Avropaya getməmək üçün növbəti bəhanə

Novruz Məmmədov Assosiasiya sazişindən imtinanın «səbəb»ini açıqladı

 
Riqa sammiti ərəfəsində hakimiyyətin AB-ya ünvanlanan ittihamları səngimək bilmir. Hakimiyyətin Assosiasiya sazişini imzalamamaq üçün gətirdiyi arqumentlər də maraqlıdır. Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində" mövzusunda hazırladığı məqalədə bu barədə fikirlərini bölüşüb.
N.Məmmədov məqaləsində Azərbaycanın Assosiasiya sazişini imzalamaqdan imtina etməsinin “səbəblərinə” aydınlıq gətirib: “Azərbaycan ”Şərq Tərəfdaşlığı" Proqramının iştirakçısı olsa da, Avropa Birliyi ilə assosiasiya və azad ticarət zonası haqqında sazişlər imzalanmasını sürətləndirmədi, özünün bu mövqeyini əsaslandırmaq üçün kifayət qədər inandırıcı arqumentlərdən istifadə etdi. Bu razılaşmalardan sonra Avropa Birliyinin Azərbaycana qarşı iqtisadi təsir imkanı hətta Azərbaycanın, ümumiyyətlə, daxil olmadığı Dünya Ticarət Təşkilatının iqtisadi təsir imkanlarından daha güclü olardı. Bundan başqa, biz Avropa strukturu ilə Assosiasiya sazişini həm də ona görə imzalamadıq ki, Avropa Birliyi ölkəmizin ərazi bütövlüyünün tanınması ilə bağlı mövqeyini bu sənəddə nümayiş etdirmədi. Halbuki bu münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Digər tərəfdən, necə olur ki, Avropa Birliyi Gürcüstanın, Moldovanın və Ukraynanın ərazi bütövlüyünü tanıyır, Azərbaycana gəldikdə isə belə mövqe tutur?".
Amma görünür, N.Məmmədova məqaləsində AB-ın strukturu olan Avropa Parlamentinin iki dəfə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyanat verməsini, Ermənistan qoşunlarının işğal altında olan torpaqlardan çıxarılmasını xatırlamaq sərf etmir. Çünki o zaman hakimiyyətin gətirdiyi bəhanələrin üstündən xətt çəkilmiş olacaq.
Mövzu ilə bağlı danışdığımız siyasi ekspertlər də eyni fikri bölüşürlər. Əvvəlcə onu qeyd edək ki, Azərbaycan 2009-cu ildən bəri Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramına qoşulub. “Şərq Tərəfdaşlığı” proqramında məqsəd Avropa Birliyinin bu çərçivədə əməkdaşlıq etdiyi ölkələrdə siyasi, sosial-iqtisadi və hüquqi islahatların demokratik prinsiplər əsəasında aparılmasını dəstəkləməkdir. Bu proqrama qoşulmuş altı ölkədən üçündə – Ukrayna, Moldova və Gürcüstanda demokratik islahatlar prosesi xeyli sürətlənib. Təsadüfi deyil ki, Ukrayna, Moldova və Gürcüstanla Assosiasiya sazişləri artıq imzalanıb. Ötən altı il ərzində Azərbaycan hakimiyyəti “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində nəzərdə tutulmuş islahatlar paketinə açıq-aşkar etinadsızlıq göstərib. Avropa Birliyi ilə Azərbaycan hakimiyyəti bu sahədə faktiki heç bir ciddi əməkdaşlıq etməyib. Hakimiyyət ən müxtəlif bəhanələrlə prosesdən yayınmağı prioritet seçib. 
Ekspertlərə görə, Qarabağ məsələsinə gəlincə, bu məqam Avropa Birliyi ilə Avrointeqrasiya yolunda əməkdaşlıq etməmək üçün bir bəhanədir. Nəzərə almaq lazımdır ki, Avropa Birliyilə Assosiasiya müqaviləsi imzalamış Moldovanın Dnesteryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiya, Ukraynanın isə Krım və Donbas problemi var. Bu faktlar onu göstərir ki, Azərbaycan hakimiyyətinin Avropaya inteqrasiya olunmaq niyyəti yoxdur. Azərbaycan hakimiyyəti Avropa Birliyi ilə siyasi sahədə deyil, yalnız iqtisadi sahədə əməkdaşlığa üstünlük verir.
Hikmət