Uzun gecələrdən sonra…

elnurastanbeyli@gmail.com
 
Bu gün 9 maydır – XX yüzilin, ümumiyyətlə isə tarixin ən qorxunc, ən rəzil bəlalarından biri faşizm üzərində qələbədən 70 il keçir. Bu qələbədə əməyi olan hər kəsi ehtiramla anmaq insanlıq borcudur. 
Nə yazıq ki, aradan 70 il keçdikdən sonra bəşəriyyət hələ də faşizmin yeni görsənişlərindən – antidemokratik rejimlərdən, avtoritar və totalitar idarəetmələrdən, irqi ayrı-seçkilikdən, dini ekstremizmdən, hər cür terrordan, iqtisadi istismardan əziyyət çəkməkdədir. Hər bir tərəqqipərvər  insanın bir nömrəli vəzifəsi belə urfaşist meyllərə qarşı dayanmaq, dirənmək, insanların hürcə, özgürcə rifah, sevgi, hüzur və barış içində yaşaya biləcəyi dünya qurmağa yardım etməkdir.
Mən Hitler faşizminə qarşı savaşdan danışanda daha çox Stefan Sveyqi xatırlayıram. Bu görkəmli alman yazarının  yaradıcılığı ilə bir neçə il öncə tanış olmağa başlamışam, ilk oxuduğum əsəri “Naməlum qadının məktubu”dur. Oxuyunca dəhşətli dərəcədə təsirlənmişdim. Sonra “Bir qadının iyirmi dörd saatı” və “Dünənin dünyası”nı oxudum, bir neçə gün əvvəl isə tarixi miniatürlərdən ibarət “Bəşəriyyətin ulduzlu saatları”nı oxuyub bitirdim. Sveyqi hələ də oxumayanlar üçün adını çəkdiyim hər bir əsəri məsləhət bilirəm. Mütləq onun kitablarını əldə edib oxusunlar. Əsl ədəbiyyat necə olur, görsünlər. Anarın, Vüqar Əhmədin, Yusif Həsənbəyin, canım sizə desin, Yunus Oğuzun-zadın ağaclara qarşı zülmdən, havayı kağız israfından başqa bir şey olmayan kitabları ilə uzağa getməyin, normal cəmiyyət yaratmağın mümkünsüzlüyünü anlasınlar. 
Mətləbdən uzaqlaşmayaq. Bəli, Hitler faşizmi üzərində qələbə çoxdandır mənim üçün həm də Stefan Sveyqin adı ilə assosiasiya olunur. Hətta 9 mayın tarixdəki parlaq yerinə, müstəsna dəyərinə əsla kölgə düşürmədən deməliyəm ki, mənə görə, Hitler faşizmi 1945-ci ilin bu günündən daha çox 1942-ci ilin soyuq bir qış günündə – fevralın 23-də artıq mənən məğlub olmuşdu. Bu həmin gündür ki, Sveyq müharibəyə etiraz olaraq arvadı ilə birlikdə intihar etdi. 
Nasistlərin hakimiyyətə gəlməsindən sonra ölkəsini tərk edərək əvvəl Ingiltərəyə, daha sonra Nyu-Yorka, lap axırda da Braziliyaya yollanan Stefan Sveyq faşizmin sürətlə çiçəklənməsindən bərk sarsılmışdı, nasizmin Avropada taun kimi yayılması onda inanılmaz ruhi düşkünlük yaratmışdı, o, Avropanın siyasi və mənəvi-psixoloji böhrana düçar olmasını, vicdani dəyərlərdən uzaqlaşmağa başlamasını qəbul və həzm edə bilmirdi. Sonda isə bütün bu mənfur gedişata üsyanını intiharla bildirdi! 
Belə bir sonluq məntiqidir: Sveyq əsərlərində faşizmə və faşizmin timsalında hər cür anti-insani əyləmlərə qarşı yaradıcı duruşunu və dirənişini öz fiziki ölümü ilə pik nöqtəsinə çatdırdı. O, gələcəklə bağlı ümidsiz deyildi, o, faşizmin də bütün insanlıqdışı cinayətlər kimi məğlubiyyətə düçar olacağını şübhəsiz bilirdi, sadəcə, həmin anı gözləməyə hövsələsi yox idi (elə intihar məktubunda yazdığı kimi: “Bütün dostlarımı salamlayıram. Qoy onlara uzun gecədən sonra günəşi görmək nəsib olsun. Mən isə həddən artıq səbrsizəm və onlardan öncə bu həyatı tərk edirəm”).
Əminəm, Sveyq intihar qərarını həm də ona görə vermişdi ki, “uzun gecədən sonra günəşi görmək” üçün sadəcə, bioloji qurbanlar azdır, mənəvi nümunələr də lazımdır, elə nümunələr ki, insanlığı faşizmə, onun hər cür görsənişinə qarşı mübarizəyə, dirənişə çağırsın, bu yolda birləşdirsin. 
Bəli, Hitler faşizmi 1942-ci ilin 23 fevralında Sveyqin intiharı ilə artıq mənən, ruhən məğlub oldu, 1945-ci ilin 9 mayı isə bu məğlubiyyətin rəsmiləşməsi, mənəvi zəfərdən real qələbəyə çevrilməsi idi. 9 may nasistlərə qarşı son qurşunu atanlarla bərabər, həm də Sveyqin şah əsəridir. 
Ona görə də bu gün – bəşəriyyət tarixinin ən həlledici, qürurverici, parlaq günlərindən birində Sveyqi anmağı borc bildim. Həm də indinin özündə həyatlarını Şərə, “uzun gecələrə”, qaranlığa, vəhşətə, zülmə xidmətdə keçirənlər, beləcə, mədəsini güdüb amma vicdanlarını kirlədənlər bəlkə Sveyq haqqında bu sətirləri oxuyarkən bir azca utandılar.  
Çox yox, bir azca, azacıq…