
Yataqxana
Gözdən əlillərin yataqxanası başqa yataqxanalardan fərqlənmir. Bəlkə də digər yataqxanaların şəraiti burdan daha yaxşıdır. Burda görməyənlərin hərəkətini asanlaşdıracaq xüsusi heç nə yoxdur. Ancaq çətinləşdirən çox şey var.
Yataqxanada 15 otaq var. Hamısı da doludur. Ailəlilər öz ailə üzvləri ilə 16-17 kvadratmetrlik otaqda yaşayır. Subaylar isə həmin ölçülü otaqda 4 nəfərə qalırlar.
“Bu stol bizim üçün hər şeydir”
Nigar Ismayılova ÿgözdən əlillər üçün məktəbdə müəllimədir. Iki uşağı, həyat yoldaşı darısqal otaqların birində yaşayır. Burası onlar üçün həm yataq otağı, həm qonaq otağı, həm uşaq otağıdır. Kiçik stolun ətrafında nahar da edirlər, dərs də hazırlayırlar, paltar da ütüləyirlər:
“Bu stol bizim üçün hər şeydir. Burda yemək yeyirik. Oğlumun dərsi ilə burda məşğul oluram. Ancaq uşağın boyuna uyğun deyil, yazmaq çətin olur. Heç bir güzəşt də yoxdur. Nə böyüyə, nə uşağa. Əvvəllər avtobusdan pulsuz istifadə etmişik, kommunal xidmətlərdə də güzəşt olub, indi yox”.
“Bu stol bizim üçün hər şeydir”.
Hamam növbəsi
Çətinlik təkcə darısqal otaqla bitmir. Mətbəx, hamam, tualet bir dənə olduğundan hamı növbəyə durur:
“Ayaqyolu ümumidir, hamamda hər gün növbə olur. Kim hamama getmək istəyirsə, bir gün əvvəl deməlidir”.
Nigarın bəxti gətirib. Neçə illik növbədən sonra ailəsinə ev veriləcək.
Səbirsizliklə gözlənilən hadisə
Burda otaqların boşalmasını hamı səbirsizliklə gözləyir. Daha çox da ailəlilər. Elə ailələr var ki, boş yer olmadığından ailə üzvləri bir-birindən ayrı yaşayır.ÿTəbriz Cəfərov ÿkimi. Təbriz iki ildir ailə qurub. Yataqxanada ailəlilər üçün boş otaq olmadığından həyat yoldaşı ilə qızı Xaçmazda, özü isə burda subayların otağında qalır:
“Mən uşaqlarla qalıram, yer olmadığı üçün ailəmdən ayrı yaşayıram. Hamı kimi mən də istəyərəm ki, ailəmlə bir yerdə yaşayım. Ancaq buna imkan yoxdur”.
Ailələr 16-17 kvadratmetrlik otaqda yaşayır.
Bizə iş vermirlər
Burda da işsizlik ən böyük qayğılardandır. Iş olmadığı üçün hamı aldığı 230 manat təqaüdün ümidinə qalıb.
Iki övladı olan ÿElmarÿ da işsizdir:
“Rabitəni qurtarmışam. Özüm də işləmək istəyirəm. Müraciət edəndə, deyirlər ”iş yoxdur", bizi işə götürmürlər".
Çiçək Ismayılova ÿda iş olan əvvəlki vaxtları xoş xatirə kimi yada salır:
“Çətindir. Əvvəlki sexlər olaydı, adam işləyərdi. Hamı işə gedirdi, işləyib özünü, ailəsini dolandırırdı. Adamın başı qarışardı. Çox çətindir. Biz də xeyrə-şərə gedirik, dolanmaq gün-gündən çətinləşir”.
Bakıda 142 gözdən əlil mənzil növbəsi gözləyir.
Gözdən əlillər deyir ki, “bizim əsas problemimiz ev və işsizlikdir”. Ona görə də, maddi-mənəvi güzəştlər, onlar üçün olmalı olan, ancaq olmayan xidmətlər, infrastruktur haqqında düşünmürlər.
“Əlillərə ev tikilib, iş də olacaq”
Gözdən Əlillər Cəmiyyətindən verilən məlumata görə, Bakıda görməyənlər üçün kitabxana var. Onlar hər il mənzillə təmin olunur. Məşğulluq, işsizlik, sosial adaptasiya, mənzil problemlərinin həllində əhəmiyyətli layihələr həyata keçirilir. Masaj, kompüter kurslarına cəlb olunurlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirdilər ki, əlillər üçün təklif edilməli olan iş yerlərinin kvotası müəyyən edilib. Gözdən əlillər də daxil olmaqla, bütün əlillər üçün kvotanın artırılması planlaşdırılır. Nərimanov rayonunda gözdən əlillər üçün 12-mərtəbəli 132 mənzili ev tikilib.
Hazırda isə Bakı şəhəri üzrə 142 nəfər gözdən əlil mənzil növbəsi gözləyir.
Azərbaycanda 30 minə yaxın gözdən əlil var.