Məmurları böyük məbləğdə cərimə gözləyir
Məhəmməd Talıblı: «Bu onun etirafıdır ki, Vergilər Nazirliyi iri vergi ödəyicilərinin vergi öhdəliklərinin icrası ilə bağlı təsirli fəaliyyət göstərə bilmir»
Azərbaycanda təbii inhisar subyektləri cəriməni vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı cərimənin, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyəti olacaq orqan müəyyənləşib.
APA-nın məlumatına görə, I.Əliyevin imzaladığı fərmana əsasən bu səlahiyyət Iqtisadiyyat və Sənaye Nazirliyinə verilib. Fərmanla “Təbii inhisarlar haqqında” qanununa dəyişlik edilib.ÿ
Bu qərarın məcburi qaydada icrası “Icra haqqında” qanuna əsasən icra məmurları tərəfindən həyata keçiriləcək.
Qanuna əsasən indiyə qədər təbii inhisar subyektləri cərimələri qərar qəbul edildikdən sonra 30 gün ərzində dövlət büdcəsinə ödəməli idilər. Təbii inhisar subyektləri cərimələri vaxtında ödəmədikdə və ya qismən ödədikdə hər gecikdirilmiş günə görə ödənilməmiş məbləğin 0,5 faizi miqdarında peniya ödəyiblər. Fərmana əsasən qüvvəyə minən qanuna dəyişikliyə əsasən təbii inhisar subyektləri cərimələri vaxtında ödəmədikdə və ya qismən ödədikdə hər gecikdirilmiş günə görə ödənilməmiş məbləğin 0,5 faizi miqdarında peniya ödəməyəcəklər, əvəzində Iqtisadiyyat və Sənaye Nazirliyi bu cərimələrin məcburi qaydada ödənilməsini təmin edəcək. Bu cərimələrin miqdarı minimum əmək haqqının 600 mislindən 15 min mislinə qədərdir. Bu cərimələr təbii inhisar subyektinin nizamnamə kapitalını təşkil edən bütün səhmlərə düşən səslərin 10%-dən çoxunu əldə edən və onlara məxsus səslərin həcminin bütün hallarda dəyişməsi zamanı şəxs və şəxslər qrupu təbii inhisarları tənzimləyən orqana 15 gün müddətində məlumat verməməsi, təbii inhisarları tənzimləyən orqanlara düzgün olmayan məlumatın verilməsi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qiymətlərin (tariflərin) dəyişdirilməsi, qanunvericiliyə uyğun olaraq təbii inhisarları tənzimləyən orqanların qərarlarının pozulmasına görə tətbiq olunur.
Xatırladaq ki, Azərbaycanda təbii inhisar subyektlərinin fəaliyyət sahələrinə neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli, təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri, elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri, magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri, aeroport xidmətləri, aeroportların, uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, metro nəqliyyatında yolların, tunellərin və stansiyaların istismarı, hərəkəti ÿidarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, su limanı xidmətləri, liman qurğularının istismarı, yükaşırma və hərəkət təhlükəsizliyi fəaliyyəti, ümumi istifadədə olan elektrik və poçt rabitəsi xidmətləri, qəbuledici – verici radio və televiziya stansiyalarının, yüksəktezlikli qurğuların istismarı və nəzarət fəaliyyəti, baş sutəmizləyici qurğular, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların istismarı, kanalizasiya təsərrüfatında aerasiya, mexaniki təmizləmə stansiyaları, nasosxanalar, baş və yağış kollektorları və kanalizasiya xətlərinin istismarı, meliorasiya və irriqasiya sahələrinə aid olan su anbarları, kanallar, kollektorlar, boru kəmərləri və bəndlərin istismarı və istilik təchizatı xidmətləri daxildir. Azərbaycanda bu sahələrdə ümumilikdə 141 təbii inhisar subyekti var.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, qanuna görə, cərimələrin, borclanmaların yığılmasına nəzarət edən qurum kimi indiyə qədər Vergilər Nazirliyi çıxış edirdi. Bundan başqa iri vergi ödəyiciləri ilə bağlı Vergilər Nazirliyində xüsusi iş departamenti fəaliyyət göstərirdi. M.Talıblının sözlərinə görə, həmin departamentin fəaliyyəti hesabına iri vergi ödəyicilərindən həmin vəsaitlər yığılırdı.
M.Talıblının fikrincə, baş verənləri əsasən iki aspektdən qiymətləndirmək olar. M.Talıblının fikrincə, baş verən öncə onun etirafıdır ki, Vergilər Nazirliyi iri vergi ödəyicilərinin vergi öhdəliklərinin icrası ilə bağlı sərt və təsirli fəaliyyət göstərə bilmir: “Ona görə Vergilər Nazirliyi həmin iri vergi ödəyicilərinin büdcəyə 2.4 milyard həcmində olan borcunun qapadılması ilə bağlı addım ata bilmir. Bu Vergilər Nazirliyinin zəif fəaliyyəti kimi dəyərləndirilməlidir. Ikinci məqam ondan ibarətdir ki, əslində bununla hökumət büdcə ilə bağlı bir mesac vermiş olur. Bu mesac ondan ibarətdir ki, büdcəyə neftdən daxil olmalar azalır. Beləliklə büdcə kəsirinin yaranma riskləri ortaya çıxır. Ona görə qeyri-neft sektorundan daxil olmaları artırmaq lazımdır. Burada da əsas mənbələrdən biri də büdcə qarşısında öhdəliklərini yerinə yetirə bilməyən iri dövlət şirkətləridir. Çünki onların büdcəyə ödənməli vəsaitinin qapanmasını sürətləndirmək lazımdır”.
M.Talıblının sözlərinə görə, burada məqsəd yaxın dövr üçün yarana biləcək büdcə kəsirinin qarşısını almaqdır. Çıxış yolu da təbii inhisarçıların vergi öhdəliklərinin qapadılmasıdır. Amma M.Talıblı hesab edir ki, qanunda edilən dəyişikliyin funksional olacağı inandırıcı deyil. Çünki Iqtisadiyyat və Sənaye Nazirliyi ölkədə iqtisadi siyasəti həyata keçirən dövlət qurumu sayılır. Amma bu nazirlik fiskal qurum sayılmır. Bu nazirliyin büdcənin yığım hissəsinin formalaşmasında payı yoxdur. M.Talıblının sözlərinə görə, yeni səlahiyyətlər alan qurum sadəcə olaraq iqtisadi siyasət həyata keçirir. Ona görə Vergilər Nazirliyinin həyata keçirməli olduğu bir işin öhdəsindən Iqtisadiyyat və Sənaye Nazirliyinin necə gələcəyi sual doğurur.
Xəyal