Mərkəzi Bank Konstitusiya Məhkəməsinə «maliyyə sektoru çökə bilər» xəbərdarlığını etdi
Elman Rüstəmov problemin bankların xeyrinə həll olunmasına çalışır
Dünən Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçirilib. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclas kredit borclarının hansı məzənnə ilə qaytarılması ilə bağlı Ombudsman və Göyçay Rayon Məhkəməsinin müraciəti ilə bağlı idi.
Iclasda Ombudsman Aparatının nümayəndəsi Mahir Məmmədov, Göyçay rayon Məhkəməsinin hakimi Elxan Babayev, ekspert qismində BDU-nun dosenti Azad Talıbov, Ali Məhkəmənin hakimi Ilqar Dəmirov, Bakı Apelyasiya Məhkəməsinin hakimi Mehdi Əsədov, Mərkəzi Bankın baş direktoru Rəşad Orucov, Milli Məclisin şöbə müdiri Rövşən Muradov iştirak ediblər.
Məhkəmədə tərəflər və ekspertlər dinlənilib. Bundan sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib ki, məhkəmə məsələ ilə bağlı yaxın zamanlarda qərar qəbul edəcək və qərar elan olunacaq. ÿÿ
Qeyd edək ki, fevralın 21-də Mərkəzi Bank manatın məzənnəsinin devalvasiyası ilə bağlı müvafiq qərarı vətəndaşlar arasında bir sıra suallar yaradıb. Bir müddət əvvəl Ombudsman və Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müvafiq olaraq sorğu və müraciət göndərib. Eyni zamanda, Mülki Məcəllənin bəzi müddəalarına aydınlıq gətirilməsi də soruşulub.
“Kredit dollarda verilibsə, dollarda qaytarılmalıdır”
Plenumda çıxış edən Mərkəzi Bankın direktoru Rəşad Orucovun bəzi fikirləri maraq doğurub.
R.Orucov bildirib ki, Konstitusiya Məhkəməsi dollarda olan kreditlərin köhnə məzənnə ilə ödənilməsini ehtiva edən qərar qəbul edərsə, bu, Azərbaycanın maliyyə sisteminin çökməsinə səbəb ola bilər deyib. O qeyd edib ki, “kreditlərin verilməsi” “ödəniş vasitəsi” anlamına gəlmir. Pul da əşyalardan biridir. Kredit verilməsi, bankın pul mülkiyyətini borcalana istifadə etməyə verməsi deməkdir. Əşyanın valyutasının müəyyən edilməsi və ya seçilməsi tərəflərin öz hüququdur: “Əgər kredit dollar əşyasında verilibsə, dollarda, manat əşyasında verilibsə, manatda geri qaytarılmalıdır”.
Mərkəzi Bankın sədrinin sözlərinə görə, kreditlərin dollarda verilməsi Azərbaycan Respublikası Konstitusiyasına zidd deyil: “Konstitusiyaya görə, Azərbaycan ərazisində yeganə ödəniş vasitəsi manatdır. Ödəniş dedikdə alınan mal və xidmətlərin dəyərinin ödənilməsi başa düşülür. Kreditin verilmsi isə, pul əşyasından mülkiyyət hüququnun başqasına verilməsidir”.
“Əhalinin banklarda 7,8 milyard manat əmanəti var”
Rəşad Orucov qeyd edib ki, Azərbaycanda bank sistemiin aktivlərinin 87%-i cəlb edilmiş vəsaitlərdən ibarətdir. Cəlb edilmiş vəsaitlərin böyük hissəssini depozitlər, depozitlərin də böyük bir hissəsini əhalinin əmanətləri təşkil edir: “Bu gün banklarda əhalinin 7,8 milyard manat əmanəti var. Son vaxtlar bu əmanətlərin böyük bir qismi xarici valyutaya konvertasiya edilib. Əgər ötən ilin sentyabr ayının 1-də banklarda əhalinin əmanətlərinin 37%-i xarici valyutada idisə, bu gün əmanətlərin 67%-i xarici valyutadadır. Əmanətlər qısa bir müddətdə xarici valyutaya çevrilib, banklar isə bu vəsaitləri tam yerləşdirə bilməyib. Bu səbəbdən də bankların əlavə 800 milyon manat xərcləri əmələ gəlib”.
