Azərbaycana təhlükə haradan gəlir? II Yazı

elnurastanbeyli@gmail.com
 
Rejimin bütün avtoritar-totalitar, antidemokratik sistemlərin ortaq və sağalmaz xəstəliyi olan “xarici düşmən” axtarışlarının səbəb və məqsədləri haqda yazdıq. Indi əsas sualın üzərinə gələk: Azərbaycana əsl təhlükə haradandır?  Azərbaycanı ən çox nə təhdid edir?
Düzünə qalsa, heç bu suallar üzərində uzun-uzadı düşünməyə, baş sındırmağa ehtiyac da yoxdur.
Bu gün ağlı başında olan hər kəs bilir, anlayır ki:
21-ci əsrdə bir ölkəyə ən böyük təhlükə o ölkədə milli iradənin yoxluğudur. Insanların seçib-seçilmək hüququnun əlindən alınmasıdır. Bir nəfərin iradəsinin milli iradənin üzərində dayanmasıdır. 
21-ci əsrdə bir ölkəyə ən böyük təhlükə insan haqq və azadlıqlarının ləğv edilməsidir. Xalqla rəiyyət kimi rəftar olunmasıdır. 
21-ci əsrdə bir ölkəyə ən böyük təhlükə fərqliliklərə nifrət bəslənilməsidir. Müxtəlifliklərə, rəngarəngliklərə düşməncə münasibət sərgilənməsidir. Hər kəsdən eyni cür düşünməsinin, davranmasının tələb olunmasıdır. 
21-ci əsrdə bir ölkəyə ən böyük təhlükə hüququn işləməməsidir. Qanunların kağız parçasına, məhkəmələrin məzhəkələrə çevrilməsidir, siyasi sifarişlə, siyasi göstərişlə qərarlar qəbul etməsidir.
21-ci əsrdə bir ölkəyə ən böyük təhlükə siyasi intiqam duyğusunun idarəetmə normativi kimi qəbul olunmasıdır. Tənqidçi səslərin qurama, qondarma ittihamlarla boğulması, alternativ, müxalif fikirlərə qarşı işgəncə, repressiya maşınının işə salınmasıdır.
21-ci əsrdə bir ölkəyə ən böyük təhlükə doğruları danışan dillərin qıfıllanması, doğruları yazan əllərin qandallanmasıdır. 
21-ci əsrdə bir ölkəyə ən böyük təhlükə məqsədli şəkildə, bilərəkdən kütləvi savadsızlaşdırma siyasətinin aparılması, təhsilin yox edilməsidir. Həm də ancaq ona görə ki, bilikli, savadlı cəmiyyət o ölkəni istədiyin şəkildə idarə etməyə mane olur, yalanın ayaq açıb yeriməsinə əngəl yaradır, insanlara açıq gözlü və ayıq başlı olmaq vərdişi aşılayır. Bu isə yalanla, həqiqətləri malalamaq, reallıqları ört-basdır etməklə öz hakimiyyətlərini qoruyub-saxlamaq istəyənlər üçün intihara bərabərdir.
21-ci əsrdə bir ölkəyə ən böyük təhlükə korrupsiyadır, soyğundur, talandır. Şəffaflığın olmamasıdır. Inhisarçılığın baş alıb getməsidir. Ofşor şirkətlərdir. O ölkəyə hər hansı oliqarxın izni olmadan kibrit çöpünün belə, gətirilməməsidir.  
21-ci əsrdə bir ölkəyə ən böyük təhlükə insanların öz bilik və bacarıqlarına görə deyil, yaltaqlıq, çəpik çalmaq qabiliyyətlərinə görə qiymətləndirilməsi, önə çəkilməsi, karyera və komfort fürsəti əldə etməsidir. 
21-ci əsrdə bir ölkəyə ən böyük təhlükə tayfabazlıqdır.
21-ci əsrdə bir ölkəyə ən böyük təhlükə regionçuluqdur.
21-ci əsrdə bir ölkəyə ən böyük təhlükə o ölkədə xof mühitinin yaradılması, xalqın qorxu altında saxlanılmasıdır. 
21-ci əsrdə bir ölkəyə ən böyük təhlükə pulun yeganə dəyər ölçüsünə çevrilməsi, mənəvi olan hər şeyin dəyərsizləşdirilməsi, maddiyyatın həllediji və alternativsiz güc rolunu oynamasıdır. 
21-ci əsrdə ən böyük təhlükə kültürsüzlükdür, kitabsızlıqdır. Kitabxanaların kababxanalara çevrilməsidir. Sənətin saraya məhkum edilməsidir. Mədəniyyətin partiya və hökumət işinin vintciyi, təkərciyi kimi qəbul olunmasıdır.  Zopanın zəkanı, biləyin beyini, əzələnin əqli üstələməsidir.
21-ci əsrdə bir ölkəyə ən böyük təhlükə səhiyyə deyilincə ağıla həkim terrorunun, müəllim deyilincə göz önünə seçki saxtakarlığının gəlməsidir.
21-ci əsrdə bir ölkəyə ən böyük təhlükə o ölkənin qapılarının çağın üzünə, bəşəri dəyərlərin üzünə qapadılmasıdır. Gələcəyin keçmişə, yeniliyin köhnəliyə məğlub etdirilməsidir. 
21-ci əsrdə bir ölkəyə ən böyük təhlükə o ölkənin orta əsr qaydaları ilə idarə olunmasıdır.  
Bu cür təhlükələrin siyahısını uzatdıqja uzatmaq olar. Amma nə gərək var? Elə yuxarıda yazılanlardan da Azərbaycana əsl təhlükənin haradan gəldiyi, Azərbaycanı ən çox nələrin təhdid etdiyi mövzusunda hər şey gün kimi aydındır.     
O qədər aydındır ki, mübahisəyə yer belə qalmır.