
Neftin qiymətinin ucuzlaşması və manatın devalvasiyasından sonra ölkədə ərzaq və digər zəruri malların qiymətində bahalaşma müşahidə olunub. Lakin rəsmilər ölkədə vəziyyətin getdikcə pisləşdiyini etiraf etmək və qarşısını almaq əvəzinə Avropa ölkələrinin «acınacaqlı» həyatının halına yanır. Rəsmi mətbuat Avropa ölkələrində iqtisadi böhranın getdikcə dərinləşdiyini və əhalinin ağır vəziyyətdə olduğunu iddia edir. Lakin kiçik araşdırma bunun yalan olduğunu üzə çıxarır.
Əvvəlcə qeyd edək ki, Azərbaycanda orta aylıq əmək haqqı 440 manatdır (370 avro). Vətəndaşların orta aylıq gəlirinin əhəmiyyətli hissəsini ərzaq məhsullarının alınmasına sərf edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ərzağa xərclənən vəsait əmək haqqının 60-65 faizini təşkil edir. Dünyada qəbul olunmuş qaydalara əsasən, ailə büdcəsinin 35 faizi ərzağa xərclənirsə, bu, yoxsulluq həddi sayılır.
Azərbaycanda bu göstəricinin təxminən iki dəfə artıq olması rəsmilərin əhalinin rifahının günü-gündən artdığı ilə bağlı dediklərinin nə dərəcədə həqiqətdən uzaq olduğunu göstərir. Gəlirinin böyük hissəsini ərzağa xərcləyən vətəndaşın digər problemlərini həll etmək imkanları məhdudlaşır. Onu da qeyd edək ki, əksər sahələrdə çalışanlar, xüsusilə də müəllim və həkimlər 440 manatdan xeyli az maaş alır. Ölkədə yaşayış minimumu əmək haqqını üstələyir.
Ümumiyyətlə, ərzaq xərclərinin miqdarı ölkədə həyat səviyyəsini əks etdirir. Bu xərclər nə qədər azdırsa, həyat səviyyəsi bir o qədər yüksək hesab olunur.
Bəs Avropa ölkələrdə əhali ərzağa nə qədər pul xərcləyir?
Hakimiyyət telekanallarının «qaraladığı» Almaniyada gündəlik istifadə olunan ərzaqların qiyməti belədir:
– mal əti 6,9 avro,
– 250 qramlıq kərə yağı 1,79 avro,
– şəkərin 1 kq 1,45 avro,
– südün bir litri 0,60 avro,
– un – 0,25 avro,
– 1,5 litr mineral su – 0,19 avro,
– yarım kq makaron – 0,49 avro,
– alma 1kq – 1,99 avro,
– kivi 1 kq – 1.99 avro,
– portağal – 1kq 1.50 avro,
– banan 1 kq – 1.29 avro,
– kartof – 1kq 0,45 avro,
– soğan – 1 kq 0,60 avro,
– pomidor 1 kq 1.29 avro,
– xiyar -1 ədəd 0,49 avro,
– toyuq döş əti -1 kq 5,48 avro,
– hinduşka döş əti – 1 kq 7,18 avro,
– qanad – 1 kq 3,62 avro,
– toyuq -1,3 kq 2,84 avro,
– zeytun yağı – 1 litr 4,25 avrodur.
Almaniyada adambaşına düşən ÜDM 40 min dollar, orta aylıq əmək haqqı 3 min avrodur.
Azərbaycanda adambaşına düşən ÜDM 10 min dollardır.
Adambaşına düşən ÜDM 41 min dollar olan Fransada da orta aylıq əmək haqqı təxminən 2500-3000 avrodur. Bu ölkədə –
– bananın 1 kq – 1,70 avro,
– pomidor – 1,60 avro,
– şəkər tozu – 1,1 avro,
– almanın 1 kq – 1,50 avro,
– bir litr süd 0,75 avro,
– qoyun əti – 8 avro
– mal – 6-12 avrodur.
Adambaşına düşən ÜDM 43 min 300 dollar olan Hollandiyada da orta aylıq əmək haqqı 3000 avroya yaxındır.
Qiymətlər isə belədir:
– yağ (kərə yağı – duzsuz; 250 q) – 1,15 avro,
– kartof (1 kq) – 0,23 avro,
– soğan (1 kq) – 0,26 avro,
– toyuq (1 kq) – 2,70 avro,
– mal əti (buzov əti) – 7,50 avro,
– şəkər tozu – 0,60 avro,
– baliq (kutum) – 9,50 avro (kq).
Bu ölkələrdə əhali aylıq gəlirinin təxminən 9-10 faizini ərzağa xərcləyir.
Avropa Birliyinə üzv olan digər ölkələrdə də vəziyyət oxşardır.
Onu da qeyd etmək lazımdır ki, dünya bazarında neftin qiymətinin ucuzlaşmasından sonra Azərbaycandan fərqli olaraq Avropa ölkələrində qiymətlərdə kəskin ucuzlaşma müşahidə olunub.
azadliq.info