Gültəkin Hacıbəyli: «Riqada qəbul ediləcək bəyannamə Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyır»
“Avropa Birliyi Riqadakı sammitdə birgə bəyannamə imzalamağa ümid edir və əlbəttə, Azərbaycan da, digər ”Şərq tərəfdaşlığı" ölkələri kimi, bu bəyannamənin hissəsi olacaq". Bu barədə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.
M.Mard bildirib ki, bəyanamənin bütün ölkələr tərəfindən imzalanacağına ümid edirlər: “Biz həmçinin ümid edirik ki, bəyannamə bütün ölkələrin hökumətləri tərəfindən imzalanacaq. Bu baxımdan Azərbaycan üçün də vacib ola biləcək və ”Şərq tərəfdaşlığı" siyasətinin sonrakı yolunu müəyyənləşdirməyə kömək edən bəyannamədən çox şey gözləyirik".
“Şərq tərəfdaşlığı” proqramı və Rusiya ilə qarşılıqlı əlaqələr haqqında isə M.Mard bildirib ki, bu proqram Rusiyaya qarşı yönəlməyib.
Bəs bu istiqamətdə Azərbaycanın mövqeyi necə olacaq? Azərbaycan birgə bəyannamədən imtina edə bilərmi?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, “Şərq tərəfdaşlığı” ölkələrinin zirvə toplantılarının sonunda həmin sammitin iştirakçılarının mütləq birgə bəyannaməsi qəbul edilir. Azərbaycanın indiyə qədər qəbul edilmiş bütün bəyanamələrə qoşulduğunu deyən G.Hacıbəyli Azərbaycanın bu dəfə də fərqli addım atmayacağına ümid edir: “Bu bəyannamənin ilkin variantı bir il əvvəl Lüksemburqda xarici işlər naziri Elmar Məmmədyarova təqdim edilib. Yəni Avropa Birliyinin qaydalarına uyğun olaraq bu bəyannamələr ölkələrə razılaşdırmaları üçün daha öncədən təqdim edilir. Məndə olan məlumata görə, bu bəyanamənin ana xəttini Avropa Birliyi və ”Şərq tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyünün qorunması təşkil edir. Yəni bəyannamədə “qırmızı xətt”lə keçən prinsip Ukraynanın, Azərbaycanın, Gürcüstanın, Moldovanın və bütün “Şərq tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyünün qorunması prinsipidir. Bu ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmətdir. Bu baxımdan qəbul ediləcək bəyannamə Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyır. Məhz ərazi bütövlüyü prinsipinin bu qədər böyük aktuallıq qazanması sözsüz ki, Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozması, Krımı işğal etməsi ilə bağlıdır. Rusiyanın Ukraynada separatçı ovqatı daha da qızışdırmasından sonra bu məsələnin mahiyyəti daha da artıb".
G.Hacıbəylinin sözlərinə görə, Riqa sammitində AB-ın üzv ölkələrə verəcəyi əsas mesaj odur ki, təşkilat istisnasız olaraq üzv ölkələrin hamısının ərazi bütövlüyünü tanıyır və bu ölkələrin ərazi bütövlüyünə, suverenliyə olan qəsdlərə qarşıdır. “Məhz buna görə bu bəyannamənin Azərbaycan üçün müstəsna əhəmiyyəti var. Ukrayna kimi separatizmin, torpaq işğalının fəsadları ilə üz-üzə gələn Azərbaycan sözsüz ki, bu birgə bəyannaməyə qoşulmalıdır. O zaman Azərbaycan ərazi bütövlüyünün dəstəklənməsi üçün əlavə şans əldə edir”, deyə G.Hacıbəyli vurğuladı.
Hikmət