Dünən ADNA-dakı məlum, məşum qətliamdan 6 il keçdi, ayrı-ayrı gənclər təşkilatlarının bu faciəni anmasına yenə imkan verilmədi. Halbuki onlar qətliamın törədildiyi binanın qarşısına olsa-olsa, gül düzəcək, qətliam qurbanlarının xatirəsinə ehtiramlarını bildirəcəkdilər, vəssalam.
Inanın, nə qədər fikirləşirəm, doğru-düzgün bir cavab tapa bilmirəm: baş verdiyi gündən bəri bu faciəyə belə münasibətin səbəbi nədir? Qətliamın üstündən cəmi 10 gün keçmiş təntənəli “Gül bayramı” keçirildi, halbuki təxirə salmaq olar və lazım idi. Hər gün dünyanın harasındasa təyyarə qəzasında, zəlzələdə, lap elə teraktlarda ölənlərə başsağlığı göndərdikləri halda, ADNA faciəsinə bunu da çox gördülər. Matəm elan edilməsi ilə bağlı tələblər qulaqardına vuruldu. Rejim telekanalları sanki heç nə olmamış kimi çal-çağıra davam etdilər. Faciənin ildönümü ilə bağlı aksiyada polis zorakılığı indiki kimi yadımdadır, xeyli insanı həbs etməkdən belə çəkinmədilər.
Nəticə? Dünən bu qanlı olayın 6-cı ildönümü sadəcə, gənc aktivistlərin sayəsində yada düşdü. Sosial şəbəkələrdə hər nə qədər “Unutmadıq! Unutmayacağıq!” yazılsa da, ADNA qətliamı toplumun hafizəsindən sürətlə silinməkdədir. Səbəb – 30 aprelə qarşı rejimin anlaşılmaz dərəcə laqeyd, yad münasibətidir. Bu unutdurma – unutdurulma cəhdlərinin səbəbi doğrudan da, maraq doğurur.
Niyə axı, niyə? Əvvəldə də yazdım, hər nə qədər düşünürəm, ADNA faciəsinə bu cür münasibətə ad qoya bilmirəm, konkret səbəb söyləmək də çox çətindir. Amma artıq hər il daha çox əmin oluram ki, bu faciənin başvermə səbəbini məişət müstəvisində axtarmaq, onu qətliamı törədən Fərda Qədirovun ruhi-psixoloji vəziyyəti ilə bağlamaq getdikcə daha qeyri-ciddi, daha az inandırıcı görünür.
Faciədə əli olduğu deyilənlərin məhkəmə iclaslarını xatırlayıram. Bu məhkəmə iclasları ADNA terrorunun üzərindəki sirr pərdəsini nəinki götürmədi, hətta sualları, müəmmaları daha da artırdı. Təqsirləndirilənlərin istintaqda üzləşdikləri işgəncələr haqqında dəhşətli ifadələri, hətta bu işgəncə izlərini nümayiş etdirmələri indi də gün kimi yadımdadır. Bəli, ADNA terrorunun məhkəməsi ictimai vicdanı rahatlatmadı, əksinə, bu faciənin pərdəarxası ilə bağlı şübhələri xeyli dərinləşdirdi.
Və bütün bunlardan sonra, məncə, demək artıqdır ki, son onilliklərin bir çox qaranlıq cinayətləri kimi, ADNA terrorunun da ən xırda ayrıntısına qədər aydınlığa qovuşması, onun baş verməsinin gerçək səbəblərinin və səbəbkarlarının gün işığına çıxması da artıq gələcəyin işidir: hüquqi-demokratik dövlət və cəmiyyətin qurulacağı bir gələcəyin!
Qayıdaq ADNA terrorunun anılmasına qarşı aqressiv münasibətə. Mən bilmirəm, dünyanın başqa harasında bir terror əyləmi qurbanlarınının anılmasına belə aqressiv, yasaqçı münasibət var.
Başqa vaxt terrordan əziyyət çəkən ölkə olduğumuzu deyirik. Düz də deyirik. Amma bəs niyə terrorun alıb apardığı 12 insanımızın xatirəsinə sayğı göstərilməsinə imkan vermirik? Niyə faciənin ildönümlərini terroru lənətləmək, terrora qarşı tək ürək olmaq fürsətinə çevirmirik? Niyə 30 aprel vəsiləsi ilə hər cür terrorun sadəcə, nifrətə layiq olduğunu göstərmirik, belə insanlıq dışı əyləmlərə 21-ci əsrdə heç bir yer olmadığını bir daha və daha ucadan hayqırmırıq?
Sizcə də, bu suallara 6 ildən bəridir heç bir ağlabatan cavabın verilməməsi, türklər demiş, manidar deyilmi?!