Oyunlar zamanı paytaxta yük maşınlarının daxil olması qadağan edildi
Məhəmməd Talıblı: «Əslində burada söhbət qadağadan yox, məhdudlaşmadan getməlidir»
Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib. Müraciətdə deyilir:
“Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə əlaqədar bu il iyun ayının 1-dən 30-dək yarış iştirakçılarının, azarkeşlərin və ölkəmizə gələn çoxsaylı qonaqların təhlükəsiz və sərbəst hərəkətlərinin təşkili ilə əlaqədar paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə müxtəlif təyinatlı yük avtomobillərinin Bakı şəhərinə buraxılmayacağını iş planlarında nəzərə alsınlar.
Ümidvarıq ki, adıçəkilən tədbirin yüksək səviyyədə keçirilməsinin əhəmiyyətini düzgün qiymətləndirərək ölkəsini, xalqını sevən hər bir şəxs müraciətimizə sayğı ilə yanaşacaq, üzərinə düşən vətəndaşlıq borcunu layiqincə yerinə yetirəcək".
Maraqlıdır, Azərbaycan iqtidarı bununla neçənci dəfədir ki, qəbul etdiyi qərar ilə iqtisadiyyata ziyan vurur. Azərbaycanda bayram günləri olan zaman qeyri-iş günlərinin çoxluğu iqtisadiyyata ciddi zərbə vurur.
Bundan başqa, Avropa Oyunları ilə əlaqədar olaraq şadlıq saraylarının da fəaliyyəti məhdudlaşdırılıb. Bəzi iri ticarət şəbəkələrinə xəbərdarlıq edilib. Bütün bunlar isə bir ay müddətində iqtisadiyyata ziyan vuran faktorlardır.
Amma yük maşınları ilə bağlı qadağa daha böyük miqyas ala bilər. Çünki yük maşınlarının şəhərə girişinə qadağa qoyulması tikinti sektoruna zərbə vuracaq. Bu isə işsizlərin sayının artmasına, tikinti şirkətlərinin bir ay çətin və çıxılmaz durumla üzləşməsinə səbəb olacaq.
Iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, əslində burada söhbət qadağadan yox, məhdudlaşmadan getməlidir. Çünki, sivil ölkələrdə “qadağan etmənin özü qadağandır”. Məhz sivil ölkələrdə hər hansı kütləvi tədbirlərə bu fəlsəfə ilə yanaşırlar: “Bu münasibəti indi biz sivil dövlətlərin vətəndaşlarının bizim ölkəmizə gəldiyi zaman tətbiq edirik. Bilirsiz ki, bizim büdcə xərcləri vasitəsilə 7 milyard manatdan artıq investisiya layihələri həyata keçirəcək. Eyni zamanda biznes qurumlarının özlərinin həyata keçirdiyi özəl tikinti işləri var, həm də vətəndaşlarımız özləri üçün yaşayış və bağ evləri tikirlər. Bütün bu istiqamətlərdə işlər dayanacaq”.
M.Talıblının sözlərinə görə, bütün bunlar tikinti üçün münasib dövrdə qadağan olunması təkcə tikinti işlərinin ertələnməsi deyil. Eyni zamanda həmin tikinti sektorunda çalışan işçi heyətinin qazanmaq imkanını itirməsi deməkdir.
Xəyal