İqbal Ağazadənin “hakimiyyət işi”

Keçmiş müxalifətçi özünü necə ifşa etdi…

Artıq o mərhələ yetişdi ki, hakimiyyət müxalifət libası geyindirdiyi “mina”ları partlatmağa başladı. Prinsipial müxalifət hakimiyyəti məcbur etdi ki, bütün “patron”larını boşaltsın. Indi ağlı başında olan istənilən adam bilir ki, bu ölkədə yeganə müxalifət birliyi Milli Şura və onun lokomotivi olan AXCP-dir. Amma bəzi “eks”lər hələ də hesab edirlər ki, limitləri tükənməyib. Ona görə də fəaliyyətlərini davam etdirirlər.  
Bugünlərdə keçmiş müxalifətçi Iqbal Ağazadə “Yeni Müsavat” qəzetinə müsahibə verib və “gül vurub”. Müsahibədəki başqa “şedevr”lərə toxunmadan bir məqamı təqdim edirik: “Cəmil Həsənli bütün seçki prosesi boyu var gücü ilə çalışdı ki, xalq seçki prosesində iştirak etməsin. Cəmil Həsənli deyirdi ki, bu hökumət 48 milyard pul oğurlayıb. Bizdə xalq hər zaman düşünür ki, kimin pulu varsa, o qalibdir. Insanlar düşünür ki, bu qədər oğurlayıbsa, mən buna nə edə biləcəm? Cəmil Həsənli ardınca dedi ki, bu hakimiyyət gənclərin, dindarların cibinə narkotik atıb onları tutur, şərləyir, balalarımıza işgəncə verir. Xalq da düşündü ki, mənim balamı da zindana atacaq, prosesin dalınca getməyim. Sonra bildirdi ki, hakimiyyət xaricdə nüfuzlu şəxsləri ”alır", kürü diplomatiyası ilə Avropa təsisatlarını zəbt edir. Xalq düşündü ki, iqtidar hamını ala bilirsə, demək, bu dəfə də alacaq… Bu halda, bu təqdimatlardan sonra seçici nəyə baxıb prosesə qatılmalıdır?"- deyə Iqbal Ağazadə bildirib.
Deməli, xalqın çoxdan ümidini üzdüyü “Ümid” lideri əsaslandırmağa çalışır ki, Cəmil Həsənli hakimiyyəti ifşa etməklə böyük səhv edib. Yəni, Cəmil Həsənli debata çıxanda Iqbal Ağazadə kimi “təhlükəsiz” tənqidlər etməli, axırda da Ilham Əliyevə təbrik yollamalıyımış.
Əvvəla, ölkədəki proseslərdən xəbərdar olan hər kəs bilir ki, prezident seçkilərinin qalibi Cəmil Həsənli olmuşdu. Hətta karusel əməliyyatlarına cəlb edilənlər, büdcə təşkilatlarında çalışanlar da Milli Şuranın namizədinə səs verdi. Ikincisi, Iqbal Ağazadə də prezidentliyə namizəd idi və aqibəti göz önündədir. Düzdü, Iqbal Ağazadənin niyə namizəd olması, hansı missiyanı yerinə yetirdiyi aydındı. Ancaq, ortada müəyyən rəqəmlər var. Böyük saxtakarlıqdan sonra Cəmil Həsənliyə səs verənlərin sayını 204 minə endirdilər. Iqbal Ağazadə isə 88 min səs qazanmışdı. Yəni, hətta bu nəticələr də göstərir ki, xalq oğurluqları gizlədənləri deyil, oğrunu ifşa edənləri dəstəkləyir.  
Tele-debatlar zamanı hər bir vətəndaş Cəmil Həsənlinin çıxışın gözləyirdi. Çünki, Cəmil Həsənli xalqın ürəyindən keçəni, daxilində sıxışıb qalanları üzə çıxarırdı. Necə ola bilər ki, millətə vəkillik, prezidentlik etmək istəyən şəxs ölkədəki oğurluqları, şərlənərək həbs olunmuş insanları xatırlamasın? Iqbal Ağazadə hakimiyyətə legitimlik qazandırmaq, Ilham Əliyevin saxta seçilməsini malalamaq üçün, Cəmil Həsənliyə şər atmağa start verib. Guya, insanların seçkiyə gəlməməsi, cəmiyyətdəki inamsızlıq Cəmil Həsənlinin həqiqətləri söyləməsinə görə olub. Tarix hələ bu qədər “sərrast” siyasi təhlilə şahidlik etməyib. 
Bir halda ki, xalqın inamsızlığından söhbət düşüb, bir-iki kəlmə də bu haqda deyək. Əslində, xalqın inamsızlığının bir səbəbi də Iqbal Ağazadə kimi “od püskürən” adamların sonrakı mərhələdə “su”ya dönməsi oldu. Yəni, xalq dünənə qədər müxalifət donu geyinənlərin hökumətin “çadır”ına pənah apardığına şahidlik etdi.
Amma Azərbaycan xalqı hamıya dəqiq qiymət verməyi bacarır. Seçkilərdə Cəmil Həsənliyə səs verilməsi də, Milli Şuranın mitinqlərində 1000-lərlə vətəndaşın iştirak etməsi də bunun sübutudur. Fakt budur ki, hakimiyyətin qarşısında “ağ bayraq” qaldıranlar bütövlükdə 1000 adamı meydana səfərbər edə bilmir. Milli Şura isə istənilən vaxt 10 minlik mitinq keçirməyə qadirdir. Bu qədər repressiyaların, təzyiqlərin, qorxunun qarşısında minlərlə insanın meydana toplanması Milli Şuraya verilən qiymətdir. 
Iqbal Ağazadə bundan sonra yalnız hakimiyyətin ümidlərini doğrulda bilər. Xalq isə “Ümid”ə ümid bağlamaqdan çoxdan imtina edib. Ölkədə ikiqütblü sistem formalaşıb. Hakimiyyət və Milli Şura.  
Müxtəsər, Iqbal Ağazadə qaş düzəltidiyi yerdə, gözü də zədələdi. Seçkilərdəki səs faizi də göstərdi ki, Cəmil Həsənli xalqın seçkiyə inamını artıracaq “resept” müəyyənləşdirdi. Iqbal Ağazadə isə yanlış “diaqnoz”larla xalqı aldatmağa davam edir. 
Görünür, növbəti mandata sahib olmaq üçün bostanları daha çox daşlamaq lazımdır. “Ümid”in hələ ki, ümidi ölməyib. Xalq üçün isə yaşayan “Ümid” faktoru yoxdur.
Sonda onu da qeyd edək ki, Iqbal Ağazadə bu müsahibədə “mən müxalifət işi ilə məşğul olmuram” deyib. Əslində müsahibədə yeganə həqiqət də məhz bu cümlədədir. O, həqiqətən də  “hakimiyyət işi” ilə məşğuldur. Çünki, müxalifətçilikdə qazanc yoxdur.
Azad