Zakir Qaralovun imtahanı ilə bağlı mübahisə

Prokurorluq işçiləri bunu yersiz addım kimi qiymətləndirir, Baş Prokurorluq isə əksini deyir

 
Bakıda keçiriləcək I Avropa oyunları ilə əlaqədar Baş Prokurorluqda may-iyun aylarında keçirilməsi planlaşdırılan imtahanlar qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Bu barədə məlumatı Istiqlal.az saytı yayıb. Məlumatda deyilir ki, prokurorluq işçiləri bu xəbəri coşqu ilə qarşılayıblar. 
Prokurorlar Zakir Qaralovun imtahanından narazıdırlar
Məsələ burasındadır ki, faktiki heç bir hüquqi nəticəsi olmayan imtahanlara rayon, şəhər prokurorluğunun əməkdaşları cəlb edilirlər. Rayonlardan imtahana gələn prokurorluq işçilərinə yol xərci, Bakıda qalmaq üçün yer ayrılmır. Bəs pul və vaxt itkisindən başqa nəticəsi olmayan bir imtahanın keçirilməsi kimə lazımdır? Prokurorluq işçiləri deyirlər ki, Avropa Oyunları ərəfəsində imtahandan çoxsaylı prokurorluq işçiləri uduzur, amma qazananlar da var… 
Zakir Qaralov 2010-cu ildə daxili əmrlə belə bir imtahanın 2 ildən bir keçirilməsinə göstəriş verib. Əmrin icrası isə Baş Prokurorluğun Elmi Tədris Mərkəzinə (ETM) həvalə olunub. Prokurorluq işçiləri deyirlər ki, ETM-in rəhbəri Nazir Bayramov imtahanları elə bir məzmuna salıb ki, hər kəs bunu əlavə başağrısı hesab edir. 
ETM-də baş tutan imtahanda prokurorluq işçisi suala düzgün cavab versə də, keçməyə bilər. Məsələn verilmiş suala  cavab olaraq “başqa” sözünün əvəzinə “digər” yazsa onu kəsə bilərlər. Nazir Bayramovun imtahanından keçmək istəyən prokurorluq işçisi onunla görüşsə, salamlaşsa, imtahanda problem yaşamaz. 
Baş Prokurorluğun saytında imtahan haqda belə bir qeyd var – prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin “Imtahan” informasiya sistemi vasitəsilə yoxlamasını nəzərdə tutulur. Belədə sual yaranır – bəs hər 5 ildən bir prokurorluq işçiləri üçün attestasiya imtahanları keçirilməsi nəyə gərəkdir? Ölkənin 4 bir tərəfindən minlərlə prokurorluq işçisini Bakıya çağırıb onları imtahana cəlb etmək büdcə pullarını imtahana gəlmək üçün xərclər qrafasına salıb silmək deyil ki? 
Bundan başqa Baş Prokurorluğun saytında qeyd olunur ki, imtahandakı testlərin sualları, onların hazırlanmasında istifadə olunmuş normativ-hüquqi aktların və digər sənədlərin siyahısı, məzmunu Elm-Tədris Mərkəzinin internet səhifəsində (etm-prok.org linki vasitəsi ilə fərdi loqinlə daxil olmaq olar) yerləşdirilib. Burada müvafiq məlumatlarla tanış olmaq, eləcə də test bazasının təkmilləşdirilməsinə dair təkliflər göndərmək mümkündür. Maraqlıdır, niyə suallar açıq şəkildə etm-prok.org saytında yerləşdirilmir? Baş Prokurorluq digər dövlət orqanlarından şəffaf fəaliyyət tələb etdiyi bir vaxtda qurumda keçiriləcək imtahanların suallarını niyə gizlədir?  
Bu məxfiçilik nədən ötrüdür? Bu gizlilik korrupsiyaya yol açmır ki? 
“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış Baş Prokurorluqda keçirilən imtahanların “qanundan kənar” olduğunu bəyan edib. Hüquqşünas məsələni mətbuata şərh edərkən bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 7-ci bəndinə görə, prokurorluq orqanları haqda qanun Milli Məclisdə qəbul olunur: “Yalnız Milli Məclisin belə bir qayda qəbul etmək səlahiyyəti var. Milli Məclisdə də 7 dekabr 1999-cu il tarixli qanun qüvvəyə minib. Həmin qanun da qüvvədədir. Həmin qanunda prokurorluq işçilərinin yalnız attestasiyadan keçirilməsi məsələsi qaydası müəyyən olunub. Ancaq prokurorluq işçilərinin imtahan verməsi məsələsi həmin qanunda təsbit olunmayıb. Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun da elə bir səlahiyyəti yoxdur ki, o, prokurorluq işçilərinin imtahan verilməsi qaydasını müəyyən etsin. Bu, özbaşınalıqdır”.
Görünür Baş Prokurorluqda rəsmi olaraq nəticəsiz imtahanların böyük narazılığa səbəb olmasının fərqindədirlər və imtahanları dondurmaqla müvəqqəti də olsa narazılığa son qoyulmasına qərar veriblər.
 
