Hakimiyyət daha bir təşkilatla konfliktə girdi

Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündən imtina etmək istəyir

 
Bir neçə gün öncə Neft Fondunda (ADNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) keçirdiyi iclas bir sıra tərəflərdən maraq doğurur. Təbii Ehtiyatların Idarə Edilməsi Institutunun prezidenti, MHŞT üzrə Beynəlxalq Idarə Heyətinin üzvü Daniel Kaufmanın qonaq qismində iştirak etdiyi iclasda 2013-cü il üzrə MHŞT Hesabatı, 2014-cü il üzrə Illik Fəaliyyət hesabatı, MHŞT-nin Azərbaycanda tətbiqinin gələcəyi və digər məsələlər müzakirə olunub (“Bizim yol”).
“Bizim Yol”un xəbərində deyilir ki, iclasda, eyni zamanda Azərbaycan Dövlət Neft Fondu, Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasına üzv olan QHT-lərin fəaliyyətində yaranmış çətinliklər və digər məsələlər müzakirə edilib. Artıq ötən ilin ortalarından etibarən qurumla Azərbaycan hökuməti arasında narazılıq yaranıb.ÿ
Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. Ölkəmiz 2003-cü ildən bu təşkilata qoşulub.
Ötən həftənin sonuÿ MHŞT ilə Azərbaycan Dövlət Neft Fondu arasında yaranan gərginliyə aydınlıq gətirən Şahmar Mövsümov qurumu qeyri-hökumət təşkilatlarının hüquqlarının qorunması təşəbbüsünə çevrilməsində və Azərbaycana təzyiq aləti kimi istifadə olunmasında ittiham etmişdi. Bildirmişdi ki, Azərbaycanı adıçəkilən təşəbbüsün üzvlüyündən çıxarmağa çalışırlar: “Ötən ay Konqoda Idarə heyətinin növbəti iclası keçirildi. Burada qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanın, ümumiyyətlə, bu təşəbbüsdən çıxarılması təklifi irəli sürüldü. Əlbəttə, bu təklif keçmədi. Bundan sonra Azərbaycanın təşəbbüsdə üzvlüyünün dondurulması haqqında təklif irəli sürüldü. Lakin bu da alınmadı. Böyük təzyiq altında Azərbaycanın ”tam hüquqlu" üzv statusundan “namizədli” statusa endirilməsi haqqında qərar qəbul olundu və 12 ay ərzində bu statusun saxlanması və müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutuldu. Biz bu qərarla razı deyilik".ÿ
Icraçı direktor əlavə etmişdi ki, hazırda Azərbaycan hökuməti, ümumiyyətlə, bu təşəbbüsdə iştirak edib-etməməklə bağlı daxili müzakirələr aparır. 
 
Mirvari Qəhrəmanlı: “Hökumət Azərbaycanın koalisiyada təmsil olunmasında maraqlı deyil”
 
Koalisiyada təmsil olunan Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə bildirib ki, NF rəhbəri Azərbaycanın adından danışa bilməz: “Neft Fondu sadəcə olaraq hökumət komissiyasının sədridir. Belə tələm-tələsik bəyanat vermək Azərbaycanın imicinə ziyandır. Bu onu göstərir ki, hökumətin özü Azərbaycanın koalisiyada təmsil olunmasında maraqlı deyil. Yeni standartlarda da qeyd edilir ki, qurumda çalışan vətəndaş cəmiyyətlərinin təhlükəsizliyi təmin olunmalıdır. Azərbaycanın qarşısına qoyulan şərtlərsə koalisiyaya daxil olan vətəndaş cəmiyyətlərinə basqılarla bağlıdır. Əsas təzyiqlərdən biri də Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına idi. Təşkilatımızın hesabı bağlanıb. Hesabı bağlanan layihə isə mədən sənayesində şəffaflığın artırılması ilə bağlı idi”.
M.Qəhrəmanlı vurğuladı ki, Azərbaycana çox ciddi sanksiya tətbiq olunmayıb. Sadəcə olaraq vaxt verilib ki, qiymətləndirici tərəfdən aşkar olunan problemlər öz yerini tapsın.
Ekspertə görə, əgər Azərbaycan təşkilatdan çıxarılarsa, o zaman qeyri-şəffaf, insan hüquqlarına hörmət qoyulmayan bir ölkə kimi tanınacaq. 
 