“Əlavə büdcə xərcləri yarana bilər”
R.Orucov qeyd edib ki, fərqli qərar qəbul edilərsə;
– bankların itkiləri arta bilər;
– banklar öz öhdəliklərini yerinə yetirə bilməyəcəklər,
– maliyyə sistemində sabitlik pozula bilər;
– Bankların müflis olmasının dövlət büdcəsi hesabına qarşısının alınması gündəmə gəldiyindən əlavə büdcə xərcləri yarana bilər;
– Bankların kredit vermək imkanları azalacaq;
– Biznes və əhali kredit ala bilmədiyindən iqtisadi inkişaf ləngiyəcək;
– Iqtisadi inkişaf ləngiyəcəyindən şirkətlər işçiləri ixtisar edəcəklər;
– Bankların öz kapitalları azalacaq;
– Bankların kapitalları azaldığından xarici kreditorlar Azərbaycan banklarına verdikləri kreditləri geri tələb edəcəklər. Bu da ölkənin valyuta ehtiyatlarına ciddi təzyiq yarada bilər;
– Risklər domino effekti ilə digər sahələrə ötürülə bilər.
Plenumun qərarının yaxın günlərdə açıqlanacağı bildirilib (Marja).
Maraqlıdır ki, artıq neçənci dəfədir ki, MB rəhbərliyi Azərbaycan vətəndaşlarına yalan vəd verir. Devalvasiyadan öncə manatın kursunun dəyişməyəcəyini bəyan edən MB daha sonra 34 faizlik ucuzlaşmaya getdi. Nəticədə əhali ciddi iqtisadi çətinliklərlə üzləşdi. Hazırda isə devalvasiyanın bütün ağırlığı əhalinin çiyinlərinə yıxılır. Məzənnə fərqindən yaranan kəsiri məhz əhali banklara yeni məzənnə ilə ödəməlidir.
Nemət Əliyev: “Məzənnə fərqindən əmələ gələn fərq dövlət hesabına qapadılmalıdır”
Iqtisadçı Nemət Əliyev bildirdi ki, bu məsələnin məsuliyyətinin Konstitusiya Məhkəməsinin üzərinə qoyulması əvvəlcədən bu gözləntiləri yaradıb ki, məhkəmə böyük ehtimalla bankların xeyrinə qərar verəcək. Azərbaycanda Konstitusiya Məhkəməsinin müstəqil olmadığını deyən N.Əliyev bildirdi ki, ona görə bu instansiyadan ədalətli qərar gözləməyə dəyməz. Ona görə qərarın böyük ehtimalla bankların xeyrinə və əhalinin isə ziyanına olacağını düşünən N.Əliyev qeyd etdi ki, burada məsuliyyət məhz Azərbaycan hakimiyyətinin üzərinə düşür: “Yanlış iqtisadi siyasət yürüdən hökumət devalvasiya ilə bağlı qərar qəbul etməsəydi, banklar da öz fəaliyyətini əvvəlki kimi davam etdirərdi. Lakin Azərbaycan hakimiyyəti bir gecənin içində xalqı aldatdı. Kəskin devalvasiya olmayacağı ilə bağlı fikirlər səslənsə də, buna riayət edilmədi. Sonradan biz şahidi olduq ki, bunlar xalqa bir söz deyib, əməldə başqa addımlar atırmışlar”.
Baş verənlərdə Mərkəzi Bankın da günahının olduğunu deyən N.Əliyev bildirdi ki, bank ötən müddət ərzində ölkədə normal pul-kredit siyasəti yürütməyib. N.Əliyevin sözlərinə görə, MB istər bank sektorunun, istərsə də sahibkarlığın normal vəziyyətə çatması üçün müvafiq addımlar atmayıb: “Əhali dünyanın heç yerində görünməyən faiz dərəcələri ilə yüklənib. Əgər Konstitusiya Məhkəməsi kredit borclarının köhnə məzənnə ilə qaytarılmasına dair qərar qəbul edəcəksə, Mərkəzi Bank rəhbərliyi bəyan edib ki, bu zaman maliyyə sektoru çökə bilər. Ancaq axı bunun əksi də var. Əgər qərar əhalinin ziyanına olarsa, o zaman bank sektoru yox, əhali çökəcək. O zaman Konstitusiya Məhkəməsi seçim etməlidir, xalqı çökdürsün, yoxsa hakim ailənin əlində cəmlənmiş bankları?”.
N.Əliyev hesab edir ki, yaranmış situasiyada günahkarlar cəzalandırılmalı və məzənnə fərqindən əmələ gələn fərq dövlət hesabına qapadılmalıdır.
Hikmət