Andsız, umudsuzam daha
Ac və susuzam, qardaşlar,
Andsız, umudsuzam daha.
Içimdəki Allah acdı,
Acdı, and olsun Allaha.
Bu şərə yenilmiş millət,
Bu da can verən bir ölkə…
Niyə bizi görmür Allah,
Allahımız ölübdü bəlkə?
Ölübdü bəlkə… Bilmirik,
O Istanbul, bu da Bakı…
Dəstəyindən qan süzülən
Bir xəncərdi ruhumdakı.
…Dənizə dirənən bir küçə
Əksi gözlərimin yaşında…
Harın kişilər keçir… Və…
Qızlar, qızlarım yaşında.
And olsun Allaha, daha
Baxa bilmirəm gözlərə.
O gözlər nə cür sığacaq
Bu tabut, bu məzar sözlərə?
Nəfsim – bu fahişə, ləçər,
Məni də qoyacaq arada,
Salam küçələrə, salam,
Fahişə qadınlara da…
Ac və susuzam, qardaşlar,
Andsız, umudsuzam daha.
Içimdəki Allah acdı,
Acdı, and olsun Allaha.
Üsyan, iztirab, qiyam, ağrı ilə içinizə dolan bu misralar Rüstəm Behrudinindi…
Bu nə cür məmləkətdi,
Bəndəsi haqq istəmir.
Torpaq da bizdən bezib,
Vətən olmaq istəmir.-
deyən R.Behrudinin.
Rüstəm Behrudi…
Bu ad Türk dünyasında təkcə “Şaman duaları”, “Boz qurd”, “Salam, dar ağacı” kimi məşhur qara cildli kitabların üstündəki imza-ad deyil. O həm də 2 min illik bir tarixi, düşüncəni, mifik dünyagörüşü özündə ehtiva eləyən böyük fikir və düşüncə adamıdır.
Heç təsadüfi deyil ki, hələ 80-ci illərin əvvəllərində böyük türkçü alim, mifoloq Mirəli Seyidov yazırdı: “Türk mifik düşüncə tərzi, Turan ideyası və Türk millətçiliyi XX əsrin sonlarında Rüstəm Behrudinin şeirləri ilə yenidən həyat qazandı”.
Türk oxucusu hələ 80-ci illərin sonlarında onu, böyük türk alimi Ə.B.Ərculasının təqdimatında və ön sözü ilə “Şaman duaları” kitabı ilə tanıdı.
Sonradan Ankara, Istanbul və Izmirdə çap olunan “Tənhalıqda ölüm qorxusu yoxdu”, “Yer üzü görüş yeridi” və s. kitabları, “Salam, dar ağacı”, “Boz qurd” şeirləri türk oxucusunun yaddaşında onun adını altun həriflərlə yazdı.
Bu günlərdə Türkiyədə milliyyətçi, türkçü və Turançı gəncliyin sevimlisi olan R.Behrudinin 3 kitabdan ibarət olacaq trilogiyasının 1-ci kitabı “Salam, dar ağacı” adı ilə oxuculara ərməğan edilib.
Kitab Doktor Həyati Bicenin “Əmirin hüzurunda yazılan şeir” adlı ön sözü ilə nəfis şəkildə çap olunub. “Şaman duaları” ilə başlayıb “dar ağacı” ilə bitən bu kitabın Istanbuldan Ərzuruma, Ankaradan Bursaya, Sivasdan Tokata, Ədirnədən Adanaya, Trabzondan Izmirə bütün qapıları döyəcəyinə, müsafir yox, ev sahibi olacağına əminik.
Adalet Nilgün – (“Salam, dar ağacı”nın ilk oxucusunun rəyi, Istanbul):
“Elbette, Türk Edebiyatı’nda sayısız değerli şair ve bu şairlerimizin eşsiz şiirleri yer bulmuş, bizlerde – özellikle milli ruhumuza hitab eden- bu şiirleri zaman zaman coşarak, zaman zaman çok hislenerek defalarca okumuş, şairlerini minnet ve takdirlerle yad etmişizdir.
Ama, her gün mutlaka okuduğum/dinlediğim ve hatta çocuklarımı yetiştirirken vatan sevgisi, cesaret ve fedakarlık gibi her TÜRK’ün mutlaka taşıması gereken duygularının gelişmesinde çok büyük rolü olduğuna inandığım SELAM DARAĞACI şiiri ve onun Ulu Şairi Rustem Behrudi Bey’in bendeki yeri çok ayrıdır".
Çiçək Həsənova (oxucu rəyi, Bakı):
“Rüstəm Behrudi mənim üçün türklüyün, türkçülüyün gəlib keçmiş ən boyük şairlərindən biridir. Bunu hələ 25 il bundan əvvəl yazdığı ”Şaman duaları" kitabını oxuyarkən anlamışdım. Belə olmasaydı, türk dünyasının boyük alimi Ə.B Ərculasun yazmazdı ki, R.Behrudi bir şaman nəvəsi… Hüseynzadə Əli, Ziya Göyalp, Ismayıl Kaspıralı, Yusif Akçura… Bunların hamısı birər “şaman nəvəsi” deyilmi? R.Behrudi ağzı dualı bir şaman nəvəsi".
Görkəmli türkoloq alim, akademik T.Hacıyevin onun haqqındaki fikirlərini onu sevənlərlə bolüşmək istədim:
“Dədə Qorqud kitabından sonra heç kəsdə etnik tariximiz R.Behrudidə olduğu qədər bu genişlikdə bədiilik əlamətinə çevrilməyib. Bu gün türkün adına sığınıb əsl sifətini gizlədən qeyri türklərin və antitürklərin baş alıb getdiyi, hətta təntənə etdiyi bir zamanda onun şeirləri bizə mənəvi dərmandır. Türk dünyasının dar günüdür. Onun şeirləri dar günün şeirləridir. Onun ”Ata dili" şeirini Sabirin “Fəxriyyə”si ilə müqayisə edərdim. R.Behrudinin şeirləri günümüzün tarix dərsliyidir".
Sağlığında şairi dəyərləndirən böyük fikir və düşüncə adamlarına eşq olsun!?
P.S.Biz də “Azadlıq” olaraq şairi təbrik edirik:
Nəyə döndüm, niyə döndüm,
Indi məni kim bağışlar.
Əfv eləyin uşaq vaxtı
Yuvasın pozduğum quşlar-
deyib, ağacdan, otdan, çiçəkdən, quşdan halallıq istəyən şairi.