Cənnət Azərbaycandakı QIZIL dustaqların ayaqları altındadır!

Məlahət Ağacan
 
Hardasa 23 ilə yaxındır, dünyanı yerlə-göy arasında tikdiyim evdən izləyirəm. Hətta vaxtilə bu haqda bir şeir də yazmışdım: “Bir ev tikdim yerlə-göy arasında, məndən başqa qapısını açan yox, məndən başqa qapısından girən yox”.
Dünyada baş verən hadisələri monitor arxasından izləməyim Stiven Hokinq kimi sağlığımla bağlı deyil, başqa üzrlü səbəblər var. Insanlardan uzaqda olmağım çox acı versə də, “kosmonavt həyatım”ın mənə böyük xeyri də var: mən adamları uzaqdan müşahidə etməklə daha yaxşı tanıyıram. “Kosmos”dan müşahidələrim heç də ürəkaçan deyil, hətta arada sevinirəm ki, Allahım, nə yaxşı o ikiüzlü, saxtakar, yaltaq, qorxaq… məxluqlardan çox uzağam. 
Xüsusilə mətbuat elə iyrənc bir hala düşüb ki, müşahidələrimi kiminləsə bölüşməyə utanıram, amma uzun müddət susmaq da olmur. Məsələn, cəsur, vicdanlı bir curnalist, siyasətçi? həbs olunan kimi, onlara nifrət edən də, sevən də bir-iki məqalə yazıb, qonorarını alıb, susur. Sanki həbs olunan qısa sürən xəstəlikdən sonra qəfildən vəfat edir, jurnalist də “nekroloqu” ilə oxuculara, “mərhum”un qohum-əqrəbasına başsağlığı verir. Vicdanlı insanlara edilən haqsızlıq üçün mətbuatda, sosial şəbəkələrdə uzağı iki-üç gün “yas” saxlanılır, sonra saytlarda, “facebook”da toy-bayram davam edir: səhər kədərli məqalə yazan jurnalist, axşam toyda çəkdirdiyi şəkillərini paylaşır. Uşağının toy şəkillərini, nəvəsinin təzə dişini… paylaşanlar sanki yarışa girirlər. Azərbaycan cəmiyyəti elə bir hala düşüb ki, səhər hüzr yerinə gedib saç yolub-üz cıranlar, axşam toyda əllərinə xına yaxıb, bayılana kimi oynayırlar…
Bir vaxtlar çox məşhur olan “Gənclik”-"Molodost" jurnalı yaranan gündən, bağlanana kimi jurnala gələn bütün məktubları oxumaq və şöbələrə paylamaq həyatımdakı ən sevimli işlərimdən biri olub. Heç yadımdan çıxmır, bir dəfə “Moldost”un əməkdaşı Çingiz Sultansoy itən bir məktub üstündə məni möhkəm danlayanda, Hüseyn Əfəndi qorxduğumu görüb gülə-gülə mənə yaxınlaşıb dedi: “Çingizin hay-küyündən qorxma, ürəyi çox təmiz oğlandır. O, sözü üzə dediyi üçün, hakimiyyəti çəkinmədən tənqid etdiyinə görə biz də başdan ondan qorxurduq, elə bilirdik agentdir. Çingiz redaksiyadan çıxan kimi tez stolların altını, hər yeri axtarırdıq, hətta soyuducuya kimi baxırdıq, elə bilirdik səsimizi yazmaq üçün harasa qurğu qoyub. Sonra onu tanıdıqca, gördüm ki, redaksiyada onun qədər saf olanı yoxdur”. Niyə bu xatirə yadıma düşdü? Aradan hardasa 25 ildən çox vaxt keçsə də, Çingiz Sultansoy 25 qram da dəyişməyib: nə zahirən, nə də daxilən. Məncə, insan daxilən dəyişməyəndə, zahirən də dəyişmir. Dostoyevski demişkən, bu dünyada ən zor iş özünə sadiq qalmaqdır. Təəssüf ki, ÖZÜNƏ sadiq qalanlar barmaqla sayılacaq qədər azaldılar, özünə xəyanət edənlər isə gündən-günə artır. Özünə xəyanət edənlər isə bütün xəyanətləri, hər namərdliyi edə bilər…
Üç ay öncə çox yaxın bir doğmama ağır diaqnoz qoyulanda əl-ayağımız yerdən üzüldü, onu müxtəlif yerlərə müainəyə aparsaq da hər yerdə “ömrünə 2-3 gün qalıb” dedilər. Ən sonda bir həkim dedi ki, “özünüzü üzməyin, hər şey bədənin xəstəliyə müqavimətindən və qidalanmadan aslıdır. Ona ancaq təbii alma şirəsi içirdin…” Həkim “ona təbii alma şirəsi içirdin” deyəndə elə bildim ki, dünyanın ən asan, ən ucuz yeməyini, dərmanını məsləhət görüb, amma heç də elə deyilmiş. Dükan-bazarda “Qızıləhmədi” almasından başqa hamısı soyuducuda saxlanan almalar idi, onların şirəsi isə təbii sayılmırdı. Bir dəfə dözməyib həmişə meyvə aldığım satıcıya dedim ki, yaxşı ki, heç olmasa “Qızıləhmədi” almasını da soyuducuda saxlamırlar, yoxsa ağır xəstəyə vermək üçün təbii şirə tapmazdıq. Satıcı gülüb dedi ki, “Qızıləhmədlə bacarmırlar, onu soyuducuya qoyanda xarab olur, ziyana düşürlər”. Ağır xəstə olan, boğazından su da keçməyən doğmamı “Qızıləhmədi” almasının şirəsi sağaltdı, ağır xəstə olan Azərbaycan cəmiyyətini isə ancaq qızıl kimi dəyərli insanların – Qızıl Xədicənin, Qızıl Leylanın, QızılTofiqin, Qızıl Intiqamın, Qızıl Ilqarın, Qızıl Seymurun, Qızıl Nidaçıların… azadlıqda olması xilas edə bilər, çünki onları zindanda saxlamaqla cəmiyyət xarab olur, ölkə, millət dəhşət ziyana düşür…