Belə çıxır ki, ölkə və xalq olaraq bizim müstəqil olmağımızın bir amalı, bir məqsədi varmış, o da birinci Avropa Oyunlarını keçirməkmiş. Və bizim bundan ayrı dərdimiz, azarımız yox imiş. Bütün ölkə yalnız bu işlə məşğuldur, bütün rəsmilər bundan danışır, bütün həyat buna köklənib. Vallah, heç müharibəyə belə hazırlaşmırlar, anlamaq da olmur ki, bu nə sevda, bu nə təlaşdır?
Nə səhiyyədən danışan var, nə təhsili yada salırlar, nə gələcək mövcuddur, nə də keçmiş. Yalnız oyunlar, oyunlar…
Həm də belə çıxır ki, bu Avropa Oyunlarına bütün dünya kölgə salmaq istəyir, o cümlədən də Avropa! Əcəb işdir, axı bu, Avropa Oyunlarıdırsa, Avropa ona niyə kölgə salmaq istəsin? Paxıllıq etsəydilər, elə əvvəldən onu Azərbaycana verməzdilər. Bunu da SMS-lə udmadıq ki! Veriblər Azərbaycana, biz də götürmüşük! Halbuki ağlı başında olan hökumət anlamalı idi ki, öz xalqının dərdlərini həll etməli, oyun-moyuna bu qədər diqqət və xərc çəkməməli idi. Ağzında BIRINCI Avropa Oyunları deyirsən, bu qədər vacib olsaydı, Avropa indiyəcən onunun ən azı on birincisini keçirmişdi. Avropa onsuz bu günə gəlibsə, bizə də onsuz qabağa getməyə heç nə mane olmur və bu qədər xərci ölkənin daha vacib problemlərinə ayırmaq lazım idi.
Başqa sözlə desək, Avropanın özünün indiyəcən keçirmək istəyinə düşmədiyi BIRINCI Avropa Oyunlarına bu qədər güc və xərc sərf etməkdənsə, həmin güc və xərci ölkənin BIRINCI dərəcəli dərdlərinə yönəltmək olardı. Bunu anlamaq beləmi çətindir?
“Oyunlara kölgə salmaq…” ifadəsi indi iqtidarın yalana söykənən təbliğat maşınının cəh-cəhinə çevrilib. Guya bütün dünyanın işi-gücü qurtarıb, hamı Azərbaycanın milyardları göyə sovurmasından ibarət olan bu tədbirə paxıllıq edir və ona qara yaxır, kölgə salmaq istəyir. Azərbaycana yönələn bir irad var: repressiyalardan əl çək, öz vətəndaşlarını təqib etmə, həbsə atılmış siyasi məhbusları azad et!
Xüsusən də, son bir il ərzində həyata keçirilən həbslər seriyası bütün dünyada insan haqları təşkilatlarının diqqətini çəkib, onlar da deyirlər ki, idman yarışı keçirən bir ölkə repressiyalardan niyə əl çəkmir. Bəlkə yalandır?
Deməli, Avropa Oyunları deyilən bu tədbirə də kölgə salan elə özləridir. Son repressiya planını işləyənlər və həyata keçirənlərdir. Bunlar istəyirlər ki, ölkədə ağalıq eləsinlər və sonra idman tədbir keçirib dünya tərəfindən təriflənsinlər. Bunlar istəyirlər ki, idman yarışı məşəlini rayonlarda gəzdirdikləri günlərdə günahsız gənc Fərəc Kərimliyə 6 il 6 ay həbs cəzası versinlər, xalq da, dünya da bunları tərifləsin. Bunlar istəyir ki, Rəsul Cəfərov və Intiqam Əliyevi həbsə atsınlar, amma hər kəs bunların bahalı stadionunu tərifləsin. Bunlar istəyir ki, susdurmaq üçün xəstə Leyla Yunusu ahıl yaşında türmədə çürütsünlər, biz isə idman yarışlarına baxıb xoşbəxtlik hiss edək. Bunlar istəyir ki, curnalist Xədicə Ismayıldan intiqam almaq üçün həbsə atsınlar, amma dünya mətbuatı bunları Avropa Oyunlarına görə yüksəklərə qaldırsın. Bütün bunları isə mümkün deyildi və olmadı.
Avropa Oyunlarının məşəli rayon-rayon gəzdirilirkən 9 gündür oğlu Fuad Əhmədlini görməyən, səsini eşitməyən Zəfər Əhmədovun məşəli belə sönüb: “Hər gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə oğlum üçün “peredaça” aparıram. Özünü görmək, səsini eşitmək imkanım olmayıb. Bilmirəm necədir, bəlkə işgəncə verilib. Iki gün əvvəl hansı paltarda aparmışdılarsa, həmin paltarları qaytardılar. Xəstə anası, bacısı ağlaya-ağlaya həmin paltarlara baxır ki, bəlkə bir qan izi, cırıq olar”.
Müxalifətçi gəncə vəkili ilə görüşməyə də icazə vermirlər. Onun yeri də dəqiq bilinmir. Bəlkə məşəl daşıyır, biz bilmirik? Bəlkə Oyunlara kölgə salmaq üçün Günəşin qabağını kəsməyə gedib? Bəlkə məhv etmisiniz onu?