yazan hər kəsə öz haqqımı halal edirəm. Örgütə, çətəyə bağlı olan, örgüt, çətə yaradan şəxsin özü də, 7 sülaləsi də yerin dibinə batsın. Amma yalan deyənlər də “elə olsun, belə olsun” demirəm. Sadəcə bunu deyirəm; örgüt quran, ona bağlılğı olan şəxsin özü və 7 süllaləsi yerin dibinə batsın”, – deyə o bildirib.

azadliq.info