“Heç bir ölkənin digər ölkəyə insan hüquqları adı altında, bunu alver predmetinə çevirib onun daxili işlərinə qarışmaq olmaz. Lakin hazırda bunların mövcud olması bizi narahat edir”. Trendin məlumatına görə, bunu Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov jurnalistlərə müxalifət nümayəndələrinin “Azərbaycan iqtidarı niyə ABŞ-ı, Barak Obama administrasiyasını tənqid atəşinə tutur, amma Rusiyanı, Putini yox?” fikirlərinə münasibət bildirərkən deyib.
Vitse-spiker qeyd edib ki, Azərbaycan həmişə ATƏT-in Minsk Qrupu üzvlərini – ABŞ-ı, Rusiyanı, Fransanı tənqid edib: “Lakin 20 ildən artıq müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında heç bir irəliləyiş əldə edilməyib. Amma burada yanaşma fərqli olmalıdır. Bir var ki, hansısa dövləti tənqid edəsən, məsələn, biz də tənqid edə bilərik, bizi də tənqid edə bilərlər, bir də var ki, ölkənin daxili işlərinə qarışasan. Söhbət bundan gedir”.
Ziyafət Əsgərov bu fikirləri ilə hakimiyyəti ifşa edib. Vitse-spikerin dediklərindən aydın sezilir ki, Azərbaycan iqtidarı üçün hakimiyyət maraqları milli maraqlardan daha önəmlidir. Hakimiyyət Qarabağ məsələsində açıq-aşkar Ermənistanın yanında dayanan Rusiyanın milli maraqlarımıza zidd addımlarına ona görə reaksiya vermir ki, Moskva Azərbaycanda insan haqları sahəsində vəziyyətin acınacaqlı olmasından narahatlığını bildirmir. Azərbaycan hakimiyyətinə demokratiya çağırışları etmir. YAP iqtidarını korrupsiyaya qarşı mübarizəyə çağırmır. Amma ABŞ və Avropa bu məsələləri də dilə gətirdiyinə görə iqtidarın hədəfinə çevrilir.