İndicə Meydan Tv-nin hazırladığı kiçik bir süjetə baxdım.
Abşeron rayonu, Çaylı kənd sakini Arzu Rüstəmova xadimə işlədyi məktəbdə tam ştata keçmək üçün Təhsil Nazirliyinə yazdığı ərizənin nəticəsi olaraq başına gələn hadisələrin sonunda gözünü psixiatrik xəstəxanada açıb.
Çünki elə həmin kəndin məktəbinin direktoru İlahə Murquzova özünü təkçə Caylı kənd məktəbinin direktoru hesab etmir, deyir, Təhsil Nazirliyi, Polis Şöbəsi, xəstəxana, Səhiyyə Nazirliyi, Abşeron rayon İcra Hakimiyyətində də xəlifə mənəm…
Meydan Tv-nin videosüjetində sahə müvəkkilinin köməksiz bir qadını necə əsəbiləşdirib haldan çıxardığını, ona mənəvi terror etdiyini aydın görmək olurdu. Arzu xanımın uşağına geyindirdiyi ayaqqabının, yaşadığı evin halını görəndə bu ölkədə inkişafdan danışan, Avropanın hansısa kimsəyə gərək olmayan idmançılarına pul xərcləyənlərin vicdanının ağrımasını düşünəcək qədər sadəlövh deyiləm. Nə yazıq ki, bu ölkədə kiminsə vicdanına xitab etməklə nəyinsə dəyişəcəyinə olan inamım çoxdan xərclənib.
Aciz və köməksiz bir qadına qarşı birləşən bu qolu zorlu kişilərin kimliyini də dartışmaq niyyətində deyiləm. Olan ortadadır zatən…
Amma mənə maraqlı olan başqa bir cəhət var. Bu süjetdə adı çəkilən məsul şəxslərin yaxını, qohumu, doğmasının başına bir gün belə bir hadisə gəlsə, necə olacaq? Axı bu dünyada hər şey bumeranq effektlidir.
Axı hələ indiyə qədər kimsə arpa əkib buğda bicməyib.
Ya da biz, Azərbaycan xalqı günahkardı? Onları bu aldanışa, “arpa əkib buğda bicəcəyik” inamına soxan elə bizik? Axı illərdir ki, bu iqtidar bu xalqın başına turp əkib hər seçkidə də buğda bicir…
Bəlkə illərdir zülm əkib alqış biçənlərə o münbit şəraiti yaradan bizik?! Susan, qorxan, hər il “gül bayramında” meydana axışan, YAP-ın şəninə təşkil olunmuş konsertlərədə əl qaldırıb süzən xalq…
Xalqdan təhsil nazirliyinə…
Yadımdadır, Mikayıl Cabbarov Təhsil naziri təyin olunanda mətbuatda onun gülümsəyən pozalarını əks etdirən fotolarını verib şəninə təriflər yağdırırdılar ki, savadlı kadrdır, özü də ingilis dilini təmiz bilir. Yaxşı, heç nə demədik savadına, ingilis dilini də bilməsinə… Amma axı bu savadlı kard tabeçiliyində olan məktəblərdə, ümumən təhsildə baş verən eybəcərlikləri özünə necə sığışdırır?!
Özünü qoçu kimi aparan məktəb direktorlarına niyə özünün daxili mədəniyyəti ilə “dur” demir?
Məgər bir ölkənin təhsil sistemini bu hala gətirmək, məhv etmək üçün savad, ingilis dilini bilmək lazım idi?
Demək ki, Novruzəlinin, Həsənin, Hüseynin dili ilə deyil, ingilisin dili ilə nəyisə dağıdanda, məhv edəndə daha səviyyəli, “savadlı” dağıntı və ya xarabalıq ortaya çıxır?
Niyə bu ölkənin təhsilinin “başını ingilis dilində kəsirsiniz”, cənab Cabbarov? Elə “kəsirdinizsə”, öz dilimizdə “kəsin” ki, biz də bir şey anlayaq. Niyə zəhmət çəkib xarici dil öyrənirdiniz?
Sizin başında olduğunuz nazirliyin bu ölkənin gələcəyinə, şagirdlərə oxurdurduğu dərsliklərdən xəbəriniz varmı? Yoxdursa, bir zəhmət açın, tarix, ədəbiyyat, Azərbaycan dili dərsliklərini və ordakı biyabırçılığı görün…
Heç bizi də xoşgörülü fotolarınızla aldatmağa çalışmayın lütfən.
Çünki sizin diliniz elə Novruzəlinin dilidir!
Orta məktəblərdə ortaya çıxardığınız, üz qapaqlarında da millət vəkili Yaqub Mahmudovun redaktoru, müəllifi olduğu yazılan tarix dərsliklərindən xəbriniz varmı? Ölkə tarixini nağıla, dastana çevirib gülünc hala salıb az qala gülüş hədəfinə çevirmək məsuliyyətsizlikdir, yoxsa düşmənçilik?
Bir zəhmət, ingilis dilində oxuduğunuz əsərlərdən, savadlanmaqdan bir macal tapıb başınızı qaldırın, bu bədbəxt Novruzəli, Əli, Vəlinin də balalarının oxuduğu ədəbiyyat, Azərbaycan dili dərsliklərinə göz atın. Nə də olsa, insandırlar, Allah xatirinə, bu savadsız, cahil, nadan “yetim”lərə yazığınız gəlsin…
Unutmayın, bu Novruzəli, Əli , Vəli də qalxanda pis qalxır…
Yəqin ki, siz heç Səməd Vurğundan oxumamısınız, nəyinizə lazım, ingilis dilində, dünya şöhrətli əsərləri oxumaq yerinə Səməd Vurğun kimi bir şairi oxumaq nəyinizə lazım?
Amma bu yazıq Əlinin, Vəlinin şairi yazırdı ki, “bil ki, qullar dünyasının intiqamı yaman olur!”
Son olaraq…
Bu xalqı da nadan, cahil deyib aşağlamayın. Çünki onlar sizin əsərlərinizdir, cənab nazir, məhz sizin…