Müxalifət son həbslərə etiraz etdi

Fuad Əhmədli ilə Fərəc Kərimli haqqında AXCP və Milli Şuradan sərt bəyanatlar
 
Bugünlərdə AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədli "bandotdel" tərəfindən həbs edilib, lakin həbsin səbəbi və onun saxlanma şəraiti haqda heç bir məlumat verilmir. Bakı Ağır Cinayətlər Məhkəməsi isə Müsavat başqanının bir müddət əvvəl barəsində cinayət işi açılan və mühakimə olunan müavini Fərəc Kərimliyə 6 il 6 ay həbs cəzası kəsib. Hər iki hadisə ölkə müxalifətinin hiddətinə səbəb olub. AXCP və Milli Şura bu hadisələrlə bağlı etiraz bəyanatları yayıblar.
 
AXCP-nin bəyanatı
 
Azərbaycan hakimiyyəti müxalifətçi fəallara qarşı repressiyanı davam etdirir. Bugünlərdə daha iki gənc fəal repressiyanın qurbanı oldu. AXCP Gənclər Komitəsinin üzvü Fuad Әhmədli DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) tərəfindən faktiki oğurlanaraq girov saxlanılır. Müsavat başqanının müavini Fərəc Kərimli isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.
 
Hər iki addım hakimiyyətin azad düşüncəyə, fərqli mövqeyə və müxalif fəaliyyətə düşmən münasibətini bir daha göstərməklə özündə belə keyfiyyətləri daşıyan gənclərə xüsusi qəddarlığın bariz nümunəsidir. Hakimiyyət belə hərəkətlərlə özünün mütilik aşılayan, xalqa zidd siyasətinə qarşı çıxmağın təhlükəli olduğu rəyini gücləndirmək istəyir.
 
Hakimiyyət özünün yarıtmaz siyasəti ilə ölkəni düçar etdiyi sosial-iqtisadi böhrandan doğan kütləvi narazılığın qarşısını belə cəza metodları ilə almaq xətti tutub. Bunun ictimai narazılığı səngidə bilməyəcəyi, əksinə hakimiyyətə qarşı cəmiyyətdəki nifrəti artırdığını isə nəzərə almaq iqtidarında deyil. Çünki cəmiyyətə münasibətdə yürütdüyü yanlış siyasətdən imtina edə bimir və zorakılıqdan başqa yol tanımır.
 
AXCP hakimiyyəti bir daha xəbərdar edir ki, tutduğu bu yol cəmiyyətdə aqressiyanı artırmaqla onun özünə heç bir yaxşı perspektiv vəd etmir. Hakimiyyət nə qədər gec deyil, ictimai narazılığı və xalda özünə qarşı yığılan qəzəbi repressiyalarla yox edə bilməyəcəyini anlamalı, ənənəvi siyasətindən imtina etməlidir. İndiyədək həbs edilmiş müxalif fəalların dəmir barmaqlıqlar arxasından da rejimə meydan oxuması daha repressiya ilə məqsədinə nail ola bilmədiyini hakimiyyətə anlatmış olmalıdır.
 
Hakimiyyət ölkədə böhranın dərinləşməsi və bundan çıxış yolu tapa bilməməsinə, xalqın artan etiraz hissinə görə keçirdiyi stressi cəmiyyətə qarsı aqressiyanı gücləndirməklə yox, yalnız demokratik açılım, həqiqi siyasi və sosial-iqtisadi islahatlarla aradan qaldıra bilər. Hazırkı şəraitdə demokratik açılım və islahatların, o cümlədən siyasi məhbusları azad etməyin vəziyyətdən yeganə düzgün çıxış yolu olduğu nəhayət dərk edilməlidir.
 
AXCP müxalif düşərgəyə, etirazçı fəallara qarşı repressiyanı dayandırmağı tələb edir, konkret halda Fuad Әhmədli və Fərəc Kərimlini, eləcə də digər siyasi məhbusları yubanmadan azad etməyə çağırır.
 
Milli Şuranın bəyanatı
 
Bakı Ağır Cinayətlər Məhkəməsi ötən gün Müsavat Partiyası başqanının müavini faəl və tənqidçi bloqçu Fərəc Kərimli haqqında 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb. Fərəc Kərimli həbs olunduğu ilk gündə onun siyasi və qərəzli sifarişin qurbanı olduğu şübhə doğurmurdu. Məhkəmə adı daşıyan siyasi tamaşa zamanı bu həbsin motivlərində hansısa başqa çalar axtaranların da şübhəsinə son qoyuldu. Hər kəsə aydın oldu ki, Fərəc Kərimli məhz siyasi düşüncəsinə və bu düşüncədən irəli gələn fəaliyyətinə görə şərlənib.

 
Məhkəmə zamanı olduqca çoxsaylı qanun pozuntusu üzə çıxsa da, prosesə rəhbərlik edən heyət onların heç birinə əhəmiyyət verməyərək qanunsuz və ədalətiz hökmə imza atdı.
 
Milli Şura bu hökmü birmənalı olaraq rədd edir, Fərəc Kərimli, eləcə də onunla birgə həbs edilən qardaşı Sirac Kərimlinin əməllərində heç bir cinayət tərkibi olmadığını bəyan edir.
 
Bu hökm Azərbaycan hakimiyyətinin öz vətəndaşlarına qarşı necə bir qəddar və şərləyici mahiyyətdə olmasına növbəti sübutdur. Bununla yanaşı, Milli Şura "yuxarıların tapşırığıdır" deyib özünü məsuliyyətdən azad etməyə çalışan hakim korpusuna da xatırlatmağı vacib bilir ki, günahsız insana cəza verməklə ağır cinayətə yol verirlər və bu əməl mütləq qiymətini alacaq.
 
Milli Şura hesab edir ki, Kərimli ailəsinin üzləşdiyi bu repressiya kompleks olaraq milli düşüncəli insanlara, xalqın azadlıq və rifahı üçün çalışanlara qarşı aparılan antixalq siyasətinin tərkib hissəsidir. Məqsəd tənqidiçi səsləri və fikirləri boğub, ölkədə qəbiristanlıq sükutu yaratmaqdır.
 
Fərəc Kərimli və başqa günahsız məhbusların dərhal azad olunmasını tələb edən Milli Şura qətiyyətlə bəyan edir ki, heç bir yerdə olmadığı kimi, Azərbaycanda da xalqa divan tutmaq siyasəti hakim rejimə baş ucalığı gətirməyəcək və bu bəd əməl belə, onu rüsvayçı sonluqdan sığortalaya bilməyəcək.