Rejimin sonuncu müttəfiqini necə yenməli?

Nə baş verir? Niyə belə qorxublar? Novruz Məmmədovun bu sözlərindən xəbəriniz var? Bizə elə kütləvi hücum başlayıb ki.. .Bildiklərimizin hamısını sizə desək, heyrətə gələrsiniz. Azərbaycanın hazırda üzləşdiyi beynəlxalq təzyiqin miqyası olduqca genişdir”. Hökumət rəsmisinin bu sözləri isterika deyilsə, bəs nədir?
Vəziyyətləri həqiqətən də yaxşı deyil. Bir tərəfdən özləri hay-küy salıblar ki, bütün Qərb dairələri – ABŞ, Avropa Birliyi, ATƏT, Avropa Şurası, Soros fondu və s. birləşib, bunlara qarşı beynəlxalq layihəyə start veriblər. Azərbaycanda siyasi məhbusların azad edilməsini, demokratik dəyişikliyin olmasını istəyirlər. O biri tərəfdən də kölgəsinə sığındıqları Putin rejimi özünü xalqımızın gözündə tam ifşa etdi. Qondarma erməni soyqırımı məsələsində Putinin ermənilərə açıq dəstəyi, ardınca da Ermənistan prezidentinin və Qarabağdakı erməni işğalçı rejimin başçısının açıq etiraf etməsi ki, onların hərbi gücü Rusiyanın hesabına formalaşıb, Rusiyanın dəstəyi ilə ayaqdadırlar rejimin maskasını tam olaraq cırıb. Məlum olub ki, neçə illərdir Qarabağ, Xocalı, vətənpərvərlik mövzularında manipulyasiya edənlər özləri Ermənistanın patronunun qoltuğuna sığınıblar. Xalq da haqlı olaraq sosial şəbəkələrdə soruşur ki, ən böyük ermənipərəst Rusiyadırsa, siz də onun himayəsinə sığınmısınızsa, bəs siz kimsiniz?

İfllas edən tək xarici siyasətləri deyil ki. Sosial-iqtisadi siyasətləri də tam iflas edib. Neftin qiymətinin cəmi 6 ay ərzində düşməsi “analoqsuz inkişafı” yerlə bir etdi. Mərkəzi Bankın valyuta rezervləri sürətlə tükənir, ixtisarlar, işsizlik artır, qiymətlər bahalaşır. Amma bu da hələ son yox, başlanğıcdır. Manatın növbəti və daha ciddi ucuzlaşması qapının ağzındadır. Ondan sonra sosial problemlərin kəskinləşəcəyi də labüddür.

Bir sözlə, rejim ənənəvi müttəfiqlərini, resurslarını itirərək, yolun sonuna yaxınlaşır. Acgöz soyğunçuluğun, harınlığın, israfçılığın, səriştəsiz idarəetmənin sonu başqa cür ola da bilməzdi. İndi rejimi ayaqda saxlayan onun sonuncu müttəfiqidir. Onun sonuncu müttəfiqi isə bizim içimizdəki qorxu, ətalət və özünəinamsızlıqdır.

Milli Şuranın müxalifət olaraq keçirdiyi razılaşdırılmış mitinqlər əsl fürsətdir ki, rejimi sonuncu dayağından da məhrum edək. Müxalifətin çağırışlarına, təyin edilən mitinqlərə hamılıqla qoşulaq. İndi şikayətlənmək yox, hərəkət etmək zamanıdır! Millət olaraq taleyimiz öz əlimizdədir!