Hakimiyyət özünü ifşa etdi

Bildiyimiz kimi, iki həftə öncə Milli Şura mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamışdı. Mitinqin may ayının 3-də, saat 15:00-da keçirilməsi nəzərdə tutulurdu.  Lakin meriya, mitinq müraciətinə cavabında, eyni vaxtda, yəni 3 may, saat 15:00-da göstərilən ünvanda (Məhsul stadionunda) başqa bir kütləvi tədbirin keçirilməsi üçün müraciət olunduğunu əsas gətirərək, Milli Şuraya mitinqi bir gün qabağa, mayın 2-nə keçirməyi təklif etmişdi. Əslində bu, Milli Şuraya alternativ təklif yox, faktiki olaraq, ünvanlanan müraciətə rədd cavabı vermək idi. Milli Şura da meriyanın təklifini mitinqin qarşısını almaq cəhdi kimi dəyərləndirərək, nəzərdə tutulan tədbiri təxirə salmaq haqda qərar qəbul etdi. Təbii ki, bu, ilk belə hadisə deyil. Seçki dövrü də Milli Şuraya qarşı bir neçə dəfə analoji təxribat törədilmişdi. Bir sözlə, bunu, hakimiyyətin ən çox yararlandığı ənənəvi mitinq təxribatı saymaq olar. Təbii ki, burada hakimiyyətin əsas niyyəti, mitinqin kütləviliyinə təsir etmək, sonradan bunun üzərində ucuz təbliğat qurmaqdan ibarətdir. Lakin əvvəllər bunun qarşılığında bütün güclərini səfərbər edib “cib müxalifəti”nə mitinq təşkil edirdilərsə, bu dəfə onu da bacarmadılar. Əməkdaşımz meriyanın nəzərdən keçirdiyi “digər kütləvi tədbir”in nədən ibarət olduğunu dəqiqləşdirmək üçün göstərilən vaxtda “Məhsul” stadionunda olub. Özünü stadion işçisi kimi təqdim edən şəxs, mayın 3-nə heç bir kütləvi tədbirin nəzərdə tutulmadığını, istirahət günü olduğundan rəhbərliyin də işə çıxmadığını bildirib. Adının çəkilməsini istəməyən həmin şəxs, üç gün öncə polislərin yalnız şənbə günü burada hansısa tədbirin keçirilməsinin  ehtimal olunduğu haqda məlumat verdiklərini bildirib. Beləcə,  təxminən bir ay sonra  Avropa Oyunlarını qəbul edəcək şəxslərin təfəkkürü, feodal standartlarına da cavab vermədiyinin bir daha şahidi olduq. Təfəkkürün harada ilişib qalması isə təkcə mütərəqqi dünyanın bir parçası olmaq, onun dəyərlərini, idarəçiliyini qəbul etmək üçün deyil, onun oyunlarını keçirmək üçün də şərtdir. Bu fotoları isə meriya üçün təqdim edirik. Zəhmət çəkib, “digər kütləvi tədbirin” hansı fotoda əks olunduğu haqda ictimaiyyətə məlumat versinlər, biz çətinlik çəkirirk.

azadliq.info