“İdman turnirlərini avtoritar ölkələrə verməyin!”

Avropa Parlamentinin deputatları FIFA və Beynəlxalq Olimpiya Komitəsinə müraciət etdi

 
Almaniya mediası Avropa Oyunları ərəfəsində Azərbaycandakı repressiyalardan yazır
 
Iyunda Bakıda keçiriləcək Avropa Oyunları yaxınlaşdıqca dünya mediasının Azərbaycana diqqəti də artır. Xüsusən, “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının Avropa Oyunları fonunda Azərbaycanla bağlı hesabat və çağırışları xarici media üçün mövzunu aktuallaşdırıb. Almaniyanın dünyaca nüfuzlu “Der Spiegel” jurnalı, “Deutsche Welle” Azərbaycanda insan haqlarının pozulması, repressiyaların güclənməsindən bəhs edən materiallar yayımlayıb.
 
***
 
“Der Spiegel” jurnalı “Bakıda Avropa Oyunları: Avropa Parlamentinin deputatları insan haqlarının nəzərə alınmasını istəyir” başlıqlı məqalədə yazır:
Avropa Oyunlarının Azərbaycanda keçirilməsi “insan hüquqları sahəsində problemlər və idman” mövzusunu yenidən aktuallaşdırıb. Deputatlar tələb edir ki, idman turnirlərinə “ev sahibliyi” edən dövlətlər müəyyənləşdirilərkən həmin ölkələrdə insan hüquqlarının vəziyyəti əsas rol oynamalıdır. 
Futbol üzrə dünya çempionatına “ev sahibliyinin” Rusiya və Qətərə həvalə olunmasını, yaxud Avropa Oyunlarının Azərbaycanda keçirilməsini Avropa Parlamentinin deputatları, “Human Rights Watch” tənqid edərək bildirib ki, böyük idman turnirlərilə bağlı qərarlar verilərkən insan hüquqları məsələsi nəzərə alınmır.
Avropa Parlamentinin insan haqları komitəsinin sədri, Ispaniyadan olan deputat Yelena Valensiano çərşənbə günü Brüsseldə keçirilən dinləmələrdə bildirib ki, bu və ya digər turnirə “ev sahibliyi” edəcək ölkə ilə bağlı qərarlarda insan haqlarının nəzərə alınmaması daha uzağa gedən xoşagəlməz nəticələrə səbəb ola bilər.
Avropa Parlamentinin bir neçə deputatı istər FIFA-dan, istərsə də Beynəlxalq Olimpiya Komitəsindən tələb edib ki, turnirlərlə bağlı qərarlar qəbul olunarkən insan haqları başlıca kriteriya olmalıdır. Idman turnirlərində insan haqları amili ilə bağlı qətnamə layihəsi hazırlanmalıdır. Çünki idman turnirlərinin avtoritar ölkələrdə keçirilməsi tendensiyası genişlənir.
FIFA nümayəndələri, həmçinin Avropa Olimpiya Komitəsinin təmsilçiləri səslənən fikirləri dəstəkləyib.
“Human Rights Watch” Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində bu ölkədə insan haqlarının pozulması, o cümlədən mətbuat azadlığının boğulmasıyla bağlı öz narahatlığını ifadə edib. Təşkilat Azərbaycandakı vəziyyətlə əlaqədar idman federasiyalarına və siyasətçilərə çağırış edib.
“Biz hökumətləri yüksək vəzifəli şəxslərdən ibarət nümayəndə heyətlərini Bakıda keçiriləcək turnirin açılış mərasiminə göndərməməyə çağırırıq”, – deyə təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyuc Uilyamson bildirib.
“Human Rights Watch” Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabat hazırlayıb.
“Azərbaycan hökuməti son vaxtlar tənqidçilərə qarşı heç vaxt olmadığı qədər qəddar davranır” – bunu isə təşkilatın bu region üzrə məsul nümayəndəsi Ceyn Byükenen deyib.
“Human Rights Watch”ın məlumatına görə, təkcə ötən il bu ölkədə ən azı 35 nəfər jurnalist, hüquq müdafiəçisi və siyasi fəal həbs olunub.
“Biz yarışın keçirilməsinin əleyhinə deyilik. Insan hüquqlarının pozulmasına məsuliyyət daşımayan adamların, o cümlədən idmançılar, azarkeşlər və komandaların əziyyət çəkməsini istəmirik. Ümid edirik ki, Avropa Olimpiya Komitəsi bu ölkədə baş verənləri susqunluqla kənardan müşahidə etməyəcək və siyasi məhbusların azad edilməsi üçün səylər göstərəcək”, – deyə Byükenen əlavə edib.
 
***
 
“Deutsche Welle” “Human Rights Watch” Azərbaycanı sərt tənqid etdi" başlıqlı məqalədə yazır:
Bakıda keçiriləcək Avropa Oyunlarının başlamasına bir aydan bir qədər artıq müddət qaldığı bir vaxtda dünyada tanınmış hüquq-müdafiə təşkilatı boykot çağırışı ilə çıxış edib. Təşkilat bəyan edir ki, turnirə “ev sahibliyi” edən Azərbaycanda siyasi vəziyyət çox ağırdır.
“Human Rights Watch”ın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyuç Uilyamson bildirib ki, Avropa dövlətlərinin hökumətləri yüksək səviyyədə nümayəndə heyətlərini bu turnirin açılışına göndərməkdən imtina etməlidir.
Tənqidçilər Azərbaycanda Avropa Oyunları ərəfəsində hökuməti tənqid edənlərə qarşı güclənən repressiyalara, jurnalistlərin təqib olunmasına əsaslanırlar. “Human Rights Watch”ın nümayəndəsi də bu yaxınlarda Azərbaycana buraxılmayaraq, ölkədən qovulub.
“Bu ölkədə insan haqları sahəsində getdikcə daha da ağırlaşan dəhşətli vəziyyət, tənqidçilərin təqiblərə məruz qalması diqqət mərkəzində saxlanmalıdır. Azərbaycanın müttəfiqləri, o cümlədən Avropa Ittifaqı hökuməti dəmir həbsxanaya saldırdığı tənqidçiləri azad etməyə, repressiyalara son qoymağa çağırmalıdır”, – deyə “Human Rights Watch”ın region üzrə məsul nümayəndəsi Ceyn Byükenen bildirib.
Lakin “Human Rights Watch” idmançıları Avropa Oyunlarını boykot etməyə çağırmır, hesab edir ki, bu cür addım məsələyə aidiyyəti olmayan adamların cəzalandırılması olardı.
Tənqidçilər bildirir ki, prezident Ilham Əliyev Azərbaycanı diktator kimi idarə edir. Sovet Ittifaqının dağılmasından sonra 1991-ci ildə müstəqillik əldə etmiş bu ölkədə seçkilər azad və ədalətli keçirilmir.
 
Siyasət şöbəsi