“Bərkgedən” Azərbaycan

Azərbaycan və azərbaycanlılar həmişə “bərkgedən” olub. SSRI-nin vaxtında da ölkəmiz və cəmiyyətimiz başqalarından fərqlənib. Məsələn, Qafqaz və başqa müttəfiq respublikaların qeyri-slavyan xalqları arasında rusca ən təmiz danışan və bununla qürur duyan biz olmuşuq. Yaxud, ən “şkarnı” geyinib-keçinən, “remontlu” mənzillərdə yaşayan, ona-buna “qonaqlıqlar” verən də biz idik. 
Bunlar məişət səviyyəsində olanlardı. Sovet Azərbaycanının siyasi həyatına gəlincə, onun rəhbəri Heydər Əliyev də “bərkgedən” idi… Məsələn, SSRI-də pambıq planını vaxtından əvvəl, həm də ”artıqlaması" ilə yerinə yetirən bizim respublika olardı. Buna görə hətta SSRI-nin pambıq ölkəsi sayılan qardaş Özbəkistan da incik düşərdi. Əhalisi və ərazisi bizdən dəfələrlə çox olan bu ölkənin rəhbərliyi “bacarığımıza” mat-məətəl qalardı… 
Bəs, SSRI-nin rəhbəri Leonid Brejnev müttəfiq respublikalara səfərə çıxanda ona ən bahalı hədiyyələri kim verərdi? Əlbəttə ki, Azərbaycan! SSRI rəhbərinə bağışlanan brilyant üzük cəmiyyətimizdə indi də söz-söhbət mövzusudur. Bəlkə də bu hədiyyələrin təsirilə Brejnev demişdi ki, “Azərbaycan iri addımlarla addımlayır!” 
Ancaq Azərbaycanın “iri addımlı inkişafı” çox çəkmədi, qardaş və müttəfiq bildiyimiz respublikaların gözü götürmədi… Geninə-boluna yeyib-içməyə adətkar xalqımız sonra ət, yağ və qənd talonları ilə keçinməli oldu.
“Tarix təkrar olunur” deyənlər haqlı imiş. Müstəqillikdən sonrakı ”analoqsuz inkişaf" da iflasa uğradı. Indiki rəhbər də elə bərk gedirdi ki… Xəritədə qartala oxşayan ölkəmiz sanki qartal sürətilə Şərqə doğru şığıyırdı. Yox, Şərqin geridəqalmış cəmiyyətlərinə inteqrasiya etməyə tələsmirdi, onlara Qərb dəyərlərini aparırdı ölkəmiz… 
Ancaq bu dəfə elə həmin Qərbin gözü tutmadı bizi… Nəinki Azərbaycanın “bərkgedənliyini” həzm etmədilər, hələ yatmış Şərqi də “oyadacağından” əl-ayağa düşüb sürətini aldılar… Düzdür, rəhbər özü də “inkişafımızdan kefi pozulan düşməni” görüb “sürəti yavaşlamaq" qərarına gəldi. Ancaq qabaqladılar bizi… Indi isə “varlığa darlıq” bilməyən ölkəmiz ət talonu, yağ talonu nədir… neft dollarlarından məhrum olub! Qərb tormozladı “analoqsuz inkişafımızı”! 
Amma öz aramızdır, Amerikanı, Avropanı nə qədər söysək də, düşmən elan etsək də, bizə münasibətdə o qədər də insafsız deyilmişlər… Bəs, Bakının indiki avtobus sürücüləri kimi “rezki” tormoz versəydilər nə olardı?! Bir var qəfil tormozdan avtobus dolu adam çalxalansın, bir də var ölkə… Allah eləməsin, bu baş versəydi, indi hamımız Xəzərə tökülərdik. Ölkənin “dinamik artımı” bir yana, demoqrafik artımının da kökü kəsilərdi…
Şövkət Məmməd