«Tədbirin məqsədi Azərbaycanda baş verənləri müzakirə edib, müəyyən suallara cavab tapmaqdır»
ABŞ-ın Milli Demokratiyaya Dəstək Fondunun (NED) təşkilatçılığı ilə bu gün Vaşinqtonda Azərbaycanda insan hüquqları və demokratiyanın vəziyyətinə həsr olunmuş müzakirələr keçiriləcək. Tədbirin keçirilməsinin əsas səbəbi Azərbaycanda avtoritarizmin dərinləşməsi, repressiyaların güclənməsidir.
Tədbir barədə yayılmış məlumatda bildirilir ki, Azərbaycan insan hüquqlarının pozulmasına görə çox pis rekorda imza atıb. Xüsusən, son bir ildə hakimiyyət repressiyaların yeni dalğasına start verib: “Nəticədə ölkədə vətəndaş cəmiyyəti məhv edilib, onlarla təşkilat fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Hazırda ölkənin bir sıra aktivistləri, o cümlədən hüquq müdafiəçiləri, jurnalistlər, hüquqşünaslar həbsxanadadır.
Avropanın enerji təminatında Azərbaycanın əsas mənbələrdən biri olması, həmçinin bu ölkənin Avropa Şurasının üzvü kimi qalması beynəlxalq aləmin bu görünməmiş repressiyalara qarşı cavab tədbirlərini çətinləşdirir. Əks halda, bütün bunları törədən rejimə layiqincə cavab verilərdi.
Eyni zamanda, vətəndaş cəmiyyəti təşkilatlarından və tanınmış şəxslərdən Azərbaycan hökumətinə məsuliyyətli davranmaq barədə çağırışlar da artır.
Ölkədə sayı gündən-günə artan siyasi məhbuslara necə dəstək vermək olar? Ölkədə avtoritarizm dərinləşdiyi bir vaxtda vətəndan cəmiyyəti necə aktiv ola bilər? Tədbirin məqsədi baş verənləri müzakirə edib, bu suallara cavab tapmaqdır".
Müzakirə iştirakçıları arasında “Meydan TV”nin icraçı direktoru Emin Milli, “Azadlıq” radiosunun Azərbaycan xidmətinin direktoru Kənan Əliyev, Karnegi Fondundan Tomas de Vaal iştirak edəcək.
Informasiya şöbəsi