Baş Prokurorluq iddiaların əsassız olduğunu deyir
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yazıdakı iddialara münasibət bildirib. Eldar Sultanov “Azadlıq”a deyib ki, imtahanın təxirə salınması barədə deyilənlər həqiqəti əks etdirmir: “Prokurorluq işçilərinin peşə biliklərinin elektron test üsulu ilə yoxlanılması məqalədə göstərildiyi kimi təxirə salınmayıb, əksinə cari ilin mart və aprel aylarının 15 günü ərzində uğurla başa çatıb. Bundan başqa prokurorluq işçilərinin həmin tədbirdə iştirakının vaxtı səmərəli müəyyənləşdirildiyindən prokurorluqların normal iş ahəngi ümumiyyətlə pozulmayıb”.
Eldar Sultanov daha sonra bildirib: “Peşə biliklərinin səviyyəsinin müəyyənləşdirilməsi ”prokurorluq işçisinin fəaliyyətinin qiymətləndirilməsi",  daha sonra bu vasitə ilə onun attestasiya olunması üçün tələb edilir. Məqalədə işçinin attestasiya olunmasının təyinatı səhvən “peşə bilkilərinin səviyyəsinin yoxlanması” vasitəsi kimi təqdim edilmişdir, halbuki, həm qanunvericilik, həm də təcrübə işçilərin attestasiyasının tamamilə başqa statusunu təsbit edir. Bilik səviyyəsinin yoxlanmasının bir universal vasitəsi mövcuddur, o da ki imtahandır. Belə yoxlanmanın həyata keçirilməsi isə qanunun tələbidir. Prokurorluq işçilərinin də fəaliyyətinin qiymətləndirilməsi zamanı tətbiq edilən (“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 14-1-ci maddəsi) meyarlar sırasında “peşə biliyi” adlı meyar birincidir.  
Prokurorluq orqanlarında formalaşmış tədris prosesinin təkmilləşdirilməsi yolu ilə səmərəliliyinin yüksəldilməsi və bu istiqamətdə görülən tədbirlərin stimullaşdırıcı əhəmiyyətinin daha da artırılması məqsədilə, prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyələrinin mütəmadi olaraq yoxlanılması prosedurları müəyyənləşdirilməklə bu barədə müvafiq qaydalar işlənilib hazırlanıb.
Belə ki, prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yoxlanması məqsədi ilə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə uyğun olaraq Baş Prokurorluq üzrə müvafiq əmrlə qaydalar təsdiq edilib.
Bu qaydaların məqsədi prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığının səviyyəsini obyektiv meyarlar əsasında müəyyən etmək, prokurorluq orqanlarında davamlı olaraq həyata keçirilən tədris prosesinin səmərəliliyinin yüksəldilməsi və bu istiqamətdə görülən tədbirlərin stimullaşdırıcı əhəmiyyətinin artırılmasını təmin etməkdir.
Qeyd edilən qaydalara müvafiq olaraq prokurorluq işçiləri mütəmadi olaraq Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən həyata keçirilən həmin yoxlamalara cəlb edilirlər. Əsas məqsədi əməkdaşların nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi olan bu yoxlamalarda zəruri tələblərə uyğun bilik nümayiş etdirməyənlərin  Elm-Tədris Mərkəzində təşkil edilmiş ixtisasartırma kurslarına cəlb edilməsi kimi vasitələrdən istifadə olunur. Yoxlamanın nəticələri prokurorluq işçilərinin attestasiyadan keçirilməsi və vəzifədə irəli çəkilməsi məsələlərinin həlli zamanı nəzərə alınır.
Testlərin cavablarının açıq yayılması mövcud qaydalara əsasən həyata keçirilmir. Bu, testin mahiyyətinə və ölkədə formalaşmış mövcud təcrübəyə zidd olardı. Testlərin sual hissəsi isə internet səhifəsinə yerləşdirilir.
Imtahan prosesini idarə edən proqram təminatı sistemin işinə subyektiv müdaxiləni texniki cəhətdən istisna edir. Bu o deməkdir ki, heç kəs nə kimisə “kəsə”, nə də ona artıq qiymət verə bilər. Hər bir imtahan verən işçi müstəqil olaraq öz kodunu proqrama daxil etdikdən sonra imtahan prosesi başlayır, bununla kompyuterlə serverin əlaqəsi tam kəsilir və yalnız imtahan yekunlaşdırıldıqdan sonra bərpa edilir. Bundan sonra növbəti mərhələ – ayrı-ayrı cavabların sistem tərəfindən qiymətləndirilməsi ilə tanışlıq mərhələsi başlayır. Bu, təsirli tədris effektinə malik olmaqla yanaşı, tam şəffaflığı təmin edir.
 
