Qondarma ittihamlarla həbs olunan araşdırmaçı jurnalist Xədicə Ismayılın həbsindən 6 ay ötdü. Keçən aylar hakimiyyətin jurnalistə qarşı qərəzini, arqumentsizliyini bir daha ortaya qoydu. Belə ki, Xədicə xanımın həbsinə nədən olan Tural Mustafayev iddiasından geri çəkilməklə yanaşı buna məcbur edildiyini açıqladı. Təzyiqlər altında bu addımı atdığını bildirdi.
Əslində bu açıqlamadan sonra istintaq orqanı Xədicə xanımdan üzr istəyib onu azadlığa buraxmalıydı. Ancaq hakimiyyət tutduğunu nəinki buraxmaq, hətta daha da qabağa getmək fikrindədir. Indi də hədəfdə Xədicə xanımın qohumlarıdır.
Aldığımız xəbərə görə, Xədicə xanımın bacısının qohumları heç bir səbəb göstərilmədən bir-birinin ardınca işdən çıxarılır. Onun qaynının iki oğlu, bir baldızının qızı, birininsə oğlu işini itirib. Niyəsi barədə açıqlama verilmir. Qohumlar bildirir ki, araşdırma aparırlar, işdən çıxarılmanın səbəblərinə aydınlıq gətirməyə çalışırlar.
Bütün bunlardan sonra problemin məhkəmə müstəvisində həllinə çalışacaqlarını bildirirlər: “Əslində ölkə daxilində problemin həllinə ümid etmirik, müstəqil olmayan, hakimiyyətdən asılı, oyuncaq qurum adını qazanmış məhkəmələrdən ədalət gözləmək əbəsdir, ancaq bütün prosedurları keçib pozulmuş hüquqlarımızın bərpasına Avropada da olsa çatacağıq”.
Biz də “Azadlıq” olaraq öz növbəmizdə məsələni diqqətdə saxlamağa, problemi daha dərindən araşdırmağa çalışacağıq.
Informasiya şöbəsi


