Hakimiyyət bütpərəstliyini gizlədə bilmədi

 

Avropalılar məşəlin gəzdirildiyi bütün rayonlardakı meydanların Heydər Əliyevin adını daşımasını necə qarşılayacaq?

Hökumətimiz canfəşanlıqla Avropa oyunlarına hazırlaşır.  Çalışırlar ki, əcnəbi qonaqlar heç bir “çp” görməsinlər.   Yeni avtobuslar, ambulans helikopterlər, səyyar tualetlər alınıb, yollarda tıxac yaranmaması üçün gücləndirilmiş iş rejiminə keçiblər, polislərə xüsusi təlim keçirilir, qida məhsullarının keyfiyyət standarının qaldırılması üçün ciddi iş aparılır və s.
Yəni hakimiyyət çalışır ki, avropalılar Azərbaycanın cənnət olduğunu, demokratiyanın fontan  vurduğunu görsünlər. Görülən tədbirlərdən biri də Heydər Əliyevin portretlərinin yığışdırılması oldu. Hakimiyyət  ölkədə bütpərəstlik siyasətinin aparılmadığını, şəxsiyyətə pərəstiş siyasəti yürüdülmədiyini sübut etmək, ölkədə sülalə hakimiyyətin hökm sürmədiyini göstərmək üçün bu portretlərin yığışdırlmasını zəruri hesab etdilər. Amma bütün işləri kimi, bu gedişləri də uğursuz oldu. Əvvəlki yazılarımızda da bildirmişdik ki, ölkəyə gələn avropalı hər yerdə Heydər Əliyev parkının, muzeyinin, komplekslərinin olduğunu, dərsliklərin ön səhifəsinin Heydər Əliyevin fotosu ilə bəzədildiyini, bütün dövlət strukturlarında Heydər Əliyev guşəsinin yaradıldığını və s. görəcəklər. Amma bu ifşanın ən böyük tərəfi Avropa Oyunları məşəlinin gəzdirilməsi zamanı meydana çıxdı. Diqqət etdinizsə, bu məşəl Azərbaycanı qarış-qarış gəzdi və hər rayonda məşəlin son məkanı Heydər Əliyev meydanı oldu. Artıq bu, qeyri-rəsmi protokol qaydasıdır və məşəl hər rayona çatanda Heydər Əliyev meydanına, parkına, heykəlinə “baş çəkmə”lidir. Təbii ki, bu mənzərəni xarici jurnalistlər, ölkəyə gələn turistlər də izləyirlər. Saatlıdan tutumuş, Lənkərana qədər məşəl əlində yürüyən  idmançılar yalnız Heydər Əliyevin adı ilə bağlı olan məkanda dayana bilərlər.
Yəni Heydər Əliyevin portretlərini yığışdırmaq, ölkəni gül-çiçəklə bəzəmək, real mənzərəni dəyişə bilmədi. Heydər Əliyev adına hava limanından ölkəmizə gəlib, Heydər Əliyev prospekti ilə şütüyən avropalılar, həm də Avropa məşəlinin bütün rayonlarda Heydər Əliyev adına məkanlarda olduğunu da müşahidə edəcəklər. Hakimiyyət özü də bilmədən, ölkədə hansı idaretmənin, hakimiyyətin hansı təfəkkür yiyəsi olduğunun anonsunu verdi.
Bir sözlə, olimpiya məşəli, hakimiyyətin yalanlarını da yandırdı. Avropalılar üçün ən böyük kompromat hakimiyyətin Heydər Əliyev seçimi oldu.
Azad