Məhəmməd Talıblı: «Hansı fövqəladə hal baş verib ki, az vaxtda bu qədər vəsait əldə edilib?»
Iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlət idarəetmə sistemində, məhkəmə və hüquq, korrupsiyaya qarşı mübarizə sahələrində ciddi institusional islahatlar aparıldığını bildirib.
Nazir görülən işlər nəticəsində hazırkı vaxtadək iqtisadiyyata 200 milyard dollar investisiya qoyulduğunu, bunun yarısının xarici investisiyalar olduğunu söyləyib: “Təkcə 2014-cü ildə investisiya qoyuluşunun həcmi 27,7 milyard dollar olub ki, onun da 11,5 milyard dolları xarici investisiyalardır. Eyni zamanda biznes mühitinin yaxşılaşdırılması, dövlət dəstəyi tədbirləri sahibkarlığın inkişafına təkan verib, geniş sahibkar təbəqəsi formalaşıb, ÜDM-də özəl sektorun payı 82%-ə çatıb”.
Azərbaycanın xarici ticarət əlaqələrinə gəldikdə, nazir bildirib ki, son 10 ildə ticarət coğrafiyası genişlənib və 150-ə yaxın ölkə ilə ticarət əlaqələri qurulub, ticarətin əmtəə strukturu təkmilləşib, ixrac potensialı əhəmiyyətli dərəcədə güclənib: “Bu müddət ərzində xarici ticarət dövriyyəsi 4,3 dəfə, ixrac 6 dəfə, o cümlədən, qeyri-neft ixracı 2,6 dəfə artıb”.
Iqtisadçı-ekspert Məhəmməd Talıblı söyləyir ki, Şahin Mustafayev xarici investisiyalarımızın 180 milyard olduğunu bu yaxınlarda bəyan edib. Ekspert üstündən iki aya yaxın vaxt keçəndən sonra ölkənin 20 milyard dollar investisiya əldə etməsini inandırıcı saymır:
“Belə az vaxtda bu qədər vəsait əldə etmək mümkün deyil. Xarici investisiyaların illik toplam həcmi 12-15 milyard dollar arası dəyişir. Bu mənada iki ayda hansı fövqəladə hal nəticəsində belə güclü vəsait yatırılması məntiqə sığmır. Xarici investisiyalar kontraktlara görə stimullaşdırılır. ”Əsrin müqaviləsi"ndən sonra ölkənin cəlbediciliyi artmışdı və iqtisadiyyatın inkişaf etdirilməsi baxımından imkanlar vardı. 15 ildə xarici investisiyaların 75-80 faizi neft sektoruna aid idisə, 5 ildə xarici investisiyalar əhəmiyyətli dərəcədə aşağı düşüb. Inhisarçılıq, korrupsiya, yüksək vergi dərəcələri ölkə iqtisadiyyatında xarici investorların marağına neqativ təsir göstərir. Sosial proqramların maliyyələşməsinə o qədər də vəsait sərf olunmayıb və xarici investisiyaların əhəmiyyətli hissəsi daha çox sənaye-tikinti investisiya xərclərinə yönəldilib. Bu vəsaitlər sosial rifahı şərtləndirməyib. Iqtisadiyyata cəlb olunan investisiyalar əslində, adambaşına düşən gəliri artırmalı, məşğulluğu təmin etməli, xarici ölkələrə axını dayandırmalıydı. Müşahidə etdiyimiz qədər vəziyyət belə deyil və əksinə proses daha da sürətlənib. Xarici investisiyaların ölkə iqtisadiyyatına təsirini bir o qədər əhəmiyyətli və ciddi qəbul etmək olmaz".
Nigar