Məhəmməd Talıblı: “Azərbaycan daha çox qeyri-şəffaf maliyyə idarəçiliyi üzrə qabağa gedir”
MHŞT-də neft şirkətləri, hökumət qurumları və QHT sektoru üzrə bir komissiya kimi fəaliyyət göstərən – Çoxtərəfli Qrupun keçmiş üzvü, Koalisiyanın Şura üzvü Məhəmməd Talıblı ilə də bu məsələlər haqda danışdıq. M.Talıblı bildirdi ki, 2009-cu ildə hökumətimizin əsas piarlarından biri bundan ibarət idi ki, bəs NF şəffaflıqla bağlı mükafata layiq görülüb: “Hakimiyyət bəyan edirdi ki, bu mükafat neft gəlirlərinin idarə edilməsində şəffaflığın gözlənilməsinin sübutudur. Bu zaman MHŞT beynəlxalq Katibliyi yaxşı idi, indi oldu pis. Həmin illər Azərbaycan ”tam hüquqlu" üzv statusunda ona görə qəbul olunmuşdu ki, illik “Dəyərləndirmə Hesabatında” mövqelərini yaxşılaşdırsın. Amma ondan sonra həmin statusda qalan Azərbaycana tərəfdaş ölkə kimi müəyyən şanslar verildi, standartlar sərtləşdirilmədi. Lakin sonradan MHŞT-yə üzv ölkələr üçün Yeni Standartlar qəbul olundu. Həmin standartlar çərçivəsində yeni qaydalara uyğunlaşmaqda çətinliklər yarandı. Xüsusilə həmin standartlardan olan mülkiyyət sahiblərinin aşkarlanması və bir sıra konfidensial məlumat hesab olunanların açıqlanmasında problemlər yarandı".
M.Talıblının sözlərinə görə, bundan başqa, ictimaiyyət üçün açıq olmalı olan hasilata dair məlumatların kommersiya sirri adı altında açıqlanmasından imtina olundu. “Xüsusilə də MHŞT-yə daxil olan təşkilatlar şəffaflıq sferasında fəaliyyət göstərməklərinə baxmayaraq həmin təşkilatın bir neçəsinin bank hesablarına həbs qoyuldu və bəzi QHT təmsilçiləri ölkədən getmək məcburiyyətində qaldı, QHT qanunvericiliyində mürtəce dəyişikliklər edildi və s. Bütün bunlar ölkəmizin beynəlxalq şəffaflıq təşəbbüsündə iştirakı üçün ciddi maneələr oldu. Nəticədə həmin Beynəlxalq MHŞT Idarə Heyəti tərəfindən 2013-cü ildə qəbul edilmiş Yeni Standartların 7 bəndi üzrə vəziyyətimizi yaxşılaşdıra bilmədik. Əksər mövqelər üzrə pisləşən vəziyyətimizi görən Idarə Heyəti bir dəfə də sərt qərar qəbul etməkdən imtina etmişdi. Amma bütün bu çağırışlara adekvat reaksiyanı görən Idarə Heyəti sonda belə bir qərar verdi. Bilirsiz ki, bu, könüllü bir təşəbbüsdür. Orada qalıb hasilat sənayesində mövqelərimizi yaxşılaşdırmaqla daha çox uğur əldə edə bilərdik. Hökumətin hasilat sənayesində əldə etdiyi gəlirlərin açıqlanması tələbi Memorandumda əks olunmalı idi. Burada xüsusilə də hökumət və dövlət müəssisələri onların hasilat paylarından (natural formada) satışı və gəlirləri, hökumət və dövlət müəssisələri arasında olan bütün köçürmələr və s. kimi bəndlər olmalı idi”.
M.Talıblının sözlərinə görə, Azərbaycanın təkcə bu sahədə deyil, bütün sahələrdəki beynəlxalq təşəbbüslərdə, bloklarda iştirakı onun xeyrinədir. M.Talıblı vurğuladı ki, amma bütün bunlar üçün şəffaflıq və hesabatlılıq əsas fəlsəfə olmalıdır: “Ümumi tendensiya ondan ibarətdir ki, biz bütün bunların əksini edirik və zəif hesabatlılıqla və daha çox qeyri-şəffaf maliyyə idarəçiliyi üzrə qabağa gedirik. Bu isə nəticədə beynəlxalq reytinq göstəricilərində mövqelərimizi pisləşdirir, xarici investorların ölkəmizə marağı azalır, imicimiz korlanır və real məzmunlu inteqrasiya yolu ilə deyil, daha çox özümüzü izolyasiyaya aparan kurs seçmiş kimi görünürük”.
Hikmət