Zümrüd Yağmur
İnsan ruhunun gücü nədir ki, dünyada sənə ən dəyərli olanı belə itirirsən, amma yenə dayanıb dura bilirsən. İçindəki çığırtının səsi qulaqlarını batırırkən, ruhunu didib parçalayarkən, bütün dünyadan küsərkən… yenə də yaşamağa davam etməli olursan.
Ya da bəlkə bu, yaşamaq deyil, yaşamaq kimi davranmaqdır?!
Azərbaycanda bəlkə də yaşamayan, yaşayırmış kimi davranan, ürəyi ağlayıb üzü gülən, içində sönmüş, amma zahirən atəşli görünən, hətta bəlkə ölən, ancaq bu həyata zəncirlənməyə məhkum olan insanlar çoxdur. Acısını içində basdırılanların çığırtısının sükutunu duymaq bəlkə də bu ədalətsiz dünyanın ən böyük dəhşətidir?!
Azərbaycan illərdir bu dəhşətin içində yaşayır. Hər gün günəşin çıxması ilə bu ölkənin üzərinə salınmış ədalətsizlik, haqsızlıq toru sanki daha qabarıq görünür. Günəşin çıxması ilə bu ölkənin insanı yuxudan qalxıb yaşamağa, işlərini görməyə, sevinməyə, yaşamağa, oxumağa tələsmir, əksinə, dərd, problem dalınca zorən səfərə çıxırmış kimi ayaqlarını sürüyə-sürüyə gecə gəlmədən ürəyinə çökmüş zülmətə yürüyür sanki…
Başqa necə ola bilər? Bir ölkədəki, insanlar nahaqdan həbs olunur, şərlənib azadlıqdan məhkum olunur, ədalətsizliklər, harınlıq və rəzalətlər baş alıb gedir, bunu nəinki insan, heç torpağın belə qaldırmağa güçü yetmir.
Tarixən başı bəlalı, yiyə durulmayan bir məmləkət olan Azərbaycana bəlkə təsadüfən “Odlar yurdu” deməmişlər?! Bəlkə bura dinlərin tərif etdiyi cəhənnəmin şöbəsidir, insanlığın bu dünyadakı kiçik qiyamətləri bu ökədə hər gün baş verir.
…Və bu məmləkətin torpaqları belə baş verənlərdən od tutub yanır.
Bəlkə elə buna görə Nərgiz, bu ölkənin mübarizə tarixinin ən incə çiçəyi bu torpaqlarda tutuna bilmədi, bizi, buraları tərk etdi?!
İllərdir sürən, uğruna yüzlərlə can verilən mübarizənin incə çiçəyi, Nərgizimizi itirdik. Nərgiz bu ölkədə şərlə aparılan mübarizənin GÜLÜ idi. Solmamalı idi, amma dediyim kimi, dünya ədalətli deyil, bu dəfə də sərt üzü Nərgizə çevrildi və onu bizdən aldı.
Gənc Nərgizin idealları, arzuları vardı, təkçə öz həyat ilə bağlı yox, həm də Azərbaycanla bağlı… O özü bizi tərk etsə də, yaşamaq istədiyi ölkə haqqındakı arzuları canlıdır, diridir. Nərgizin uğrunda mübarəzə apardığı Azərbaycan hələ də yaralı və xəstə halı ilə ortadadır. O öz ölkəsini qürurlu və böyük, azad görmək istəyirdi. Əminəm ki, Nərgiz burda olsaydı, hələ də aparılan mübarizənin önündə olardı. Mitinqlərə qatılardı, yenə o incə əllərini yuxarı qaldırıb yumruqlarını düyünləyib “azadlıq” qışqırardı. Hətta bəlkə bir çox mitinqlərdə olduğu kimi, sonda qətnaməni də oxuyardı.
Bundan sonra mitinqlərə qatıla bilməyəcək, ancaq Nərgizin ruhu hər zaman meydanlarda olacaq, orda dayanıb əlini yuxarı qaldırmış hər bir gəncin yanından otüb keçəcək, onlara gülümsünüb özünün edə bilməyəcəyini onların qəlbinə pıçıldayacaq.
Nərgizin ölümü niyə hamını bu qədər sarsıtdı? Ona gərə ki, o Tofiq Yaqublunun qızı idi, atası şərlənərək həbsə atılmışdı?! Yox, qoy Tofiq bəy qüsura baxmasın, onun mübarizəsini kiçiltmək istəmirik. Amma Nərgiz özü qazanmışdı bu hörməti… O bu mübarizədə Tofiq Yaqublunun, atasının qızı olmaq sərhədlərini çoxdan aşmışdı. Həm Nigar, həm də Nərgiz bu mübarizənin qoşa inci cicəkləri kimi hər kəs üçün bir dəyərdi.
Nərgiz bir dəyər, mübarizənin çiçəyi idisə, bunda sonra mübarizə aparan hər bir gəncin həm də inad yeri, əzm rəmzi olmalıdır. Bu üzdən də Nərgizin ölümünə yanan, günlərlə sosial şəbəkələrdə onun gülümsəyən şəkillərini paylaşıb acısını yazanlar dayanmamalıdır, gerçəkdən Nərgizimizi, gülümüzün solmasını istəmirlərsə, onun arzuladığı Azərbaycanı yaratmaq üçün həm də onun əvəzinə savaşmalıdırlar. Bir vaxtlar Nərgizin səsi gələn meydanlar boş qalmamalıdır, Nərgizin solmaması üçün aparılan mübarizə onun ruhunu sulamalı, canlı tutmalıdır.
Bundan sonra Nərgizin hər dəfə qorxmadan qatıldığı mitinqlərə gələn hər bir gənc tək gəlməsin. Nərgizin canlı və solmayan ruhunu da özü ilə bərabər gətirsin. Onun o gözəl və gülümsər çöhrəsindəki məsum paklığı, mübarizliyini düyünlənmiş yumruğunda, ruhunda, qəlbində və ümidlərində o meydana daşısın.
Qoy hər bir gənc həm də Nərgiz üçün meydanda olsun. Kim, hansı partiyanın üzvü olmasından asılı olmayaraq, gənclərin əlləri birləşib Nərgiz üçün havaya qalxsın… Qoy bu ölkənin əzmkar gənclərinin yumruqları Nərgizin arzuları üçün düyünlənib bu ölkəni əzənlərin başına ensin.
…Və Nərgizin Azərbaycanın səmasında dolaşan ruhuna azadlıq ümidli bir vəd göndərsin.
“Rahat yat, Nərgiz, sənin arzuladığın Azərbaycan var olcaq, mütləq olacaq!”


