
İran İslam İnqilabı Keşikçiləri komandirinin köməkçisi, general Hüseyn Selami ABŞ-la müharibəyə hazır olduqlarını bəyan edib. İran dövlət televiziyasına açıqlama verən H.Selami bildirib ki, savaş başlayacağı təqdirdə İran bunu müsbət qarşılayacaq, O, İranın hətta uzunmüddətli savaşa da tam hazır olduğunu deyib. ABŞ-ın İrana yönəlik hərbi təhdidlərini qiymətləndirən general ən təhlükəli ssenariləri belə, nəzərdən keçirdiklərini və tədbir gördüklərini bildirib: «ABŞ yalandan psixoloji taktika işlədirsə belə, biz bunu ciddi qəbul edirik. Əgər təhdidlər reallığa əsaslanırsa, savaş meydanında gerçəkləri göstərməyə hazırıq. Savaş meydanı həqiqi hərbi potensialımızı göstərmək üçün fürsət olacaq».
ABŞ-ın İrana qarşı hava zərbələri endirəcəyi ehtimalına gəlincə, Selami bildirib ki, bu halda amerikalı pilotlar son uçuşlarını etmiş olacaqlar: «Göy üzünü onlar üçün atəş çəmbərinə çevirərik».
İranla dünya ölkələrinin apardığı nüvə danışıqlarına da toxunan general «təhdid edirsinizsə, masanı tərk edin» deyə, ABŞ-a ultimatum göndərib.
Gültəkin