Səbəbi üsyan?

Bir həftədən artıqdır AXCP-nin fəal və intellektual gənclərindən biri Fuad Əhmədlidən xəbər yoxdur. Yaxınları sadəcə onun “banditizm idarəsi”ndə saxlandığını bilir. Gənc fəal haqqında hər hansı məhkəmə qərarı çıxarılmayıb. Üstəlik, saxlanmanın əsas motivi açıqlanmır və vəkillə görüşə imkan verilmir. Fuadı 3 may mitinqinə hazırlıq müddətində, evinin qarşısında oğurlayıb aparıblar. Artıq bu faktın özü həbsin motivini də, səbəblərini də açıqca ortaya qoyur. Onun siyasi fəallığına görə saxlandığına və həbsin mitinqlərin aparıcı gücü olan gənclərin gözünü qorxutmağa hesablandığına şübhə yeri yox.
Dünən dostları sosial şəbəkələrdə Fuadla bağlı maraqlı bir video yayıblar. Əqidə dostlarıyla səmimi, nəşə dolu bir ortamdı və o, gitaranın müşayiəti ilə türk pop musiqiçilərindən birinin mahnısını oxuyur:
Benim bu derdim
ne yağan yağmurda,
ne yalancı sonbaharda,
ne bomboş sokaklarda…
Sebebi isyan…
Bizim gənclərin içi işıq doludur. Bu ölkə ilə bağlı gözəl arzuları, böyük xəyalları var onların. Kefcil həyatın, yüksək komfortun, dəbdəbəli yaşamın dəlisi deyil onlar. Sadəcə, çox sevdikləri ölkə üçün əl-ələ verib çalışmaq, onu yaxşılığa, inkişafa doğru dəyişmək, gözəl gələcək üçün yol açmaq istəyirlər. Həm də bunu ürəkdən, candan, bütün varlıqları ilə istəyirlər. Elə içlərindəki vulkan, etiraz, üsyan duyğusu da bu arzuları ilə bağlıdır. Yaşadıqları acı reallıqlara, haqsızlıqlara, qanunsuzluqlaradır bu gənclərin üsyanı. Onların çoxu normal təhsil alıb, xarici dillər öyrənib, xüsusi proqramlarda təlim keçib və indi öz vətənlərində faydalı olmaq arzusundadırlar. Bu gənclərin etirazı həmin haqqı əllərindən alıb, bir qrupun inhisarına verənlərədir. Onların üsyanı qorxu və köləlik sistemi qurub, insanları birdəfəlik susdurmaq xəyalına düşənlərin hikkəsinə qarşıdır. Artıq bir şey istədikləri yox onların…
Fuad Əhmədli yüksək təhsilli, dil bacarıqları olan və ziyalı ailədə böyümüş bir gəncdir. Bu hökumətin istədiyi şərtlər daxilində başını aşağı salıb öz işiylə məşğul olsaydı, maddi baxımdan normal yaşamaq imkanları da vardı. Amma o tamam başqa bir mühitdə tərbiyə alıb. Haqqın və hüququn, insan azadlığı və vətənçiliyin böyük dəyər sayıldığı mənəvi mühitdə. O, bütün bu ali dəyərləri ideallarına sadiq olan cəbhəçi Zəfər bəydən öyrənib. Başqa cür ola bilərdimi? Bilməzdi demək ki…
Hər kəs bilir ki, Azərbaycanda fərqli düşüncəli olmağın böyük hesabları var. Hələ mövcud sistemdən tam fərqli siyasi düşüncə daşıyıcısı olmaq daha risklidir. Lakin həyat yalnız qorxuya, zülmə və repressiyaya boyun əyənlərdən ibarət deyil ki. Ədalətsiz və zalım rejimlərə dirənən yüz milyonlar var yer üzündə. Bənzər ölkələrdə insanlar bu böyük və ləyaqətli yolu yalnız şüurlu olaraq seçirlər. Həbslərdən, təhlükələrdən, məhrumiyyətlərdən çəkinmədən seçirlər bu yolu. Iki gün öncə şərlənərək həbs olunan başqa bir cəbhəçi gəncin məhkəmə heyətinə necə meydan oxuduğunu özünüz gördünüz. Elvin Abdullayev də bu haqsız həbslərə etirazını belə nümayiş etdirdi: hakimlərə arxa çevirərək…
Hamı kimi mənim də Fuaddan tək narahatlığım onun səhhəti ilə bağlıdır. Fuadın səhhətində ciddi problemlər var və xeyli vaxtdır müalicə alır. Bilmirəm, onu oğurlayıb günlərdir gizli yerdə saxlayan özbaşınalardan nəsə gözləməyə dəyər, ya yox. Amma heç olmasa, onun həyatı üçün ciddi təhlükəni nəzərə alıb, bu qədər qəddarlıq etməsinlər. Onun günahı nədir ki, bu ölkədə hüquqi və insani bir cəmiyyətin qurulmasını istəməkmi?..