Eldar Sultanov Müzəffər Baxışovu ittiham edir
 
Göründüyü kimi , həm texniki və həm də prosedura baxımından imtahan prosesi obyektivliyi və şəffaflığı tam təmin edir".
Eldar Sultanov Müzəffər Baxışovun da fikirlərinə münasibət bildirib: “Xidməti vəzifəsinin icrası zamanı yol verdiyi kobud qanun pozuntularına görə vaxtilə prokurorluq orqanlarından xaric edilmiş Müzəffər Baxışovun zaman-zaman prokurorluq orqanlarına ünvanladığı ittihamlar tamamilə əsassızdır. Eyni zamanda Müzəffər Baxışova məsləhət görərdim ki, kütləvi informasiya vasitələrinə məsuliyyətsiz açıqlamalar verməzdən əvvəl ən azından qanunvericiliyin müvafiq normaları ilə tanış olsun.
Müzəffər Baxışovun nəzərinə çatdırıram ki, prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yoxlanması məqsədi ilə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə uyğun olaraq Baş Prokurorluq üzrə müvafiq əmrlə qaydalar təsdiq edilib.
Həmin qaydaların məqsədi prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığının səviyyəsini obyektiv meyarlar əsasında müəyyən etmək, prokurorluq orqanlarında davamlı olaraq həyata keçirilən tədris prosesinin səmərəliliyinin yüksəldilməsi və bu istiqamətdə görülən tədbirlərin stimullaşdırıcı əhəmiyyətinin artırılmasını təmin etməkdir. Attestasiya isə işçinin tutduğu vəzifəyə uyğun olub-olmaması, onun imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, peşəkarlığının artırılmasının stimullaşdırılması, hazırlıq səviyyəsinin yüksəldilməsi və ya təkrar hazırlıq keçməsi zəruriliyini, həmçinin vaxtında vəzifəyə irəli çəkilməsi, vəzifədən azad edilməsi, yaxud aşağı vəzifəyə keçirilməsinin müəyyənləşdirilməsi məqsədiylə keçirilir".