Azərbaycan hakimiyyəti indi də ABŞ Helsinki Komissiyasının sədri Kristofer Smiti hədəfə alıb. Səbəb Kristofer Smitin Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti tənqid etməsi və sanksiyaları gündəmə gətirməsidir.
Helsinki Komissiyasının sədri bir neçə gün əvvəl “Amerikanın Səsi”nə verdiyi müsahibədə Azərbaycanda vüsət alan həbslər və repressiya dalğasına mümkün cavab variantları haqda danışaraq Qlobal Maqnitski Aktı qəbul olunduğu təqdirdə bunun insan haqlarını pozan Azərbaycan rəsmilərinə şamil oluna biləcəyini vurğulayıb. “2004-cü ildə Belarus Demokratiya Aktının müəllifi mən olmuşam. Həmin qanuna əsasən Aleksandr Lukaşenko hökumətinin 200 rəsmisinə Amerikaya gəlmək qadağan olunub. Avropa rəsmiləri də oxşar qadağalar tətbiq ediblər. Qlobal Maqnitski Aktına əsasən hər ölkə üzərində ayrıca təhlil aparılacaq və bu qanuna uyğun olaraq insan haqları pozuntularında iştirak etmiş adamlara ABŞ-a gəliş qadağan ediləcək”.
Kristofer Smitin bu açıqlamasından sonra Azərbaycan iqtidarı ona qarşı kampaniyaya start verib. Hakimiyyətyönlü mediada, o cümlədən YAP-ın orqanı “Yeni Azərbaycan” qəzetində Kristofer Smit barədə ittiham dolu materiallar dərc olunur. Hakimiyyət bu kampaniyada da ənənəvi olaraq “ermənipərəst damğası”ndan istifadə edir. Yəni, Kristofer Smit də ermənipərəstlikdə ittiham olunur. Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Con Kerri və Azərbaycanda insan haqları mövzusunda YAP iqtidarını tənqid edən beynəlxalq təşkilatlar eyni ittihamla üzləşib.


