AXCP fəalının həbs müddəti 2 ay uzadılıb

AXCP fəalı, ikinci qrup Qarabağ əlili Qadir Xudabaxşiyevin həbs müddəti 2 ay uzadılıb. Bu barədə “Azadlıq” AXCP fəalının vəkili Bəhruz Bayramov məlumat verib. Onun sözlərinə görə, Qadir Xudabaxşıyev həbs olunduğu zaman prokurorluq orqanlarına və daxili işlər orqanına müraciətlə işgəncəyə, hədə-qorxuya məruz qaldığını, həmçinin üzərindən  silah çıxmadığını bildirib:
“Bununla əlaqədar iş araşdırılmaq üçün prokurorluğa göndərilir. Ona görə də bu gün (dünən) müstəntiqin vəsatətinə əsasən,  həbs müddəti uzadıldı”.
Xatırladaq ki, Qadir Xudabaxşiyevə Cinayət Məcəlləsinin 228.1(qanunsuz silah saxlama) maddəsilə ittiham irəli sürülüb. O, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin keçirdiyi “əməliyyat” nəticəsində həbs olunub. Bir neçə gün Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində saxlanılan AXCP fəalı sonradan Kürdəxanı Təcridxanasına köçürülüb.